İlqar Muradov "haqq hesab" çürütməyə gəlmədi

İlqar Muradov "haqq hesab" çürütməyə gəlmədi

6 Yanvar 2012 18:40
Bəyəndim (0) Bəyənmədim (0)
"Ona yazığım gəldiyi üçün əsəbimi cilovladım"

Bu gün ATV kanalında yayımlanan "Gün keçir" proqramında qalmaqal yaşandı. Oxumaqdan çox danışmağı ilə məşhur olan Əli Mirəliyev həmişəki kimi həmkarlarının ünvanına tənqid yağdırırdı. Sözün əsl mənasında, tənqidlər təkzibləri əvəz edir, təkziblər yeni tənqidlərə səbəb olurdu. Bir sözlə, gah Əli Mirəliyev, gah da onun hədəfində olan müğənnilər müzakirə edilirdi.

Verilişin kulminasiya nöqtəsi Əli Mirəliyevlə İlqar Muradovun deyişməsi oldu. Telefon bağlantısı ilə canlı yayına qoşulan İ.Muradov ilk öncə Ə.Mirəliyevi sorğu-suala tutdu. Sonra hər iki tərəf bir-birinə hədə-qorxu gəlməyə başladı. İlqar Muradov rəqibini təhqir edərək, onunla haqq-hesab çürütmək üçün studiyaya gələcəyini bildirdi. Gərginlik son həddə çatmışdı. Xoşbəxtlikdən İlqar Muradov verilişin sonuna qədər gəlib çıxmadı.

Onu da qeyd edim ki, aparıcı Nanə Ağamalıyevanın peşəkar yanaşması nəticəsində verilişdə heç bir xoşagəlməz hal yaşanmadı. Həqiqətlərin üzə çıxması fonunda problemlər ustalıqla aradan qaldırıldı.

Verilişdən sonra diqqətimi bir məqam çəkdi ki, Əli Mirəliyev telefonla israrla kimlərəsə zəng vururdu. O, maşınına minib telekanalın ərazisini tərk edənədək telefon qulağından düşmədi.

Daha sonra məsələyə aydınlıq gətirmək üçün İlqar Muradovla əlaqə saxladım. Müğənni verilişə gəlməməyinin səbəbinə bu cür aydınlıq gətirdi:

- Mən qəsdən gəlmədim. Əli xəstə adamdır. Onsuz da yarımcandır. Ona yazığım gəldiyi üçün əsəbimi cilovladım. Ümumiyyətlə, mən qalmaqaldan uzaq adamam.

Şou-biznes artıq şou ilə biznesin qalmaqalına çevrilib...

Şəlalə Nəriman

O.M.