"Xərçəng"lə yaşayan, ona məğlub olan məşhurlarımız kimlərdi? — SİYAHI

"Xərçəng"lə yaşayan, ona məğlub olan məşhurlarımız kimlərdi? — SİYAHI

8 Sentyabr 2016 12:10
Bəyəndim (0) Bəyənmədim (0)

Yaşlı adamlar deyirlər ki, ölüm haqdır, amma zamanında gələ.

Nə yazıq ki, bəzən qəfil xəstəlik haqqın zamanında gəlməsinə mane olur. Daha doğrusu bu arzuolunmaz gəlişi bir az da sürətləndirir. Dünyanın ən arzuolunmaz dərdləri sırasına başçılıq edən xərçəng bu mənada çox amansız və arzuolunmazdır.

Bu günlərdə tanınmış rejissor-klipmeyker Şahin Zəkizadənin qan xərçəngi xəstəliyindən əziyyət çəkməsi xəbəri də arzuolunan deyildi. Yeri gəlmişkən, artıq rejissorun ilkin müalicəsinə lazım olan 50 min manatın toplanması üçün bank hesabı açılıb.

Mövzunun aktuallığını nəzərə alıb eyni xəstəlikdən əziyyət çəkən və son dövrlər bu xəstəliyin qurbanı olmuş məşhurlarımızla bağlı kiçik araşdırma aparıb.

Tanınmış teleaparıcı, bir sıra xeyriyyə proqramlarının aparıcısı olmuş hacı Nuran Hüseynov bir neçə ildir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. Teleaparıcı hər il bir neçə dəfə Almaniyanın Düsseldorf şəhərindəki məşhur klinikada müalicə və müalicə kursu keçir.

Əməkdar artist Coşqun Rəhimovun qalxanabənzər vəzində eyni xəstəlik mövcuddur. Aktyor bir neçə gün üçüncü dəfə əməliyyat olunub, hazırda vəziyyəti stabildir.

Bir müddət öncə mətbuata açıqlamasında aşıq Samirə Əliyeva da onkoloji xəstəlikdən əziyyət çəkdiyini etiraf etmişdi. Sənətçi bildirmişdi ki, 7-8 il öncə bu xəstəlik onda olub və həkimlərin səyi nəticəsində həyatda qalıb:

"Əslində ölümdən qorxan adam deyiləm. Təkcə qızımdan narahat idim. Ölüm qaşla-göz arasındadır. Bu xəstəliyim 7-8 il əvvəl olmuşdu. Şükür olsun ki, yaxşı həkimlərin əlinə düşdüm. Allahın möcüzəsi var, məsləhət biləndə yaşadır. Allaha deyirdim ki, mənə möhlət ver, bundan sonra həyatı necə sevmək lazımdır mən bilərəm. Pul, var-dövlət haqda daha düşünməyəcəyəm. Ölümün caynağından qurtulandan sonra bir daha başa düşdüm ki, həyat necə şirindir. Həkimə hər kəsdən gizli getmişdim. Niyə getdiyimi heç kimə deməmişdim. Hətta mən bir az gecikmişdim. Amma möcüzə oldu. Ondan sonra mən ikinci həyatımı qurdum".

Hər zaman qalmaqallı, yarı yalan, yarı gerçək açıqlamalarla gündəmə gələn müğənni Rəqsanə İsmayılova da bir müddət öncə xərçəng xəstəliyinə tutulduğunu bildirmişdi. Sənətçi bildirirdi ki, yeddi ildir başında inkişaf edən şişdən təzəlikcə xəbər tutub

Əməkdar artist Kübra Əliyeva da bir neçə ildir onkoloji xəstəliklə yaşayır. İldə bir neçə dəfə müayinədən keçən aktrisanın səhhəti hazırda qaydasındadır.

AZAL futbol klubunun gənc oyunçusu Rüfət Musayev da şiş xəstəliyinə yaxalanıb. Yanvar ayında komandanın baş həkimi Sədrəddin Məmmədov mətbuata açıqlamasında 30 yaşlı futbolçunun bunun üçün Onkoloji Dispanserdə müayinədən keçdiyini diqqətə çatdırmışdı.

Tanınmış diktor, xalq artisti Rafiq Hüseynov uzun müddətdir ağ ciyər xərçəngi ilə mübarizə aparır. Müalicəsi əsasən İsrail və Türkiyədə davam etdirilən diktorun səhhəti hazırda normaldır.

Xərçəng bir sıra məşhurlarımızı həyatdan erkən aparmağı da bacarıb. Amerikada yaşayan azərbaycanlı məşhur boksçu "Emil Baku" məhz bu xəstəliyin qurbanı olmuşdu.

Dövlət Musiqili Teatrının aktrisası, əməkdar artist Gülnar Salmanova isə eyni zamanda iki xəstəliklə-şəkər və xərçəng xəstəliyi ilə mübarizə aparırdı. Bir neçə il hər iki xəstəliklə mübarizə aparan aktrisa ötən il dünyasını dəyişdi.

Həmin teatrın daha bir məşhur aktrisası, əməkdar artist Xanım Qafarova da xərçəngin qurbanı oldu. (ölkə)

Mediainfo.az