Bu gün Ləman Ayxanın gəmiləri batmışdı

Bu gün Ləman Ayxanın gəmiləri batmışdı

26 İyun 2011 19:18
Bəyəndim (0) Bəyənmədim (0)
Gənc aparıcı Naibə məğlub olduğunu etiraf etmək istəmədi

Radio Avropa.az-ın "Qonağım ol" verilişinin efiri bu gün də maraqlı hadisələrlə yadda qaldı. Həmişəkindən fərqli olaraq, verilişdə qalmaqal yaşanmasa da, aparıcılar arasında gərginlik hökm sürürdü. Bu, Naibin proqram boyu daha fəal olmasından, mikrofonu həmkarı ilə az-az bölüşməsindən hiss olunurdu. Ləman nədənsə bədbin görünürdü. Musiqi fasilələrində onun telefonuna gələn aramsız zənglərə cavab verməməsi də diqqətlərdən yayınmırdı. Ləman Ayxanın həmişəkinə nisbətən passiv olması dinləyici mesajlarında da qeyd olunurdu. Ümumiyyətlə, gənc aparıcı kənardan susuz balıq təəssüratını yaradırdı. Hətta Naibin qonaqlara verdiyi "qızıl balıq" haqda sual da Ləmanın susqunluğu və məchul bir nöqtəyə zillənmiş baxışları ilə müşayiət olunurdu. Aparıcılar "Bakı" qrupunun üzvlərini sual atəşinə tutsalar da, Ləman Ayxan ona ünvanlayacağımız suallardan xəbərsizcəsinə hislərini, duyğularını gizlətməyə çalışırdı.

Nəhayət, veriliş bitdi və biz müşahidələrimiz nəticəsində yaranmış sualları gənc aparıcıya yönəltdik. Ləman veriliş boyu nəzərə çarpan passivliyinin səbəbini qonaqlar haqda ətraflı məlumata malik olmaması ilə izah etməyə çalışsa da, özü də bilmədən bəzi mətləblərə aydınlıq gətirmiş oldu. O, 2-3 həftədir əhvalının pis olduğunu, axır günlər yuxusunun ərşə çəkildiyini bildirməklə yanaşı, bunu dinləyicilərə büruzə verməməyə çalışdığını da etiraf etdi. Lakin narahatlığının səbəbini açıqlamaq istəmədiyini söylədi. Arifə bir işarə də kifayətdir. Biz onun daxili aləmində burulğanların olduğunu hiss edərək, ləpələri bir daha dalğalandırmadıq. Sadəcə belə bir sual səsləndirdik: "Bugünkü Naib-Ləman duelində məğlub olduğunuzu etiraf edirsinizmi?" Həmsöhbətimiz məğlub olmadığını bildirib, bugünkü geriliyin əvəzini həmkarından gələn həftə çıxacağını dedi. O, şəxsi həyatı ilə bağlı səhifəni qapatdığını və bütün fikrini işinə yönəldəcəyini deməyi də unutmadı.

Məhəbbət dünyada ən ülvi, ən pak duyğudur. Lakin var olan hər bir şeyin kölgəsi olduğu kini onun da qara kölgəsi var. Nə yazıq ki, məhəbbət böyüdükcə kölgə də böyüyür. Nə deyə bilərik? Təki gənc aparıcının yaradıcılığı o qədər parlaq olsun ki, gözqamaşdırıcı işıqda bütün kölgələr yoxa çıxsın...

Könül Aypara

O.M.