Aygünün ad gününə rəfiqəsi Brilliant gəlməyəcək

Aygünün ad gününə rəfiqəsi Brilliant gəlməyəcək

29 Yanvar 2012 12:58
Bəyəndim (0) Bəyənmədim (0)
Məclisə A. Kazımovadan incik olan Elza Seyidcahanla Xumar Qədimova da təşrif buyurmayacaq

Dörd gün öncə doğum günü tamam olan xalq artisti Aygün Kazımova bu gün həmin mərasimi dostlarının əhatəsində qeyd edəcək. Avropa radiosunun verdiyi məlumata görə, xalq artisti Aygün Kazımova 41-ci doğum gününü yanvarın 29-u saat 18:00-da Bakının elitar restoranlarının birində yaxın dostlarıyla birlikdə qeyd edəcək. Qonaqların əhatəsində yüksək təmtəraqla qeyd olunacaq mərasimdə müğənninin yaxın dostları - xalq artistləri Zülfiyyə Xanbabayeva, Faiq Ağayev, əməkdar artistlər Ədalət Şükürov, Abbas Bağırov və Tünzalə Ağayeva, müğənnilər Röya, Elnur, Zamiq və s. populyar ulduzlar iştirak edəcəklər.

"Opera Lounge" restoranında keçiriləcək partiyə bir çox yazılı və elektron kütləvi informasiya vasitələri də dəvətlidirlər.

Avropa radiosunun məlumatında bildirilir ki, illərdir rəfiqəlik etdiyi xalq artisti Brilliant Dadaşova həmkarının ziyafətində iştirak etməyəcək. Belə ki, xalq artistləri arasında soyuq münasibətlərin yaranmasına səbəb A.Kazımovanın Rus Dram Teatrının aktyoru Rüfət Nəzərovun təqdimatında Space TV-də yayımlanan "Yalan-doğru" verilişində xalq artisti Faiq Ağayevlə bağlı suala verdiyi cavab olub. Daha dəqiq desək, A.Kazımova ona ünvanlanan "illərdir F.Ağayeva qarşı yaranmış "Zülfiyyə-Aygün-Brilliant" qruplaşmanın rəhbəri kim olub" sualına müğənninin səmimi şəkildə "Brilliant Dadaşova" deməsi olub.

Veriliş bitən kimi gecəyarısı Facebook sosial şəbəkəsində yazdığı statusla çoxlarını şoka salan Faiq Ağayevin məsələyə münasibəti isə gecikməyib.

"Səbirli ol, Allah mütləq agah edəcək! Əmin idim ki, nə vaxtsa bu məsələnin üstü açılacaq. Bildiyimi xalq da öyrənəcək. Space-də yayımlanan "Yalan-doğru" verilişində Aygün etiraf etdi ki, mənə qarşı olan Brilliant-Zulya-Aygün üçlüyünün rəhbəri Dadaşova idi... Bravo, Aygün Kazımova! Ürəyimdə sənin yerin ayrıdır..." - şəklində Faiq Ağayev fikirlərini qeyd etdi.

A.Kazımova isə açıqlamasında bu söhbətin şişirdilməsində maraqlı olmadığını, proqramda səsləndirdiyi fikirlərə görə peşmançılıq keçirmədiyini söylədi.

"Verilişin formatı insanın keçirdiyi hisslər üzərində qurulub. Aparıcı sual verir, psixoloq Elmir Əkbər isə doğru və yalan dediyim açıqlamaları ürək döyüntülərimi əks etdirən noutbuk vasitəsi ilə izləyirdi. Yəni yalan danışsaydım, tamaşaçıları aldatmış olacaqdım. Oradakı suallara təkrar şərh vermək niyyətində də deyiləm. Dediyim sözlərin uzun-uzadı müzakirə mövzusuna çevrilməsini istəmirəm", - deyə A.Kazımova açıqlama verdi.

Faiq Ağayevin sosial şəbəkədə status yazdığını öyrəndikdən sonra isə Aygün xanım bu barədə qəti danışmamağa üstünlük verdi.

Bundan başqa, xalq artistinin doğum günündə, son günlər aralarında gərginliklərin yaşandığı Elza Seyidcahan və Xumar Qədimovanın da iştirak etməyəcəyi bildirilir.

"Dəvə oynayanda qar yağar" deyib atalarımız. Bir neçə gündür qar yağır...

Könül Aypara

O.M.