Radio.Avropa.az-ın canlı yayımında mübahisə düşdü

Radio.Avropa.az-ın canlı yayımında mübahisə düşdü

18 İyun 2011 19:38
Bəyəndim (0) Bəyənmədim (0)
Aparıcılar bir-birini bəyənmədilər

Bildiyiniz kimi, hər şənbə günü saat 15:00-da radio Avropa.az-ın efirində "Qonağım ol" verilişi canlı yayımlanır. Bu gün də istisna deyildi. Verilişə bütün hazırlıqlar plan üzrə gedirdi. Lakin həmişəkindən fərqli olaraq efir öncəsi həyəcan hiss olunurdu. Texniki-təşkilati məsələlər qaydasında getsə də, studiyaya fərqli zamanlarda təşrif buyuran aparıcılar gərgin görünürdülər. Çəkiliş meydanına əvvəlcə Ləman Ayxan gəlmişdi. O, bu gün həmkarı Naib Hacıyevin verilişdə iştirak etməyəcəyini, proqramı tək təqdim edəcəyini söylədi. Bununla belə, canlı yayıma bir neçə dəqiqə qalmış Naib gəlib çıxdı. Nədənsə fikirli görünürdü.

"Xalq ulduzu" yarışmasının qalibi Eldəniz Məmmədovla birlikdə verilişə start verildi. Fərqli suallar, gözlənilməz cavablar, maraqlı fikirlər bir-birini tamamlasa da, aparıcılar arasında hökm sürən gərginlik elə ilk dəqiqələrdən hiss olunurdu. Bu gərginlik kulminasiya nöqtəsini Naibin atmacası ilə tapdı. Mövzunun istiqaməti gözlənilmədən dəyişdi. Aparıcılar arasında "kimin səsi yaxşıdır?", "kim daha peşəkardır?", "hansımızın dinləyici auditoriyası çoxdur?" kimi debatlar yaşandı. Qonaq da bu polemikadan uzaqda qalmadı. Naibə atmacalar, replikalar yağdırmağa başladı. Sonra efirdə dinləyicilərin göndərdikləri SMS-lər səsləndirildi. Mütləq çoxluq Ləman-Naib qarşıdurmasında nədənsə birincinin tərəfində idi. Naib bir növ təklənmişdi. Ancaq təcrübəli aparıcı zərbələrdən özünəməxsus şəkildə qorunur, hərdən əks hücuma keçirdi. Bu, onun qonağına ünvanladığı sərt suallardan və həmkarı ilə diskussiyasından bəlli olurdu. Naibin hazırcavablığı, komplekslərdən uzaq olması diqqətdən yayınmırdı. Ləman da həmişəki kimi təmkinli görünürdü.

Sonda həzin xalq mahnısı sədaları altında hər üç tərəf atəşkəs elan etmiş oldu. Milli musiqimizin ecazkar qüvvəsi bu dəfə də tərəfləri birləşdirə bildi. Beləcə, canlı ifalarla, maraqlı mövzularla müşayiət olunan "Qonağım ol" verilişi tamaşaçıların yaddaşına və radio Avropa.az-ın lentinə köçdü.

Bəli, bu gün fərqli bir proqramın şahidi olduq. Müzakirələr aparıldı, mübahisələr yaşandı. Lakin sonda qazanan dinləyici oldu. Belə ki, Eldəniz Məmmədovun hələ heç yerdə demədiyi, bəlkə indən belə də deməyəcəyi etirafları səsləndi. Ziddiyyətlərlə dolu proqram həqiqət axtarışında yeni bir mərhələni qət etdi. Gəlin unutmayaq ki, inkişafın yeganə mənbəyi ziddiyyətdir...

Könül Aypara

O.M.