"Kristal" qrupu şorgöz kişilərin əlindən bezib

"Kristal" qrupu şorgöz kişilərin əlindən bezib

2 Mart 2012 19:47
Bəyəndim (0) Bəyənmədim (0)
Qrupun ifa etdiyi yeni mahnı şorgöz kişilərə ithaf olunub

Deyirlər, "Gözələ baxmaq savabdır". Bu savab əməl kimə yazılır, gözələ, yoxsa baxana, bilən yoxdur. Ümumiyyətlə, bu fikri kim və hansı şəraitdə səsləndirib, onu da bilmirəm. Təkcə onu bilirəm ki, başqasının yarına baxmaq günahdır. Küçədə, bacada gözəgəlimli qadınlara elə baxırlar ki, elə bil rentgen şüaları ilə daxili orqanlarını müayinə edəcəklər.

Şou biznes nümayəndələri daha baxımlı olduqları və vaxtaşırı kütlə arasına çıxdıqları üçün bu problemlə tez-tez üzləşirlər. Toy məclisində sərxoş kişilərin çoxluq təşkil etdiyini nəzərə alsaq, risk faktoru bir az da artır.

Bu baxımdan qadınlardan ibarət "Kristal" qrupunun yeni "Şorgöz" adlı mahnısını təsadüf saymaq olmaz. Görünür, şorgöz kişilər 4 baxımlı xanımdan ibarət olan qrupun səbir kasasını daşırıb. Məhz buna görə də sözləri Leyliyə, musiqisi Nadirə aid qəribə məzmunlu mahnı meydana gəlib.

Qrupun rəhbəri Mədinə Məlik məsələyə bu cür aydınlıq gətirib: ""Şorgöz" mahnısı kişilərə aiddir. Əsas da kişilərin əlindən bezən xanımlara həsr olunur. Qoy kişilər eşitsin, xanımların çox ürəyincə deyil onların şorgözlükləri. Bizim xanımlarımız çox əziyyət çəkir. Məsələn, işə düzələndə, yolla gedəndə, səhnədə qızlarımız mahnı oxuyanda dəfələrlə bu halla rastlaşırlar. Bizim qızlar belə şorgöz kişiləri görəndə oxumaq belə istəmirlər. İnanın, şorgöz kişilər çoxdur, onların çox iyrənc baxışları olur, çünki səmimi olmurlar. Xanımlarımız daim belə problemlə rastlaşırlar. "Kristal" qrupu olaraq istərdik ki, bu mahnıdan sonra şorgöz kişilərin sayı azalsın. Leyli xanıma müraciət edəndə də mən istədim ki, yeni mahnı şorgözlərdən olsun. Çox sağ olsun, super sözlər yazdı, mahnı ürəyimcədir".

"Kristal" qrupu şorgöz kişilərin onsuz da şor olan gözlərinə bir az da duz töküb tamamilə kristallaşdırdı. Çox güman ki, indən belə həmin kişilər gözlərini aça bilməyəcəklər. Gözünüz açıq olun, kişilər!

Şəlalə Nəriman

O.M.