Röyanın 75.000 manatının sirri açıldı

Röyanın 75.000 manatının sirri açıldı

18 İyun 2011 20:40
Bəyəndim (0) Bəyənmədim (0)
Sən demə, onlar restoranı icarəyə veriblər

İyunun 14-də Röya Ayxan /Nəcəfova/ ad gününü bir çox yerli telekanallarda qeyd etdi. O, bu mərasimə 15 klipindən ibarət kino roliki çəkdirmək üçün rejissor Aqil M.Quliyevə müraciət etmişdi. İşin yarısını həll etmiş Aqil yalnız efir vasitəsilə Röyanın artıq onunla işləmək istəmədiyini öyrəndi. Hirsindən cin atına minən rejissor bir daha bu kimi kaprizli müğənnilərlə işləməyəcəyinə söz versə də, Röyanın imtinasının səbəbini öyrənmək belə istəmədi. Müğənni isə A.M.Quliyevi məsuliyyətsiz adlandırıb, onu gecikmədə ittiham etdi. Bax beləcə, onlar arasında soyuqluq yarandı.

Aqilin yarımçıq işini bəyənməyən Röya Etibar Babayevə üz tutdu. O da nə az, nə çox, nağd olaraq düz 75.000 manat pul tələb etdi. Sözsüz ki, belini yerə vurmağa alışmayan müğənni bu yüksək məbləğdən imtina etmədi /axı başqa kimə müraciət edəcəkdi?/. Razılaşma əsasında Etibar Babayevə 75.000 manat ödənildi və o, həvəslə işə başladı. İnsafən deyək ki, Röyanın sevilib-seçilən 15 mahnısından ibarət olan kino rolik heç də pis alınmamışdı. Axarlı və zövqlü işlənmişdi. Amma Aqildən fərqli olaraq, çox yüksək məbləğə...

Həmin vaxtlarda Röyanın həyat yoldaşı Anara məxsus "Zolotaya rıbka" restoranının bağlanması haqda xəbərlər ildırım sürəti ilə bütün şəhərə yayılmışdı. Düzdür, müğənni, "Restoran bağlanmayıb. Sadəcə, yay mövsümündən istifadə edib orada yeniliklər etmək qərarına gəldik. İndi restoranın birinci mərtəbəsi karaoke xidməti göstərəcək. Burada başqa karaoke klublardan fərqli olaraq, bir çox yerli müğənnilərin də repertuarları daxil ediləcək. İkinci mərtəbə isə restoran olaraq qalacaq. Yeni təmirdən çıxmış restoranımızın adı da dəyişəcək. Hələlik ad barədə qəti qərar yoxdur", - deyə açıqlama versə də, etibarlı mənbə hər şeyi olduğu kimi saytımıza danışdı: "Röya milyonçu deyil ki! Toylardan, şou-proqramlardan qazanır. O da adamdır, özü də xərci çoxdur. Xadimələr, dayələr, Türkiyədə oxuyan əkiz qardaşlarının təhsilhaqqı, xərcləri, anası, atası, ailə üzvləri, uşaq, öz ailəsi, istirahəti, geyimləri, salonlar, o qədər insanın yemək-içməyi, dost-tanışların məclisləri, öz işçiləri və s. "Zolotaya rıbka" onsuz da heç vaxt müştərilərlə aşıb-daşmayıb. Bir manat xeyir verirdisə, beş manat da ziyanı vardı. Röyagil belə qərara gəliblər ki, restoranı satışa qoysunlar. Amma sonradan fikirlərini dəyişiblər və məkanı icarəyə verməli olublar. Bir neçə ayın pulu əvvəlcədən alınaraq, Röya üçün kino klipin çəkilişlərinə xərclənib."

Deyirlər, yuxu tərs yozulur. Ümidvarıq ki, Röya Ayxan bu yazını tərs anlamayacaq. Axı röya yuxu deməkdir...

Könül Aypara

O.M.