Rəşad Dağlı narazılıq edir

Rəşad Dağlı narazılıq edir

10 Avqust 2011 16:00
Bəyəndim (0) Bəyənmədim (0)
"Adımdan istifadə edənlərlə ölçü götürəcəyəm!"

Son vaxtlar ulduz kimi əlçatmaz hesab olunanlara əvvəlki diqqət, maraq ölüb, desək, yanılmarıq. İnsanlar sosial şəbəkələr vasitəsilə fanatlıq etdikləri şəxslə münasibət yaratmaqda çətinlik çəkmirlər. Hətta müğənni ilə söhbət zamanı toy qiymətləri belə danışılır. Belə getsə, artıq prodüsserlərə, həmçinin, Azərbaycanda eyni funksiyaları yerinə yetirən menecerlərə ehtiyac qalmayacaq. Amma bəzi sənət nümayəndələri var ki, bu cür şəbəkələrdən narazılıq edirlər. Düzdür, vaxt çatışmazlığından internetdə olmadıqlarını dilə gətirənlər də var. Amma say çoxluğu ilə fırıldaqçılardan bezib, bu cür şəbəkələrdən istifadə etmədiklərini söyləyənlər də az deyil. Məsələn, gənc meyxanaçı Rəşad Dağlı /Əmirov/ "Facebook" sosial şəbəkəsindən heç vaxt istifadə etmədiyini söyləyir. Səbəbini isə bu cür açıqlayır:

- Bilirsiniz, bu, əvvəl, yeni çıxanda dəbə düşmüşdü. Başqasını bilmirəm, amma mənim fikrimcə, hər şey boşluqdandır. Bir özünüz fikirləşin, əgər mənim ay boyu toyum varsa və ya gündəlik olmasa da, ara-sıra toylara dəvətlər alıramsa, gecələri yatmayıb, toylarda ayaqüstə dayanıramsa, boğazım yorulursa, ümumiyyətlə, yorğunçuluq olursa, vaxtımı nəyə sərf etməliyəm? Əlbəttə ki, istirahətə! Ya yatmalıyam, ya da ailəmin yanında olmalıyam. Deməli, bekarçılığa vaxt qalmır. Bilirəm, mənim də adıma sosial şəbəkələrdə səhifələr açıblar, guya əlaqə saxlayanlarla danışıram. Ancaq yalandır! Üzümü fanatlarıma, eləcə də mənə yazanlara tutub demək istəyirəm ki, internetdə hələ ki, Rəşad Dağlı olmayıb! Çox güman ki, uzun müddət də olmayacaq. Mənim adımdan yazan şəxsə və ya şəxslərə isə ayıb olsun! Haqqımda heç bir məlumatı olmayanlar adımdan istifadə edib, yazışırlar. Bu barədə ölçü götürməyin vaxtı çatıb artıq!

Könül Aypara

O.M.