"Bir az sağ qolumda problem var, inşallah, o da keçər"

"Bir az sağ qolumda problem var, inşallah, o da keçər"

25 Fevral 2012 19:54
Bəyəndim (0) Bəyənmədim (0)
Hərdən yanıldığını deyən müğənni təkliyi çox sevdiyini etiraf etdi

Şou biznesdə, elə həyatda da "yola vermək" deyilən bir məfhum var. Başqa sözlə desək, ciddiyətə almamaq. Məsələn, əhəmiyyət vermədən hansısa bir işi görürsən, ad olsun ki, vaxtında gördün. Və ya kiminləsə ağızucu görüşüb sağollaşırsan, təki o adama xoş olsun. Etika naminə yalandan gülümsəyirsən. Hərdən də olur ki, kiminsə bayağı bir fikri ilə razılaşmadığın halda razılıq əlaməti olaraq başını yelləyirsən. Bir sözlə, yola verirsən. Əslində, bu, ətrafdakı insanlara qarşı hörmətsizlikdir. Düzü, gündəlik həyatda, həmçinin şou biznesdə belələri ilə çox qarşılaşırıq və bu hal hər kəs üçün adiləşməyə başlayıb. Lakin elə müğənnilər var ki, bu cür riyakarlıqla razılaşmaq istəmir. "Azərbaycan xalqında bir xüsusiyyət var, hamını yola verə bilirlər. Mən heç vaxt heç kimi yola verə bilmirəm. Məni isə kimsə yola verəndə çox əsəbiləşirəm". Bu sözlərin müəllifi romantik müğənni Elxan Şirinovdur. O, "yola vermək" məsələsini bəyənməsə də, Avropa radiosunun canlı efirində bir məqamı etiraf etməli oldu: "Elə olub ki, mahnını sifarişlə ifa etmişəm, həmin şəxs üçün oxuyub getmişəm studiyadan, heç mahnıdan da xəbərim olmayıb."

Avropa radiosunda çıxışı zamanı müğənni bir çox mətləblərə toxundu. İndiki şou biznesi və oradakı "yola vermə" hallarını tənqid etdi: "İndiki zamanda müğənni olmaq asandır. Çoxları fonoqram oxuyur, mən isə on altı saat durmadan canlı ifa edirəm. Bu, bilirsiniz nə deməkdir? Məsələn, mənim iki saat yarım konsertim olanda aparıcı istəmədim, çünki əsas mahnı oxumaq lazımdır, özüm idarə edə bilirəm də, aparıcı lazım deyil. Alman dilində bir söz var: "dinləmək lazımdır". Özümün yüz iyirmi yeddi mahnım var. Xoşum gələnlərə yenidən qulaq asıb arxivimə qoyuram, hər gün də qulaq asıram. Mahnını ifa edəndə də əsas sözlərə önəm verirəm. Hansı şairin sözlərinə müraciət edirəmsə, artıq o, mənim ruhuma yaxın olan sözləri bilir ki, necə yazsın. Şou-biznesdə elə qanun var ki, istədin-istəmədin hər yerə tələsməlisən. Əvvəl işlərimi tələsik görürdüm, indi isə təmkinlə görürəm".

Səhnələrdə uzun müddət görünməməyinə səhhətindəki problemləri əsas gətirən E.Şirinov onu kədərləndirən anlara da toxundu: "Ürəyim istəyəndə lazımı qədər efirə çıxıram. Düzdür, fasilə götürdüm, o da səhhətimlə bağlı idi. Bilirsiniz ki, mən Moskva şəhərində neyroçərrahiyyə xəstəxanasında beyin əməliyyatı keçirtmişəm. Hansısa damar artıq idi, çıxarılıb götürüldü. Şükür Allaha, yaxşıyam, bir az sağ qolumda problem var, inşallah, o da keçər".

Çıxışı zamanı müğənni hərdən hisslərinə qapılır, hərdən isə daxili fəlsəfəsinin diktəsi ilə danışırdı: "Hər anın öz hökmü var, hökm ilə yaşayan yarada bilər. Anım hökmü ilə yaşayan insanlara ölüm qorxulu deyil. Allahdan başqa heç kimə inanmıram, bir dənə daxilimdə ikinci mənə inanıram. Olur ki, hərdən yanılıram".

Daha çox təkliyi sevdiyini, bu zaman kitab oxuduğunu etiraf edən populyar müğənni insanlığa önəm verdiyini vurğulamağı da unutmadı: "İnternetə yalnız

məlumat toplamaq üçün girirəm, heç bir profilim yoxdur. Əgər ətrafımda gözəl insanlar varsa, ehtiyac yoxdur ki, mən orda olum. Hədiyyə verməyi çox xoşlayıram, əsas da odekolon hədiyyə etməyi".

Düzü, mən də bu yazını "yola vermək" naminə qələmə almadım. Ən azı ona görə ki, Elxan Şirinovun həzin musiqilərinin sədaları altında böyümüşəm...

Şəlalə Nəriman

O.M.