Nüşabə Ələsgərli həmkarlarını bir-bir tənqid etdi

Nüşabə Ələsgərli həmkarlarını bir-bir tənqid etdi

20 Fevral 2012 15:09
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənni Azərbaycanda prodüser olmadığını da bildirdi

"Müğənnilər hər kəsi prodüser adlandırır. Prodüser bütün işlərin əziyyətini çəkib halva kimi bişirib verməlidir müğənniyə ki, yeyib udsun. Onu da eləyən insan yoxdur bizdə". Bu sözlər populyar müğənni Nüşabə Ələsgərliyə aiddir. O, Azərbaycan şou-biznesində heç kimi prodüser kimi qəbul etmədiyini bildirir. Hətta sinəsinə döyən prodüserlərin də sadə bir köməkçi olduğunu deməkdən çəkinmir.

Avropa radiosunun canlı efirində çıxış edən Nüşabə Ələsgərli şou biznes nümayəndələrini xeyli tənqid etdi. Hətta çoxlarını savadsızlıqda günahlandırdı: "İndi müğənni olmaq su içməkdir, çünki ali məktəb haqda fikirləşmirlər. Xaric oxuyanda da kompüterlə düzəldirlər. Bütün gənclərə kömək oluram, hansı gənc minus istəsə, verirəm. Amma mahnını səhv oxuyanda hirslənirəm. Mən şou biznes nümayəndələrinin imtahanında münsif olsaydım, çoxlarını kəsərdim. Müğənni Kərimə 3, Elarizə 4, Rüfət Axundova 4, Əbdül Xaliqə 4, Xatirəyə 5, Sevinc Musayevaya 4, Rahidə Baxışovaya 4 qiymətini verərdim". Toy bazarındakı rəqiblərinin sənətini təhlil edən N.Ələsgərli daha sonra toy məsələsinə toxundu: "Məsləhət olmayan məclislərə getmirəm, pul çox olsa da. Mənə ən çox palatka toyu ləzzət edir. Toy var ki, adama ləzzət edir. Toy var ki, emosional olur, bilmirsən nə oxuyasan. Toy da var ki, insana ruh verir, ürəkdən gələn mahnıları ifa edirsən. Bir də görürsən ki, toyda Azərbaycan himnini istəyirlər. Mən oxumağımla bütün nəslə bəs edirəm. Nüşabə nəslimizdə bir dənədir, məndən başqa oxuyan yoxdur."

Olduqca iddialı görünən Nüşabə Ələsgərli Azərbaycanda repin ilk ifaçısı olduğunu da deməyi unutmadı: "Azərbaycanda ilk dəfə repi mən oxumuşam. Anar Nağılbazla birlikdə "Çiçək və Tikan" repini ifa etmişəm".

Çıxışının sonunda müğənni internetdə şahmat oynamağı çox sevdiyini və hobbisinin saqqız kağızı toplamaq olduğunu bildirdi.

Ataların belə bir məsəli var: "Qonaq qonağı sevməz, ev yiyəsi heç birini". Şou biznes nümayəndələri evlərimizin çağırılmamış qonağı olduğundan bu məsəli çəkdim.

Şəlalə Nəriman

O.M.