Tolikdən icra başçısına - CAVAB

Tolikdən icra başçısına - CAVAB

12 İyul 2016 12:28
337
Bəyəndim (0) Bəyənmədim (0)

Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin prodüser Tarix Əliyevlə (Tolik) bağlı səsləndirdiyi fikirlərə qarşı tərəfdən cavab gecikməyib.

Tanınmış prodüser icra başçısının ona irad tutmasına münasibət bildirib:

"Paylaşdığım status çox səs-küyə səbəb oldu. Allaha şükür ki, Hacı bu işi həll elədi. Şəhidin qardaşı mənə zəng vurub dedi ki, qəbir daşını ucaltmaq üçün atama pul verdilər. Saytlarda isə "Tolik qələt edir, özünü reklam edir" kimi başlıqlara rast gəldim.

Mən Hacı Şəmsəddin Xanbabayevə şəxsən zəng vurdum, özümə qarşı hörmətdən başqa heç nə görmədim. Bəli,o, məni tanımaya bilər. 75 yaşlı ağsaqqal insandır. Bircə ona görə pis oluram ki, jurnalistlər yazılarda başlığa pis söz qoyurlar. Şükürlər olsun ki, problem həll olundu".

Qeyd edək ki, Tolik sosial şəbəkədə E.Mirzəyevə mərmərdən baş daşı qoymaq fikirində olduğunu yazıb:

"Şəhidin qəbrinin üstünü düzəltdirməyə Xaçmazın icra başçısının 500 manatı yoxdursa, mən ona mərmərdən qəbir daşı qoyduraram. Allah vətən uğrunda ölən hər bir şəhidə rəhmət eləsin".

Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev isə prodüseri tənqid etmişdi:

"Tolik deyilən bir adamın bu məsələlərə qarışmağına, o belə şeylərlə özünü reklam etməsin. Ayıbdır, dövlət var, belə şeyləri həll eləməyə gücümüz çatır, sadəcə niyə bir az yubanmasını izah etdim. Mən özüm bu məsələni diqqətimdə saxlayıram.

Bu gün hər şey həll olunacaq. Tolik bununla özünə reklam qazanmasın, ayıbdır. Əgər eləmək istəyirdisə, bunu səssiz- səmirsiz edərdi, daha reklam edə-edə yox. Çox iş adamları, xeyriyyəçilər var ki, şəhid ailələrinə yardım etmək istəyir. Amma heç kəs bunu Tolik formasında etmir". (Qafqazinfo)

Mediainfo.az