""Dövlət Mahnı və Rəqs Ansamblı"na quruluş vermişəm"

""Dövlət Mahnı və Rəqs Ansamblı"na quruluş vermişəm"

24 Yanvar 2012 12:48
Bəyəndim (0) Bəyənmədim (0)
"Kim deyirsə Hind rəqsini oynamaq üçün dili bilmək vacib deyil, o, tamaşaçını aldadır"

Rəqs bədənin musiqi ahənginə uyğun hərəkətidir. Müsahibə isə nitqin düşüncəyə uyğun hərəkətidir. Hind rəqsi melanxolik olduğu kimi Hind rəqsinin ifaçısı ilə müsahibə də həzin və düşündürücü olur.

Bugünkü müsahibim Hind rəqslərinin özünəməxsus ifaçısı rəqqasə Solmaz Əsgərovadır.

Solmaz Əsgərova Şuşa şəhərində anadan olub. N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. 3 il Dövlət Dəmiryolu liseyində dərs deyib. 1996-cı ildən rəqqasə kimi professional səhnədədir.

- Nə əcəb sənətinizi dəyişmək qərarına gəldiniz?

- Uşaqlıqdan rəqslə məşğul oluram. Filologiya üzrə ali təhsil aldığım illərdə belə rəqs məni özünə çəkirdi. Gördüm ki, mümkün deyil, mən rəqqasəliklə xalqıma daha çox töhfələr vermiş olaram, sənətimi dəyişdim.

- İlk sənət müəlliminiz kim olub?

- Səttarxan adına zavodun Mədəniyyət Evində tanınmış rəqqas Əlikram Aslanovdan dərs almışam, rəqslərin sirlərinə yiyələnmişəm. O, mənə milli rəqslərimizi öyrədib.

- Bəs Hind rəqslərini necə öyrəndiniz?

- Hindistan səfirliyinə müraciət etdim. Onlar məni kitab və lazımi rəqs diskləri ilə təmin etdilər və müntəzəm məşqlər etdim. Eyni zamanda Hind dilini öyrəndim. Hind dilini bilmədən, dilin daxilinə varmadan Hind rəqsini oynamaq mümkün deyil. Kim deyirsə Hind rəqsini oynamaq üçün dili bilmək vacib deyil, o, tamaşaçını aldadır.

- Rəqqas İlham da Hind rəqslərini ifa edir. O, sizin müəlliminiz sayıla bilər?

- Xeyir. O, mənə heç nəyi öyrətməyib və mənim müəllimim olmayıb. Mən özüm Hind rəqslərini öyrənmişəm. İlhamı mən bir pedaqoq kimi də qəbul etmirəm. Onun savad səviyyəsi buna imkan vermir. O özü öyrənməlidir, o ki qaldı məni öyrətsin. Bu gün mənim özümün onlarla tələbəm var. Mən sadəcə efirə can atan rəqqasələrdən deyiləm. "Dövlət Mahnı və Rəqs Ansamblı"-na bir Hind rəqsi üçün quruluş vermişəm. Xalq artisti Təranə Muradova və cənab Mədəniyyət Nazirimiz Ə.Qarayev mənim quruluşumu bəyənib. Bu, mənim professionallığımın sübutu deyilmi? Bəli, mən professional rəqqasəyəm. Hər kəslə də Hind rəqsində sağlam rəqabətə və duelə hazıram, çünki özümə, sənətimə əminəm. Hal-hazırda "Zəka" Elm İstehsalat Cəmiyyətində fəaliyyət göstərən rəqs dərnəyində gənc rəqqas və rəqqasələr yetişdirirəm. Klassik Hind rəqslərində hər kəsin qabağına çıxıb öz sözümü demək qüdrətinə malikəm. Bu qədər. Heç kəs mənəm-mənəm deməsin və kimlərisə öz tələbələri saymasın. Deməli, bütün Hind rəqsləri oynayanlar İlhamın tələbələridir? Bu absurd və yanlışdır. Şəxsən mən onun tələbəsi deyiləm!

Solmaz xanım məşqə tələsdiyindən söhbətimizə burada son qoymalı oldum. O məşqə mən isə redaksiyaya dönməli idim. Onu tələbələri, məni isə oxucular gözləyirdi.

Alim Nəbioğlu

O.M.