"Faiq Ağayevə görə efirlərdə mənə qadağa qoydular!"

"Faiq Ağayevə görə efirlərdə mənə qadağa qoydular!"

16 Fevral 2012 16:05
Bəyəndim (0) Bəyənmədim (0)
QALMAQAL:"Müğənnilərin kilosu neçəyədir?"

Barəsində dedi-qoduların sayı-hesabı olmayan, səhnədə və sənətdə birmənalı qarşılanmayan Elxan Qaraxanoğlu şou biznes aləmindən xeyli gileylidir. Üzünə səhnələrin və efirlərin bağlı olduğunu dedikcə yaman kövrəlir. Bununla belə, mübarizədən çəkinməyəcəyini bildirir: "20 ildir oxuyuram. Mən çox səmimi insanam, kimsə mənə bir addım atarsa, mən ona qarşı 10 adım ataram. Ürəyim doludur. Sənətdə mənə qarşı çox laqeydlik olur, yollarımı kəsirlər. Hər şeyi açıb tökəcəm. Bu gün hər şeyi öz-özümə fikirləşirəm, niyə yoxam axı səhnələrdə, efirlərdə? Bir dənə Space radiosu mənə çox böyük şərait yaradır. Bir dəfə İctimai kanalda aparıcı Hüsniyə mənə dedi ki sən bizim kriteriyalara uyğun deyilsən. Qaldım belə. Mən adam öldürməmişəm, niyə belə edilər, bilmirəm. Bir də görürsən ki, zəng edirlər. Deyirlər, filan verilişə gəlin, pulu demək istəyəndə deyirəm ki, müğənnilərin kilosu neçəyədir? İctimai kanal elə bir insanları çıxardır ki, məəttəl qalırsan. Nə oldu, onlar sizin formata uyğundur, mən yox?"

Bu sözləri Avropa radiosunun canlı efirində müğənni Elxan Qaraxanoğlu söylədi. O, çıxışı zamanı emosiyalara qapılaraq bir çox tanınmış simanın, əsasən də xalq artisti Faiq Ağayevin bostanına daş atdı: "Mənim qarşımı heç kim kəsə bilməz, bilsinlər. Axan suyun qarşısını kəsmək olmaz. Bilirəm ki, mənim qarşımı kəsən, fanatlarına mənim köynəyimi cırdıran Faiq Ağayevdir. Bu insana görə efirlərdə mənə qadağa qoydular. Bəs deyil bu qədər? Başına hadisə gəldi, nəticə çıxarmadı. Əgər mən kiminsə pisliyini istəyirəmsə, Tanrı bəlamı versin. Mənim pisliyimi istəyənlərin Tanrı həmişə bəlasını verir. Məni istəməyənlər, mənim göz yaşımı görməyəcəksiniz. Nahaq şər atırlar mənə. Faiqin öyrətdiyi qız gəldi, hər şeyi etiraf etdi. Allahdan qorx, Faiq".

Çıxışının sonunda E.Qaraxanoğlu onu "rəngli" müğənni adlandıranlara səsləndi: "Bir Allahdan başqa heç kimdən qorxmuram. Hamı bilir qızılı çox sevirəm. Əvvəl çox taxırdım, nişanlanandan sonra tək nişan üzüyünü taxıram. Mənim barəmdə dedi-qodu çıxaranlar o dünyada cavab verəcəklər. Mən əsl kişiyəm".

Şou-biznes rəngli tabloya bənzəyir. Bəzən abstrakt janrında çəkildiyindən müğənninin nə demək istədiyini başa düşmək olmur. Bəziləri natürmort formasında xiyar, badımcan və ya pomidoru xatırladır. Hərdən də elə olur ki, natura rəsmində kimlərisə çılpaq görə bilirsən. Bir sözlə, hər müğənninin öz rəngi, öz janrı var. Əsas odur ki, tamaşaçı daltonik olmasın...

Şəlalə Nəriman

O.M.