Tolik: "Aygün Kazımovanın ali savadı yoxdur!"

Tolik: "Aygün Kazımovanın ali savadı yoxdur!"

17 Yanvar 2012 10:38
Bəyəndim (0) Bəyənmədim (0)
Sən demə, xalq artisti 9-cu sinif təhsilli imiş

"Gün keçir" verilişi dünən də qalmaqalla başa çatdı. Prodüser Tolik, müğənnilər Vasif Məhərrəmli, Əli Mirəliyev, bəstəkar Natiq və həyat yoldaşı, həmçinin, Rəqsanənin iştirak etdiyi verilişdə Üzeyir Mehdizadə də var idi. Belə ki, mövzu "Üzeyir nə üçün sevilir?" sualı ətrafında müzakirə olunmalı idi.

Meyxanaçı Üzeyir milyonların sevimlisi olduğuna görə hər kəs tərəfindən, türklər demişkən, eleştirildi. Nanənin qonaqları (Rəqsanəni çıxmaq şərtilə) 21 yaşlı meyxanaçı-müğənninin janrını səviyyəsiz, aşağı təbəqə üçün nəzərdə tutulduğunu dönə-dönə vurğuladılar. Əgər Tolik olmasaydı, bəlkə də Üzeyir parçalanmışdı. Onu hər an müdafiə edən prodüser həqiqətləri söyləyirdi deyə, o da bəzən qınaq obyektinə çevrilirdi. Buna baxmayaraq, Tolikin hər kəsə veriləcək cavabı var idi, özü də yetərincə.

Veriliş boyu şou-biznes nümayəndələrinin bir çox sirləri üzə çıxdı. Məsələn, məlum oldu ki, Rəqsanə ilə Üzeyir duet oxusalar belə, əslində, küsülü imişlər. Onların arasını "Vaso" kimi tanınan aranjemançı vurub. Və ya bir başqa məqam: Tolik verilişlərin birinə qonaq gələn Üzeyirin pərt edildiyini vurğuladı: "Əməkdar artistə yaraşan hərəkət etmədi Elza Seyidcahan. Üzeyirin sənətini müzakirə etməkdən onun ayaqqabılarında palçıq olduğunu söylədi. Az qala televizordan Elza xanımın cavabını özüm verəcəkdim ki, əşi, sən mənim sənətimdən danış, ayaqqabılarımdan yox".

Ən dəhşətlisi isə Tolikin daha bir şok açıqlaması oldu: "Azərbaycanın xalq artisti Aygün Kazımovanın heç bir ali savadı yoxdur, 9-cu sinif təhsili var! Musiqidən ümumiyyətlə anlamı yoxdur, amma bu gün hamı tərəfindən sevilir", - deməklə tamaşaçıları çaşdırmış oldu. Əminəm ki, çoxları bu vaxta kimi Aygünün ya İncəsənət Universitetinin, ya da Milli Konservatoriyanın məzunu olduğunu düşünürdü, eynən mənim kimi.

Doğrusu, təəccübümü heç cür cilovlaya bilmədiyimdən internetdəki bir çox saytlara daxil oldum. Aygün Kazımovanın avtobioqrafiyası haqda yalnız bunları əldə edə bildim:

Aygün Kazımova 1971-ci il yanvar ayının 26-da anadan olub. Azərbaycan pop musiqisi tarixində ən parlaq ulduzlardan biridir. Onun albomları Azərbaycanda böyük tirajla satılır. İlk dəfə professional səhnəyə 1988-ci il "Bakı Payızı" yarışmasında çıxıb. Elə ilk qran-prini də orada qazanıb. 1989-cu ildə Yurmalada keçirilmiş beynəlxalq konkursun, 1992-ci ildə "Asiya dausı" festivalının, 1996-cı ildə İstanbulda keçirilmiş beynəlxalq yarışmanın laureatı olub. 2000-ci ildə üç nominasiya üzrə Qrand mükafatına layiq görülüb: İlin müğənnisi; İlin konserti - "Aygün bir gün"; İlin hit mahnısı - "Gecələr". 2001-ci ildə yenidən üç nominasiya üzrə Qrand mükafatına layıq görülüb: İlin müğənnisi; İlin hit mahnısı -"Я и ты"; İlin konserti - "Я девушка восточная". İndiyə kimi 10-a yaxın solo konserti keçirilib. Bunlardan 1999-cu ildə "Ayqun Bir Gün", 2000-ci ildə "Я девушка восточная", 2001-ci ildə "Qeyri adi şou", 2006-cı ildə Moskvada möhtəşəm yubiley konsertini qeyd etmək olar. İndiyə kimi 15 diski işıq üzü görüb. 2001-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 2009-cu ildə isə Azərbaycan Respublikasının xalq artisti adlarına layiq görülüb. Onun sevimli müəllimləri Vaqif Gərayzadə, Eldar Mansurov, Cavanşir Quliyev olub. Konsertlərindən ən məşhuru 2006-da Moskvada Dövlət Kreml sarayında təşkil olunan konsertdir. Bundan savayı, Kazımova Azərbaycanda yetim uşaqlar üçün xeyriyyə konsertləri də təşkil edib. 2005-ci ildə Aygün Kazımova rejissor Arif Qazıyevin "Xarı bülbüllər" musiqili filmində baş rolda çəkilib. "Best Model of Azerbaijan" müsabiqəsinin rəhbəri olub. Xalq artisti 1989-cu ildə ailəsindən xəbərsiz İlqar adlı sevdiyi oğlana qoşulub qaçıb. Lakin A.Kazımova sonradan İlqardan ayrılsa da, bu ayrılıq rəsmiləşməyib. Bunun ardınca xalq artisti keçmiş spiker Rəsul Quliyevin qardaşı oğlu Rza Quliyevlə qeyri-rəsmi birgə yaşayıb. Məhz R.Quliyevin qadağalarına görə, həmin müddətdə A.Kazımova sənətdən ayrı düşüb. Sonradan R.Quliyevdən də ayrılan xalq artisti nəhayət, beş il əvvəl - 2004-cü ildə rəsmi evliliyə də son qoyub. İlk evliliyindən İlqarə adında bir qızı var. Bir müddət meyxana ustası Namiq Qaraçuxurlu ilə birlikdə olub, lakin ötən il ayrılıblar.

Çox maraqlıdır, Aygünün təhsili haqda heç bir rəsmi saytlarda belə ətraflı məlumat yoxdur. Onu da qeyd edək ki, bu barədə özü də heç vaxt söz salmayıb.

Görəsən, fəxri adlar ali savadla əlaqəlidir, ya yox?! Axı bu adlar ali dövlət mükafatıdır! Bu sualın cavabını araşdırmağa vaxt olacaq. Nəticələrlə sizlər də məlumatlanacaqsınız. Odur ki, bizi izləməyə davam edin.

Könül Aypara

O.M.