QALMAQAL-Müğənni müxbirin telefonuna söyüş yazdı

QALMAQAL-Müğənni müxbirin telefonuna söyüş yazdı

17 Sentyabr 2011 18:30
Bəyəndim (0) Bəyənmədim (0)
Səbəb Zeynəb Dostəliyevanın ünvanına deyilən böhtanın saytda dərc olunmaması idi

Jurnalistika çox nankor peşədir. Pis yazırsan, pis olursan. Yaxşı yazırsan, yenə də pis olursan. Nə qədər obyektiv olmağa çalışırsan, bir o qədər subyektiv tənqidlərə və təhqirlərə məruz qalırsan. Yeganə təsəllin isə o olur ki, oxucular sənin əməyinə dəyər verir.

Bu ilin 28 iyun günü müğənni Yaqut Babayevadan götürdüyüm müsahibəni oxuculara təqdim etmişdim. "Restoranda oxuyanlara əməkdar artist adını verirlər" başlıqlı yazıda müğənni bir çox məsələlərdən şikayət edirdi. Söhbət zamanı o, Zeynəb Dostəliyeva ilə aralarında olan münaqişəyə də toxundu. Məhz bu sözlərdən sonra qalmaqala start verildi. Obyektivlik naminə müsahibədən həmin fraqmenti sizlərə təqdim edirəm:

- Mənə çox maraqlıdır, Space televiziya kanalında yayımlanan "Şişman şou"da həmkarınız Zeynəb Dostəliyevə ilə sizin aranızda nələr baş vermişdi? O vaxt belə bir xəbər yayıldı ki, siz ağıllı-başlı saçyolmasına çıxmısınız.

- Əvvəla, onun adını çəkmək istəmirəm, görürəm ki, siz çox şeylə maraqlanırsınız.

- Yaqut Babayeva sualıma cavab vermək istəmirsə, mən hər şeyi olduğu kimi yazacam.

- Nəyi yazacaqsınız ki? Deyin, bilim.

- Yaqut xanım, mən sizin fikrinizi bilmək istəyirəm. Məndə yetərincə məlumat var.

- Onda çox xahiş edirəm ki, nə var, elə də yazın. Görürəm, söhbətdən qaçmaq mümkün deyil. Adını çəkmək istəməzdim, o insan gəlib qapını döydü, bir otaqda qalırdıq. Mən də hamamda çimirdim. Tez ol qapını aç, - dedi. Dedim ki, hamamdayam, sabunluyam, gözlə, 5 dəqiqəyə çıxıram. Yox, tez ol, qapını aç, paltar sərəcəm, - deyə qışqırdı. Mən də sabunlu açdım. Dedim, 2 dəqiqə gözləsəydin, nə olardı? Bir az söz-söhbət düşdü, saçyolması olmadı. Bir də çox xahiş edirəm, onun adını çəkməyin yanımda. Söhbəti bağlayaq. Bu mübahisə zamanı qarmon çalan Gövhər xanım da orada olub. Şahid odur ki, elə də böyük dava-dalaş düşməyib.

Aradan xeyli müddət keçdi. 09 sentyabr günü Zeynəb Dostəliyevadan müsahibə götürməli oldum. Bu dəfə o, məsələyə öz prizmasından aydınlıq gətirdi:

- Zeynəb xanım, "Şişman" şou-da sizin bir xanım müğənnini döydüyünüz deyildi. Səbəb nə idi?

- Bu haqda danışmaq istəmirəm. Kimisə reklam eləmək istəmirəm.

- Mən əsil səbəbi bilirəm. Mümkünsə, siz aydınlıq gətirərdiniz...

- Həmin xanım deyib ki, çimirmiş, guya qapını döymüşəm, o da gec açıb. Əsla belə olmayıb. Niyə yalan danışır? Necə var, elə də deyəcəm. Bu insan səhərə qədər kotteclərdə o başa gedir, bu başa gəlirdi. Mən də səhər durdum yuxudan, səhər yeməyinə gedirəm. Gördüm, bu yatıb. Mən bilmirəm o, bura niyə gəlmişdi, bir gün qalmadı, səs verilmədi, çıxıb getdi. Heç kim də istəmədi ki, Yaqut Babayeva onunla bir otaqda qalsın. Fırladıb atdılar mənim üstümə. Mən durub səhər yeməyinə gedirəm, bütün günü idmanda olacam. Birdən qışqırdı: "Qoy yataq da, səhərə qədər qızların, oğlanların səsindən yata bilməmişəm". Demək, bu, kimisə güdürmüş. Gecə oyaq qalır, səhər yatır. Mənim üstümə qışqırdı. Dedim: "Mədəniyyətsiz, qışqırma, adamını tanı, mən sənin üçün uşaq deyiləm". O, bura niyə gəlmişdi, bilmirəm, bütün gününü yeyib yatırdı, gecələr də səhərə qədər ortalıqda gəzirdi. Mən ona dedim ki, sənin üçün Nüşabə deyiləm, çıxıb ayağını göstərib deyirsən, Nüşabənin gözəlliyi ayağımda yoxdur. Sən heç Nüşabənin dırnağı olmazsan. Aldım saçından, Yaqut Babayevanı, o ki var çırpdım. Qabiliyyətin olsun, sən özünü nə sayırsan? O vasvası heç nəyi bəyənmir. Mən də onun belə mədəniyyətsiz hərəkətinə əsəbiləşdim, o ki var döydüm, saçlarını yoldum, qaçıb Gövhərin otağında gizləndi. Reklam eləmək istəmirəm onu, qabiliyyətsiz insandır, özü də çox.

Məncə, artıq söhbətin nədən getdiyini anladınız. Ola bilər ki, kimsə suallarımdakı kəskinliyə və təhrikediciliyə görə məni qınasın. Ancaq inanın ki, bunu yalnız oxucular daha çox informasiya alsınlar deyə edirəm.

Nə isə, Zeynəb Dostəliyeva ilə müsahibə dərc olunduqdan sonra Yaqut Babayeva yenidən mənə zəng vurdu. Həmkarının ünvanına təhqiredici kəlmələr işlədərək, onun erməni millətindən olan biri ilə sevgi macərası yaşadığını bildirdi. Təbii ki, mən B.Yaqutdan ittihamı sübut edəcək dəlil istədim. Yalnız bu halda məlumatı işıqlandıra biləcəyimi söylədim. O, məni fakt qarşısında qoya bilmədikdə, jurnalist etikasına uyğun olaraq deyilənləri işıqlandırmadım. Başa düşürdüm ki, bu, şər-böhtandan başqa bir şey deyil. Bundan sonra Yaqut Babayevanın mənə qarşı münasibəti aqressivləşdi. Müğənni müxtəlif zamanlarda, müxtəlif nömrələrdən mənə hədə-qorxu dolu zənglər etməyə başladı. Eyni məzmunda fərqli ifadələrlə təhqiramiz mesajlar yazdı və ya yazdırdı. Artist tayfasına yaxından bələd olduğum üçün heç nəyə fikir vermədim. Lakin sonuncu mesaj səbir kasamı daşırdı. Mənim nə hisslər keçirdiyimi anlamağınız üçün sonuncu mesajı, hansı ki, hələ də telefonumun yaddaşındadır, sizlərə təqdim edirəm:

"Çox şəxsiyyətsizmişsən. Zeynəb məndən sənə yazdıranda heç mənə demədin. Mən onun iftirasına cavab vermək istədim, tez ona çatdırdın. Zeynəbdən pul almışdın? Aləmi bir-birinə qatan sənsən. Mutilşik. Küçədə (söyüş) ya sənin bu hərəkətin, heç bir fərqi yoxdur. Allah Bəlanı versin."

Mesajın sonundakı (söyüş) kəlməsinin yerində Yaqut Babayevanın "zəngin" söz ehtiyatını əks etdirən, küçə qadınlarına xas ifadə yer alırdı. Əlbəttə ki, mən səviyyəmi saxlayaraq o kəlmələri qələmə almadım. O ki qaldı müsahibə götürdüyün müğənnilərdən pul almağıma, əgər elə bir şey olsaydı, ilk növbədə B.Yaqutun özündən təmənna güdmüş olardım. Digər tərəfdən, mən bəzi müğənnilər kimi aylarla evdə oturub toya dəvət alacağım günü gözləmirəm, həftədə bir neçə müsahibə götürərək, zəhmətimin müqabilində qonorar alıram. Sənətimi də çox sevirəm. Buna baxmayaraq, Yaqut Babayeva narahat olmasın, məni təhqir etdiyinə görə onu məhkəməyə verməyəcəm. Ona görə yox ki, onun unudulmaqda olan sənətinin heyranıyam, ona görə ki, mən müğənni deyiləm və qalmaqalla reklam edilməyə ehtiyacım yoxdur...

Şəlalə kənarında yenidən görüşənədək...

Şəlalə Nəriman

O.M.