"Ali kaptan" 20 ildir "Tut ağacı" mahnısını dinləyir

"Ali kaptan" 20 ildir "Tut ağacı" mahnısını dinləyir

24 Noyabr 2011 13:38
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərbaycana ilk dəfə gəldim, amma sanki illərdir bu şəhərə, sizlərin yanına gəlib-gedirəm. Həqiqətən də Azərbaycan da bizim ölkəmizmiş və bunu yeni anladım. Uzaqdan eşitməklə bunları təsəvvür etmək mümkünsüzdür. Bunları görmək çox önəmlidir. İki ölkə arasındakı münasibətlərin sevgi və dostluq üzərində qurulduğunu anladım. Biz bu münasibətləri daha da dərinləşdirməliyik ki, gələcəkdə övladlarımız, nəvələrimiz daha yaxın, daha rahat və qardaş kimi yaşasınlar. Arzu edərdim ki, Türkiyə və Azərbaycan olaraq vəhşi dünyaya qarşı əl-ələ verib, daha güclü olaq və hər zaman birliyimizi qoruyaq". Bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanda "The first -2011" mükafatına layiq görülən Türkiyənin tanınmış aktyoru, "Öyle bir geçer zaman ki" serialında "Ali kaptan" rolunun ifaçısı Ərkan Pətəkkaya deyib.

Aktyor xəstə olmasına baxmayaraq, Bakıda keçirilən mükafatlandırma mərasiminə qatılıb. Hazırda yayımlanmağa davam edən "Öyle bir geçer zaman ki" serialından söz açan Ə. Pətəkkaya "Ali kaptan" obrazının Azərbaycanda sevilməsindən çox məmnun olduğunu bildirib, amma serialda bundan sonra baş verəcək olaylar haqqında məlumat verməyib: "Serialımızın burada izləndiyinin şahidi oldum. Çox sevindim. Biz bu işi tamaşaçılar üçün görürük və onların bizə göstərdiyi diqqət insana gözəl hisslər bəxş edir. Bu serialın sonrakı bölümlərində nə olacağından mən də xəbərsizəm. Amma xəbərdar olsaydım da, bir şey deməzdim, çünki o zaman tamaşaçılarda maraq itə bilər".
Bundan sonra Azərbaycana tez-tez gələcəyini söyləyən Ə. Pətəkkaya növbəti səfərini Azərbaycanı gəzib-dolaşmaq məqsədilə həyata keçirmək niyyətindədir. O, "Öyle bir gecer zaman ki" bitdikdən sonra yaradıcılığına ara vermək niyyətində olduğunu açıqlayıb: "Çox yoruldum və dincəlmək istəyirəm. İnanılmaz dərəcədə yorulmuşam. Azərbaycanda çox dostum yoxdur, amma bundan sonra bir çox dost qazanmaq istəyirəm. Azərbaycan mahnılarını çox sevirəm. 20 ilə yaxındır ki, "Tut ağacı"nı dinləyirəm və hər dəfə dinlədikcə böyük zövq alıram. Azərbaycanda serial və ya film təklifi alsam, ssenari ilə tanış olduqdan sonra qərar verərəm. Türkiyədə də işimi bu cür qururam".

"Öyle bir geçer zaman ki", türk aktyorlar Azərbaycanı sevməyə və təbliğ etməyə başlayarlar...

Fuad Borçalı

O.M.