Eldəniz Vasif Məhərrəmlinin təklifini bəyənməyib!

Eldəniz Vasif Məhərrəmlinin təklifini bəyənməyib!

20 İyun 2011 16:59
Bəyəndim (0) Bəyənmədim (0)
"Saçın səhnəyə dəxli yoxdur!"

Səhnəmizdə saçsız gəzib-dolaşan müğənnilərdən biri də "Xalq ulduzu" müsabiqəsinin yaddaqalan iştirakçısı Eldəniz Məmmədovdur. "Vasif Məhərrəmli saçlarını Türkiyədə əkdirib. Mənə də təklif etmişdi ki, gəl gedək, amma istəmədim. Mənə elə gəlir ki, Azərbaycanın tanınmış sənətçiləri çox olub, hansı özünə maya buraxıb? Buna ehtiyac yoxdur. Məni toylara səsimə görə çağırırlar, saçıma, xarici görünüşümə görə yox. Saçın səhnəyə dəxli yoxdur", - deyən Eldənizin ən böyük arzusu həmyerlisi İslam Rzayev başda olmaqla bütün korifey sənətçilər kimi sanballı olub, gözəl musiqilər oxumaq, xalq, dövlət tərəfindən sayılıb-seçilməkdir. Onu da nəzərinizə çatdıraq ki, xalq ulduzu brendlərə üstünlük verir, o, əsasən "Pierre Cardin"in geyimlərindən istifadə edir. "Yay mövsümündə toylar az olur, ancaq müğənni gərək yerində addımlamasın. Mahnılar yazdırmaqla məşğul olsun. Kliplə aram yoxdur. İki klipim var, onlardan birinə 10 min manat xərclədim, ancaq effekt vermədi. Mənə elə gəlir ki, kliplərlə göz yormaqdansa yeni-yeni mahnılar yazdırılmalıdır. Gülayla oxuduğum mahnıya isə bəstəkarın xahişi ilə klip çəkdirəcəyik", - deyə radio Avropa.az-ın canlı yayımında açıqlama verən müğənni tezliklə daha bir uğurlu mahnını tamaşaçıların ixtiyarına buraxacağını da söylədi.

Xalqın gözü tərəzidir. Kimini xalq ulduzu görür, kimini şou biznes əhli...

Könül Aypara

O.M.