"Mən istərdim ki, bizdə çörəyin qiyməti yüz manat olsun"

"Mən istərdim ki, bizdə çörəyin qiyməti yüz manat olsun"

23 Fevral 2012 12:36
Bəyəndim (0) Bəyənmədim (0)
1969-cu ildə Qazax rayonunda anadan olan Vasif Məhərrəmli şəxsiyyət vəsiqəsində 1970-ci il yazıldığını bildirib

Şou biznes aləmində hərənin öz ifası olduğu kimi, hər kəsin müxtəlif dünya görüşü var. Kimi toy qiymətlərinin sürətlə aşağı düşməsindən gileylənir, kimi fəxri ad almamasından, bir başqaları isə ümumiyyətlə hər şeydən. Nə qədər qəribə səslənsə də, ucuzluqdan şikayətlənən də var. Məsələn, populyar müğənni Vasif Məhərrəmli ərzaq bazarındakı qiymətlərin azlığından narazıdır. "O dövr gedib, 21-ci əsrdir. İsti ölkələrdən bütün meyvələr gətirilir, ərzaqlar var. Məsələn, alçanın kilosu dörd yüz manatdır.

Baxırsan ki, çoxları alıb yeyir. Demək, ölkəmiz buna hazırdır. Çoxları məni qınayacaqlar,ancaq mən istərdim ki, bizdə çörəyin qiyməti yüz manat olsun".

Bu fikri müğənni Avropa radiosunun canlı yayımında səsləndirib. Daha sonra V.Məhərrəmli indiyədək heç bir müğənni ilə duet oxumamağının səbəbinə aydınlıq gətirib: "İndiyə kimi yeganə duetim kök altında verilişinin aparıcısı Aytən xanımla olub. Heç kimlə ifa etməmişəm, sadəcə dəyərləndirməmişəm. Çünki mən çox qürurlu adamam. 11 ildən çoxdur sənətdəyəm, tanınmayanda heç vaxt fikirləşməmişəm ki, hansısa populyar bir insanla mahnı ifa edim. Biz çətinliklə gəlmişik, amma indi tanınmaq asandır".

Vasif Məhərrəmli klip bazarı haqda danışarkən şounun bu növ biznesinin tənəzzülə uğradığını bildirib: "Klip bazarı ölüb. Vaxt var idi, hamı oturub klipin vaxtını gözləyirdi, indi isə maraq qalmayıb".

Müğənni çıxışı zamanı xalq inancları məsələsinə toxunmağı da unutmayıb. İnsanları sadəlövh adlandıran V.Məhərrəmli bir çox inanclara tənqidi yanaşaraq deyib: "May ayında toy olmur, bu erməni təbliğatıdır. Çox danışmaq istəmirəm. Biz sadəlövh insanlarıq. Məsələn, qabağından pişik keçdi, iki dəfə asqırdın, ayaqlarını belə qoyma, inəyim ölər, əli əlin üstünə qoyma, bu şeylər ancaq bizdədir."

Onu da qeyd edək ki, 1969-cu ildə Qazax rayonunda anadan olan Vasif Məhərrəmli şəxsiyyət vəsiqəsində 1970-ci il yazıldığını bildirib.

Şou biznesdə şou göstərmək biznesə təkan verir, yəni artistin maddi vəziyyəti yaxşılaşır. Amma bir şeyi unutmaq olmaz ki, çörəyin qiyməti 100 manata qalxsa, şou-biznes kəlləmayallaq olacaq, yəni biznes şouya çevriləcək. Onda artistlərin də qışqırıq səsi bir neçə oktava yüksələcək...

Şəlalə Nəriman

O.M