VIDEO-Bakılı Lama İsveçrəni təmsil etmək istəmədi

VIDEO-Bakılı Lama İsveçrəni təmsil etmək istəmədi

17 Yanvar 2012 15:47
Bəyəndim (0) Bəyənmədim (0)
“Eurovision-2012” İsveçrə təşkilat qrupu müğənnini məhkəməyə verə bilər

Bu yaxınlarda "Eurovision-2012" mahnı müsabiqəsinin açılış mərasimində əslən bakılı olan Rusiyalı müğənni və bəstəkar Lama doğma vətəni Azərbaycanda çıxış etdi. O, tədbirə fəxri qonaq qismində dəvət olunmuşdu. Onun bu addımı yerli tamaşaçıları sevindirsə də, dünya şou aləmində birmənalı qarşılanmadı. Hətta İsveçrədə qalmaqala səbəb oldu.

Belə ki, Lama İsveçrəni "Eurovision-2012" mahnı müsabiqəsində təmsil etməli idi. Hətta bu barədə müğənni ilə İsveçrə dövlət televiziya kanalı arasında müqavilə də bağlanmışdı. Yeri gəlmişkən, o, bu addımı atacağı təqdirdə, İsveçrəni təmsil edəcək ilk rusiyalı və ilk bakılı müğənni olacaqdı. Lakin Lama gözlənilmədən fikrini dəyişərək Bakıya fəxri qonaq qismində təşrif buyurdu.

Hadisələri qabaqlayaraq bildirək ki, İsveçrə mətbuatında Lamanın bu ölkəni təmsil edəcəyi barədə təzadlı fikirlər yer alırdı. Bəzi yerli müğənnilər qibtə hissi ilə həmyerlimizi tənqid edir, millətçilər isə təşkilatçıları vətənpərvər olmamaqda ittiham edirdi. Dünya üzrə aparılan sorğulara istinad edən isveçrəli təşkilatçılar isə Lamanın qələbəyə real namizəd olduğunu bildirirdilər. Hətta beynəlxalq musiqi aləmində həmyerlimizi "Tehno-Qeen" (Texno-Şahzadə) adlandırmağa başlamışdılar.

Məhz bu zaman Lama Azərbaycanın İctimai Televiziyasında görünməklə hər kəsi şoka saldı. Məşhur ikimetrlik "veyeri" ilə səhnəyə çıxan Lama eyni səhnəni Nigar Camalla paylaşdı. Halbuki, həmin ərəfədə o, İsveçrə seçim turunun finalında iştirak etməli idi. Müğənninin meneceri İvan İrbis məsələyə bu cür aydınlıq gətirib: "Lama üçün İsveçrəni müsabiqə iştirakçısı kimi təmsil etməkdənsə doğma vətənində fəxri qonaq qismində çıxış etmək daha şərəflidir."

Xatırladaq ki, İvan İrbis Rusiya şou biznesində sözünü demiş təşkilatçılardan biridir. O, həmçinin Enrike İqlesiasın Rusiyada rəsmi meneceridir.

Bakıda olarkən Lama özü də atdığı radikal addım barədə mətbuata açıqlama verdi: "Yarışma futbolda olar, yaradıcılıqda yox. Hər bir artist özünə görə təkrarolunmazdır. Buna görə xal vermək olduqca qəribə görünür".

Sonda onu qeyd edək ki, İsveçrə tərəfi müğənnini məhkəməyə verməyə hazırlaşır. O isə vətəndaşlıq mövqeyini sərgilədiyini düşünərək heç nədən narahat deyil. Belə ki, 10 illik səhnə təcrübəsi olan həmyerlimiz Azərbaycan və Rusiya tamaşaçılarının dəstəyinə arxayın olduğunu bildirib: "Azərbaycan və Rusiya dünya musiqisində öz sözlərini deyiblər. Oranın zövqlü tamaşaçılarının məhəbbəti mənə verilən ən böyük qiymətdir".

Kamal Bağır - Rusiya

O.M.