HAMI BİR-BİRİNİN ÜZÜNƏ YALANDAN GÜLÜR

HAMI BİR-BİRİNİN ÜZÜNƏ YALANDAN GÜLÜR

3 Mart 2018 22:54
Bəyəndim (0) Bəyənmədim (0)

Onunla səmimiyyətimiz təxminən 17-18 ilə söykənir. Görüşə gedərkən yol boyu müsahibimin keçdiyi çətin sınaqları xəyalımda canlandırırdım. Tanıdığım və çox hörmət etdiyim bu xanım zəhmətiylə külüng döydü istər həyatda, istər sənətdə. Qayaları yarmadı, sadəcə arzusunda olduğu işıqlı yollara çığır acdı. Yaşadıqlarına az da olsa şahidəm. Hər vaxt gülərüz, təbəssüm dolu baxışlarıyla qarşılaşsaq da, ən çətin anlarında kimsə gözlərindən axan mirvari yağışını silmək iqtidarında olmadı. Çünki sirrini deyil, sənətini bölüşdü bizimlə.

Tanınmış, çox sevdiyimiz rəqqasə Fatimə xanım qonağımızdır.

Fatimə xanım, sənət yenilikləriniz nədən ibarətdir?

- Sözün düzü, planlarım barədə əvvəlcədən danışmaq mənə düşmür. Amma sizinlə bölüşəçəm. Mən hər il ya Rəşid Behbudov adına Mahnı teatrında, ya uşaqlar evində və s məkan və konsert salonlarında konsert vermişəm. Bu ənənə neçə illərdir davam edir. Bu il də ənənəmə sadiq qalaraq konsert planlaşdırıram. Artıq təxminən 6-7 il olar ki, öz məktəbimi yaratmışam və bütün qüvvəmi ora sərf etmişəm. Məktəbimin şagirdləri üçün də biz hər il konsert təşkil edirik. Şükürlər olsun ki, çəkdiyim əziyyətin bəhrəsini görürəm. Sevinirəm ki, valideynlər mənə inanır və öz övladlarını arxayınlıqla mənə etibar edirlər.

Dərsləri özünüz kecirsiniz?

- Məktəbi yeni açanda bütün gücümü bu işə sərf edərək dərsləri də məhz özüm keçirdim. Amma nəzərə alsaq ki, bu işdə mən təkəm və sənətlə bağlı digər işlərimi, xınayaxdı, çəkilişlər, konsertlər, tədbirlər və s. də yoluna qoymalıyam, o üzdən müəllimlər dəvət etdim. Hazırda məktəbimizdə Azərbaycanın əməkdar artistləri, "Dikiy Kafkaz" rəqs qrupunun müəllimi Ruslan tələbələrə mükəmməl dərslər keçir. Bakıda böyük bir "Kapuera" federasiyası var ki, onların filiallarından biri bizim "Banu" rəqs məktəbimizdədir və burda Zahid və Amil müəllim kimi istedadlı insanlar dərs keçir. Xoreoqrafiya məktəbinin yetirmələri olan Şaxa və Cəmilə adlı tələbələrim məktəbimizdə müəllimə kimi öz imkanlarından istifadə edirlər. Bununla da onlar üçün də gələcəyə yol açılır. Bu imkanlardan istifadə edərək özləri də təcrübə toplamış olurlar. Bəlkə nə vaxtsa onların da öz məktəbləri yaranacaq. Bu mənimçün yalnız fəxarətdir. Artıq iyirmi ilə yaxındır ki, mən səhnədəyəm. Bu illər ərzində axıtdığım göz yaşları az olmayıb. Arxadan vurulan zərbələrə də məruz qalmışam. Bəzən istəməsəm də tamaşaçı bunun şahidi olub. Rəqsə yeni başlayanda rəqqasələr arasında çox böyük ajiotaj var idi. İstər xalq artistləri, istərsə də əməkdar artistlər içərisində məni sevməyənlər az deyildi. Daha doğrusu həzm edə bilmirdilər. İrəli getməyimə imkan vermirdilər. Təbii ki, sənətdə yeni addımlarımı atanda professional deyildim və özfəaliyyətdən gələn bir rəqqasənin birdən-birə belə populyarlaşması çoxlarını qıcıqlandıra bilirdi. Lakin mən özfəaliyyətdən gəlsəm də, çox güclü, professional müəllimlərlə çalışırdım. Azərbaycanın tanınmış baletmeysteri Fərhad Vəliyev kimi müəllimdən dərs aldım. Amma nədənsə bizdə bəziləri peşəkarı qəbul edə bilmirlər. Fərhad Vəliyev hazırda Amerikada, oğlunun yanında yaşayır. Və orada böyük bir məktəb yaradacaq. Çünki bizim Azərbaycan rəqsləri bütün dünyaya səs salıb.

Sizə elə gəlmir ki sənətdən çox "mənəm, mənəm" davası gedir?!

- İndi elə bir ab-hava yaranıb ki, şou-biznesdən qaçıram. Düzdür, məclislərə, el şənliklərinə, ad günlərinə dəvətlər alıram və məmnuniyyətlə qəbul edirəm. Lakin ifamı bitirən kimi həmin yerdən qaçmağa çalışıram. Zənnimcə bir çox sənət adamları da bu addımı atırlar. Çünki bu söz-söhbətlərdən çoxları yorulub. Elə bir vəziyyət yaranıb ki, hamı bir-birinin üzünə yalandan gülür. Əvvəllər görünür uşaq idim, bunu anlamırdım. Amma illər məni yetişdirdikcə eh, nələrin şahidi oldum... Hətta gördüklərimdən depressiyaya düşdüm. Bəlkə mən də bəziləri kimi üzə gülüb arxadan zərbə vursaydım, bu qədər təsirlənməzdim.

Bu gün ümumilikdə olmasa da, şou-biznesi qaranlıq meşəyə bənzətmək olarmı?

- Mən qəlbən çox kövrək insanam. Və bilirəm ki, yaşım neçə olursa olsun, hər zaman belə qalacağam. Bu mənim təbiətimdir və dəyişmək fikrim də yoxdur. Şükür edirəm ki, beləyəm. Əgər belə olmasaydım, bəlkə də heç nəyə nail ola bilməzdim. Mən milyonçu deyiləm, istəmirəm də olum. Əlimdə tutduğum bu telefonu belə, alın tərimlə, çəkdiyim əziyyətlə qazanmışam. Bax bu mənim xoşbəxtliyimdi. Elə bir vaxtım olub ki, nəyəsə möhtac qalmışam. Lakin bu gün Tanrım o balaca, zəhmətkeş Fatiməyə işıqlı yol açıb. Bunu da çoxları qəbul edə bilmir. Mənim saf hisslərimin arxasında saxtakarlıq olduğunu düşünənlər görünür özləri o qəlbə sahibdirlər. Çünki hər kəs öz qəlbinə görə fikir yürüdür.

Yorulmamısınız ki, bütün bunlara aydınlıq gətirməyə?

- Sonuncu dəfə efirdə bir qalmaqalda adım çəkildi. Mən də artıq bu söhbətlərə son qoyulmasını istədim. Mənim qalmaqal yaradan, lazımsız söhbətlərə qoşulan yaşım deyil axı. Bu söhbətlərə nə vaxtım, nə də həvəsim var. Ailəm, övladlarım mənim üçün hər şeydir. Onlarla məşğulam. Darıxmağa vaxtım da yoxdur. Darıxanda ailəm, uşaqlarım əhatəmdə olur. Niyə vaxtımı boş söhbətlərə sərf etməliyəm ki?! Gələcək üçün biznesimlə, sənətimlə bağlı çox böyük planlarım var. Artıq biznes ledi kimi adımın çəkildiyini də eşidirəm. Bu nailiyyətləri də Allahın köməkliyilə mən əldə etmişəm.

Xınayaxdı təşkilatçıları arasında rəqabətdir, yoxsa dava-dalaş?

- Xına mərasimi o qədər gözəl bir məclisdir ki, hər bir valideyn övladı üçün onun yüksək səviyyədə keçirilməsini arzulayır. Əgər bu gün məni ailələr ürəkdən xınayaxdı məclislərinə dəvət edir, məni orda görmək istəyirlərsə, bu heç kimə qıçıq gətirməməlidir. Hər kəsin ruzisini Allah yetirir. Bəli, rəqabət var. Hər kəs xınayaxdıya çağırılmaqda azaddır. Bu arzuya bağlıdır. Hərənin öz zövqü var. Kim kimi istəyirsə dəvət edir. Eşidirəm ki, deyirlər, "Fatimə yüksək qiymət qoyur xınayaxdıya". Axı mən demədiyim sözləri niyə dilə gətirirsiz?

Bəlkə bu söz söhbətlər Fatimənin biznes bazarını əngəlləmək üçündü?

-(gülür) İnanırsız, onlar belə danışdıqca mənim işim çoxalır.

Fatimə xanım, nədən qorxursunuz?

-Allah eləməmiş, ailəmin üzərində qara buludlardan qorxuram. Tanrı qorusun.

Tez-tez peşman olursunuz?

-Bəli. İnsanlara inandığım üçün sonda sarsılıram. Amma səhvlər üzərində öyrənirəm. Səhvim insanları özümə çox yaxın buraxmağımdı.

Dostunuz çoxdur, düşməniniz?

- Düşmənim. Bu gün mənim dostum yoxdur. Dostum qızım, anam, həyat yoldaşım, bir sözlə ailəmdi. Həyatımda bir-iki nəfər var ki, onları ömrümün sonuna kimi bağışlamayacağam. Onları həyatımdan silmişəm və halallıq verməyəcəm. Çünki ağlıma gəlməyənləri gördüm. Anladım ki, çox şeyləri bilməmişəm. O insanlar məni həm öyrətdilər, həm də insanlardan qorxmağa başladım. Vəziyyət o yerə gəlib ki, bu dəqiqə insanlara qarşı qəlbimdə çox böyük depressiya yaşayıram. Şükürlər olsun ki, heç kimin yanında gözü kölgəli deyiləm. Hər şey göz önündədir. Əgər başım aşağı olsaydı, ailəm yanımda olmazdı. Təsəvvür edin ki, düşmənlərim bütün bunları həzm edə bilmirlər. Həyat çox qısadır. Heç kim sabahkı gününə sığortalanmayıb. Hər vaxt Allahın dərgahına açıram əllərimi. Hər gecə günümün hesabatını verirəm ona. Ondan hər kəs kimi günahlarımın bağışlanmasını istəyirəm. Bacarmıram kiminsə qəlbiylə oynayım. Demirəm mələyəm, hamı kimi mənim də səhvlərim var.

Mənfi-müsbət cəhətlərinizi sadalaya bilərsiniz?

-Mənfi cəhətim odur ki, tez özümdən çıxıram. Tez də sakitləşə bilirəm. Özünü tanıdığın kimi heç kim səni tanıya bilməz. Bəzən deyirlər Fatimə günü-gündən cavanlaşır. Ürəyimin saflığı, kinsiz-küdurətsiz qəlbimdi o cavanlığa səbəb. İllər mənə çox şey öyrətdi. Amma qəlbimin saflığını əldən vermədim.

Həyatınızda nəyi dəyişdirmək istərdiniz?

- ...İstəyərdim ümumiyyətlə bu incəsənət aləmində olmayım.

Bu qədər qazandığınız uğurdan sonra bu sözləri ürəklə deyə bilirsiniz?

-Deyə bilirəm. Həyata yenidən gəlsəydim, tamamilə başqa bir sahədə özümü sınayardım. İstəyərdim böyük bir şirkətim olsun, ona rəhbərlik edim. İnsanlara evlərinə qazanc aparmağa dəstək olum.

Nəyiniz çatmır?

-Etibarlı dostlarım...

P. S: Bəli, qəlb yarası barışa bilməyəcək qədər ağırdır. Kiçik ürəyində qurub yaratdığı böyük arzularını kimsə çalışsa da, alt-üst edə bilmədi. Bəzən həyat onunla oyun oynadı, amma o, yükünün ağırlığından pay vermədi heç kimə. Yorğun qanadlarıyla mücadilə etdi. Ümidsizliyə açılan qapıların arxasından gün işığının çıxacağını bilirdi çünki. Bütün çətinliklərə rəğmən ümid savaşını bitirmədi. Hər çətinlikdən mübarizlə çıxdı. Artıq düşmən qapısından köhnə hesabların cavabını almaq üçün cəhd göstərmirdi, gələcəyin önündəki uğur pərdəsinin açılması günü gözləyirdi. Yaşananların acısını çıxarmaq üçün...

Müəllif Mətanət Şamilqızı