"Xalq ulduzu" Tural Salmanov xalqı aldatdı

"Xalq ulduzu" Tural Salmanov xalqı aldatdı

1 Mart 2012 20:15
Bəyəndim (0) Bəyənmədim (0)
Sən demə, subay olduğunu deyən müğənni bir qızla nişanlı, başqa birisi ilə evli olub

Ulduz göylərdə parıldayan əlçatmaz varlığa deyilir. O qədər saf, o qədər parlaq olur ki, qaranlıq gecədə insanın yoluna nur saçır. Ulduz yalnız səma aydın, buludsuz olanda görünür.

Qəribədir ki, artıq yerdə də ulduzlar peyda olmağa başlayıb. Lakin göydəki adaşlarından fərqli olaraq, onları parlaq, əlçatmaz və nurlu adlandırmaq olmur. Bəlkə ona görə ki, onlar bu adı şou-biznes aləmində alırlar. O, şou biznesdəki artistlik etməklə pul qazanırsan.

"Xalq ulduzu" yarışmasının qalibi Tural Salmanov bu yaxınlarda ATV-nin səhər verilişlərinin birinin qonağı olarkən hələ ailə qurmadığını, bir qızı sevdiyini deyib. Verilən "həyatda sevgin olubmu" sualına cavab bu cür səslənib: "sevgim var idi, daşa dəydi". Daha sonra Günay xanımın "sevgi göstərərdin, hörmət qazanardın" replikasını müğənni özünəməxsus ironiya ilə cavablandırıb: "bəlkə sevgimi üç ildən sonra bildirəcəkdim".

Bu səhnə ilk baxışdan sadə bir dialoqu xatırladır. Adama elə gəlir ki, həyatda sevgisini tapmamış gənc bir müğənni saf məhəbbət axtarışındadır. Bu, ancaq ilk baxışdan belədir. Ən azı ona görə ki, efirdə iri planda göstərilən zaman həyəcanlı mimikasını soyuqqanlılıq pərdəsi altında gizlətməyə çalışan Tural Salmanov çox zaman buna nail ola bilmirdi. Bir növ narahat görünürdü və elə bil bu tip suallardan yaxa qurtarmağa çalışırdı. Bir sözlə, onun dəyişkən sifət ifadəsi səmimi olmadığından xəbər verirdi. Bu, bir jurnalist kimi bizim gözümüzdən yayınmadı. Həm də ona görə ki, müğənninin barmağında nişan üzüyü var idi. Araşdırma aparmaq qərarına gəldik. Məlum oldu ki, "Xalq ulduzu" bir müddət əvvəl nişanlı, daha sonra başqa bir qızla evli olub.

Adının açıqlanmasını istəməyən etibarlı mənbənin verdiyi məlumata görə, Tural 2011-ci ildə rəsmi qaydada sayılıb-seçilən bir ailənin qızı ilə nikaha girib və şadlıq saraylarının birində təntənəli şəkildə toyu olub. Daha doğrusu, qız toyu "Su Sonasın"da, oğlan toyu "Gilavar"da baş tutub. Hər iki toydan yığılan pulla maşınının kredit borcunu bağlayıb.

Elə ilk həftələrdən başlayaraq ailədə münaqişə şəraiti hökm sürüb, Tural həyat yoldaşına qarşı həm aqressiv, həm də etinasız münasibət göstərməyə başlayıb. Həmin ilin 18 oktyabr günü həyat yoldaşı hamilə vəziyyətdə ata evinə getmək məcburiyyətində qalıb. Daha doğrusu, səhhətində yaranmış problemlərlə əlaqədar bir müddət anasının yanında qalmalı olub. Vəziyyəti bir qədər stabilləşdikdən sonra Turalgilə zəng vurub ki, gəlib onu aparsınlar. Etibarlı mənbənin verdiyi məlumatda bildirilir ki, Turalın ailə üzvləri gəlinə doğuş gününə qədər ata evində qalmasını məsləhət görüblər. Bu xəbərdən sarsılan 21 yaşlı gəlinin halı daha da pisləşməyə başlayıb. O, bir müddət sonra Turalın özü ilə əlaqə saxlayıb və bildirib ki, hamiləlik vaxtından əvvəl pozula bilər. Bu zaman Tural həyat yoldaşına sərt şəkildə cavab verib: "Mənə maraqlı deyil, nə istəyirsən, elə". Aldığı cavabdan sarsılan gəlin bətnindəki körpəni itirib. Bütün bu xoşagəlməz hadisələrdən sonra gəlin evliliyin davam etdirilməsinin qeyri-mümkün olduğunu anlayıb və boşanmaq barədə məhkəməyə rəsmi müraciət edib. Həmin ilin 25 dekabr günü məhkəmənin qərarı ilə gənc ailənin nikahı rəsmi qaydada pozulub. Artıq gəlin bu insanın adını belə eşitmək istəmir.

Etibarlı mənbənin məlumatında o da qeyd olunur ki, veriliş efirə gedən zaman gəlinin qohumları canlı efirə qoşularaq onun yalanlarını faş etmək istəyiblər. Lakin müəyyən texniki və ya digər səbəblərdən bu, mümkün olmayıb. Ümumiyyətlə, Tural Salmanov həmin verilişdə bəylik kostyumunda və ona qız evi tərəfindən hədiyyə edilmiş qızıl saatda, üzükdə çıxış edib.

Faktla bağlı gəlinin ailəsi ilə əlaqə saxlamaq istədik. Lakin qarşı tərəf bu barədə danışmaq belə istəmədiyini bildirdi.

Ulduz göylərdə olur. Xalqın ulduzu adını daşıyan bir şəxs təkcə sənəti ilə deyil, həmçinin səmimiyyəti, dürüstlüyü ilə daim zirvələrdə olmalıdır. Yoxsa səmada sönən ulduzların aqibəti onu da haqlaya bilər...

Şəlalə Nəriman

O.M.