""Eurovision-2012"-də Bakıda turistlər təqib olunacaqlar"

""Eurovision-2012"-də Bakıda turistlər təqib olunacaqlar"

16 Sentyabr 2011 02:13
Bəyəndim (0) Bəyənmədim (0)
Azərbaycanlı rəssam ölkəmizin heç zaman müasir dünyanın bir parçası ola bilməyəcəyini iddia edir

"Eurovision-2012"-yə hazırlıq ərəfəsində

"Eurovision-2012" yarışması yaxınlaşdıqca onun ətrafında dedi-qodular, spikulyasiyalar artmaqdadır. Azərbaycanın bu tədbirə yetərincə hazır olmadığını, ölkəmizdə infrastrukturun Avropa səviyyəsindən geridə qaldığını, insan hüququ və təhlükəsizliyinin yetərincə qorunmadığını iddia edənlər var. Son zamanlar süni qaldırılan məsələlərə biri də əlavə olunub. İddia edilir ki, tədbir zamanı Azərbaycana gələcək homoseksual turistlər burada təqiblərə məruz qalacaqlar. BBC rus xidmətinin Paris ofisinə istinadən yaydığı məlumatda ölkəmizə qarşı qərəzli mövqe açıq-aydın nümayiş olunur. Müsahibə xarakterli analitik yazıda Fransadan siyasi sığınacaq almış Babi Bədəlov adlı homoseksual rəssamın subyektiv fikirləri yer alır. Mövzunun aktuallığını nəzərə alaraq yazını kiçik ixtisarla sizlərə təqdim edirik:

Gey-rəssam Babi Bədəlov Bakını kədərlə xatırlayır

Azərbaycan hakimiyyəti dünya ictimaiyyətini inandırmağa çalışır ki, homoseksualistlər arasında populyar olan "Eurovision-2012" musiqi müsabiqəsində Bakıya gələcək gey-turistlərə qonaqpərvərliklə yanaşılacaq. Halbuki hadisələrin canlı şahidlərinin acı təcrübələri bu vədləri inkar edir. "Qardaşım and içib ki, əvvəlcə məni öldürəcək, sonra isə özünü", - deyə Azərbaycandan Fransaya yenicə mühacirət etmiş radikal gey-rəssam Babi Bədəlov sözə başlayır:

"Bacım telefonda mənə acıqlandı və dedi ki, daha Azərbaycana gəlməyim. Mən inanmıram ki, indən belə əzizlərimdən kiminləsə danışa bilərəm."

Bədəlov Lerik rayonunda dünyaya gəlib və 15 yaşından etibarən Bakıya köçüb. Rayonda olarkən o, həmişə qorxu içində yaşayıb və cinsi oriyentasiyasını hər kəsdən, hətta yaxın dostlarından belə gizlətməli olub.

"Fahişəlikdən də betər"

Bədəlovun rəfiqəsi və həmkarı Tora Ağabəyova dostu haqla bunları deyir: "Biz bilirdik ki, o geydir. Lakin o, bu barədə danışmadığı üçün biz də söz salmırdıq. Babi evlənəndə hamımız təəccübləndik. O, üzərində böyük təzyiq hiss elədiyi üçün hər kəs kimi olmağa çalışırdı. Etiraf edirdi ki, Bakıda özünü yadplanetli kimi hiss edir. Sonda o öz amalına sadiq qaldı və ölkədən köçməli oldu."

Uzun müddət cinsi oriyentasiyasını gizlətməli olan Bədəlov 2008-ci ildə siyasi sığınacaq üçün Britaniya səfirliyinə müraciət etdi. Ancaq rədd cavabı aldı. Ona bildirildi ki, Azərbaycanda homoseksualizm qanunla qadağan edilməyib. Rəssamın müdafiəsi üçün başlanan etiraz kampaniyası onun Lerikə getməsi ilə nəticələndi.

"Burda homoseksualizmə fahişəlikdən daha pis baxırlar" - deyə məsələyə şərh verən Müsavat partiyasının fəalı Yadigar Sadıxov sözlərinə bunları əlavə edir:

"Əgər ailə homoseksual qohumunu öldürməyi qərara alsa, insanların çoxu bu fikri dəstəkləyəcək. Mən gey olduqları ehtimal olunan xeyli sayda insanın intiharı haqda eşitmişəm. Heç vaxt şahidi olmamışam ki, burda hansısa bir homoseksual öz cinsi oriyentasiyasını açıq-aydın bəyan etsin."

"Rəngləri qarışdırırlar"

Erməni və azərbaycanlı gənclərin yekcins "sevgiləri" haqda qalmaqallı kitabın müəllifi Ələkbər Əliyev məsələyə bu cür aydınlıq gətirir: "Tədbir zamanı heç kim əcnəbi geyləri narahat etməyəcək. Buradakı insanlar homoseksualizmə qarşı aqressiv deyillər, bir şərtlə ki, bu, ailələrinə sirayət etməsin. Bakıda bir neçə tanınmış adam var ki, gey olduğunu gizlətmir. Onların pulu da var, mühafizəçiləri də. Hər birinin təhlükəsizliyi təmin olunub. Lakin bölgələrdə yaşayan homoseksuallar üçün vəziyyət heç zaman dəyişməyəcək. Cəmiyyət onları qəbul etməyəcək."

Azərbaycan hakimiyyəti isə deyilənlərlə razılaşmır. Onlar bildirirlər ki, homoseksualizm haqda cinayət maddəsi 2001-ci ildən ləğv olunub.

Prezident Administrasiyası Siyasi Təhlil şöbəsinin rəis müavini Elnur Həsənov bu barədə deyir: "Ölkədən köçən insanlar son zamanlar Azərbaycanda geylərə qarşı münasibətin aqressiv olduğunu iddia etməyə başlayıblar. Biz bunu "Eurovision" ərəfəsində skeptiklərin uğursuz cəhdləri kimi qiymətləndiririk. Onlar bilərəkdən rəngləri qarışdırırlar ki, indiki yaşadıqları ölkələrdə daha yaxşı reputasiyaya malik olsunlar."

"Sanki yadplanetliyəm"

Bədəlov isə deyilənlərə başqa cür yanaşır: ""Eurovision" 5 ulduzlu "Avropa" hotelində keçiriləcək. Hamı bilir ki, gecə yarısı hotelin yan-yörəsinə transvestit fahişələr toplaşır. Evli kişilər ora əylənməyə gəlirlər. Bununla belə, homoseksualizm onları iyrəndirir. Mən Bakıda tənha idim. Özümü əcnəbi kimi hiss edirdim, sanki yadplanetliyəm. Fransadan siyasi sığınacaq aldığım gün ən fantastik, ən xoşbəxt günüm oldu."

Babi Bədəlov müsahibəsini bu sözlərlə bitirdi: "Azərbaycanda hər bir insanın hüquqları pozulur. Homoseksuallar da istisna deyil. Mən inanmıram ki, ölkəm nə vaxrsa müasir dünyanın, Avropanın bir hissəsi olacaq."

Qeyd:

Xatırladaq ki, sizə təqdim etdiyimiz məqalə BBC rus xidmətindən tərcümədir.

Müəllifdən:

Ölkəsində özünü sübut edə bilməyən bir rəssam, kişi olmaq istəməyən bir insan haqda yazını yazmaya da bilərdik. Lakin mövzunun aktuallığını nəzərə alaraq, "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində əcnəbilərin ölkəmiz haqda fikirlərini qələmə almalı idik. Ən azı ona görə ki, bu fikirlər çox vaxt subyektiv və qərəzli olur.

Son söz əvəzi:

Musiqi yeganə ünsiyyət vasitəsidir ki, onu hamı başa düşür. "Eurovision-2012" yarışmasında biz danışacağıq, bütün Avropa qulaq asacaq. Gəlin elə hərəkət edək ki, danışmağa sözümüz olsun...

Natiq Qocaman

O.M.