ARAŞDIRMA-Ramalın yalanları üzə çıxdı

ARAŞDIRMA-Ramalın yalanları üzə çıxdı

10 İyun 2011 12:42
Bəyəndim (0) Bəyənmədim (0)
Sərxan Kərəmoğlu ilə Ramalı nə bağlayır?


Xalq artisti Mələkxanım Eyyubovanın qardaşı oğlu və bir vaxtlar Abbas Bağırovun rəhbərlik etdiyi "Qala" qrupunun üzvü olan Ramal İsrafilov haqda çox maraqlı xəbərimiz var. İlk əvvəl onu bildirək ki, Ramal səhnəyə atılandan Abbasın fanatı olub. Bəlkə elə bu fanatlığın gücüdür ki, onu musiqiyə də gətirib çıxarıb. Ancaq əfsuslar olsun, artıq bu məhəbbətdən əsər-əlamət qalmayıb. Onların arasından qara rəngdə bir pişik keçib. Bir sözlə, həmkarların arası müəyyən səbəblər üzündən möhkəm dəyib. Bəli, dərinə keçmədən, qayıdaq Ramala.

Bir müddət öncə Türkiyəyə yola düşən müğənni-bəstəkar geri qayıtdıqda yaradıcılığı haqda bəzi məlumatlar verdi. Guya meqastar Tarkanla işbirliyi qurub. Amma dünya şöhrətli müğənninin xahişinə əsasən bu barədə hələlik açıqlama vermək istəmir. Sözün açığı, bəzi müğənnilərin yalanlarından təngə gəldiyimizdən R.İsrafilovun "yeniliyi" ilə bağlı araşdırma aparmaq qərarına gəldik. Sosial şəbəkələrin birində Tarkanla işləyən bir şəxslə əlaqə saxlayıb, ona suallar verdik. Türk adının gizli qalmasını xahiş etdikdən sonra suallarımızı cavablandırdı:

"Tarkanla iş görmək istəyən heç vaxt onunla birbaşa əlaqədə ola bilmir və bilməz. Bunun üçün əvvəlcə "torpil" /yəni tanış və ya tapşırıq/ tapmaq lazımdır, ikincisi isə işçisi ilə münasibət qurulmalıdır. Ona çoxlu sayda mahnılar təqdim olunur. Bu mahnılar arasında Tarkan deyil, prodüseri ilə meneceri seçim edir. Odur ki, məhz həmin şəxslərlə əlaqə yaratmalısınız. Mən onun yalnız geyim-keçim işləri ilə məşğulam".

Bəli, ola bilsin ki, Ramal da Tarkana "ulaşmaq" üçün müəyyən şəxslərə müraciət edib. Amma hələ ki, onun Tarkanla işbirliyindən söz gedə bilməz.

Yeri gəlmişkən, araşdırmalarımız zamanı onu da öyrənə bildik ki, /hazırda İstanbulda olan əməkdaşımız Ruhlan Cəlilovun məlumatına əsasən/ Ramal İsrafilov Türkiyədə olarkən Sərxan Kərəmoğlu ilə görüşərək, "Taksim"də çiyin-çiyinə xeyli gəzişiblər. Gənc bəstəkar sözarası Tarkanla körpü yaratmaqdan ötrü Sərxana müraciət edib. Amma Kərəmoğlu kiminlə-kiminlə, Tarkanla hələlik heç bir münasibət qurmağın mümkün olmadığını bildirib. Beləcə, Ramal da əliboş, üzüqara geri qayıdıb. Ancaq burada özünü sındırmayaraq, "Tarkan dedi ki, anam-babam belə duymasın, iş həll olunsun, sonra açıqlama verərsən", - deməyə məcbur olub.

Artıq üç ilə yaxındır ki, Ramal "Tarkan-Tarkan", - deyib durur. Mahnılarını meqastarın albomunda görməkdənsə onun mahnılarını öz albomuna daxil etməli olur. Allah hamının arzusunu yerinə yetirsin, Ramalın da həmçinin. Necə olmasa, istedadlı bəstəkardır, qoy mahnıları təkcə yerli müğənnilərimizin ifasında deyil, fanatlıq etdiyi Tarkanın da ifasında səslənsin.

Könül Aypara

O.M.