Rəqsanə tibbi ekspertizaya getdi

Rəqsanə tibbi ekspertizaya getdi

18 Aprel 2011 16:37
1 076
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənninin son açıqlaması

... Son vaxtlar onun başı çox müsibətlər çəkib, daha doğrusu, hələ də çəkməkdədir. Konsert proqramını təxirə salan, başında şiş əmələ gəldiyini vurğulayan, bu səbəbdən ilk öncə Türkiyəyə, ardınca Dubaya yola düşən, həkimlərin göstərişi ilə müəyyən həblər qəbul etməyə başlayan Rəqsanə İsmayılovanın səs-sorağı bu dəfə polis bölmələrindən gəlməkdədir.

Aprelin 17-də axşam saat 19.00 radələrində Quba-Bakı yolundakı Zarat postu yaxınlığında R.İsmayılovanın polis əməkdaşları ilə mübahisə etdiyi söylənildi. Daha doğrusu, Rəqsanə xanımın sürücüsü və prodüseri ilə bərabər polis əməkdaşları ilə dalaşdığı, hətta onların döyüldüyü də xəbər verildi. Bu barədə mətbuata prodüser Təranə Səmədova məlumat verib: "Başımıza oyun gəlib, o qədər döyülmüşük ki, heç danışa bilmirik. Maşınımızı səbəbsiz saxladılar, bizi basıb-döydülər. Heç nə, kiminsə kefi yüksəlib ki, Rəqsanənin maşını saxlanılsın! Heç nə deməmişdik, sürücünü maşından zorla çıxarıb, döydülər. Sonra məni döydülər, Rəqsanə də başladı telefona çəkməyə. Onun əlindəki telefonu alıb, hər şeyi sildilər. Allah haqqı, qiyamət olub, nə gündəyik. Rəqsanənin bədənini görsəniz, havalanarsınız. Allaha qurban olum, bu nə işlərdir başımıza gəlir".

Təranə xanımdan fərqli olaraq, Baş Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev döyülməklə bağlı iddiaları rədd edərək, "R.İsmayılovaya məxsus, amma sürücünün idarə etdiyi avtomobil saatda 160 km-lə idarə olunduğu üçün saxlanılıb, sonradan məlum olub ki, maşının şüşələri "plyonka"yla örtülüb. Sürücü polis əməkdaşlarına fiziki təzyiq göstərdiyinə görə Siyəzən rayon bölməsinə aparılıb. Müğənni xanıma və onun prodüserinə əl qaldırılmayıb. Bu, cəfəngiyatdır!" - deyərək açıqlama verib.

Geniş məlumat əldə etmək üçün Rəqsanənin özü ilə olmasa da, prodüseri ilə əlaqə saxlaya bildik. İlk öncə yolda olduqlarını vurğulayan T.Səmədova, "qurban olum, bir neçə dəqiqəyə sizi yığaram da, indi "Çal-çağır"ın çəkilişindəyik", - desə də, ondan səs-soraq çıxmadığını görüb, özümüz yenidən telefon bağlantısı yaratmalı olduq.

- Təranə xanım, vəziyyət nə yerdədir? Döyülüb, təhqir olunmusunuzsa, haqqınızı tələb etmək barədə düşünmürsünüz?

- Yox, niyə ki? Əlbəttə haqqımızı tələb edəcəyik. Verilişdən çıxıb, birbaş Tibbi ekspertizaya gedəcəyik. Əlimizdə sübut var idi, hər şeyi çəkmişdik, tutub aldılar, kadrları məhv etdilər.

- K.Əliyevin dediyinə görə, sürücü polislərə təzyiq göstərib, onlar sizə dəyməyiblər.

- Belə deməlidirlər də. Kim istəyər ki, işindən olsun? Qanun işçiləridir, kimi istəyirlər ləkələyirlər. Ancaq hər şey qanuni yolla olsa, onda səhv etmədiyimizi sübuta yetirmiş olarıq. Bunun üçün də yeganə sübutumuz tibbi ekspertizanın rəyini əldə etməkdir.

Deyəsən, Rəqsanə gündəmdə qalmaq üçün yeni-yeni yollar axtarır. Əgər sabah onun Marsa uçmağa hazırlaşdığını eşitsəniz, təəccüblənməyin. Öz aramızdır, reklam üçün pis fikir deyil ha...

Könül Aypara

O.M.