Allah rizası üçün ailə qurmuşam

Allah rizası üçün ailə qurmuşam

9 İyun 2011 13:09
Bəyəndim (0) Bəyənmədim (0)
Heç bir qadın mənim gün ərzindəki bir saatıma dözə bilməz

Yenə də axtarışda idim. Birdən bu ifa mənim varlığımı elə sarsıtdı ki, özümə heç cür yer tapa bilmirdim. Qərara gəldim ki, həmin səsin sahibini axtarım. Elə də etdim. Onun iç dünyasının iki saatlıq qonağı oldum. O dünya məni elə bir aləmə apardı ki, bir neçə gün təsirdən oyana bilmədim.

Tanrı onu sənətə bənzərsiz ifası ilə gətirib. Şair Kərəm Kürqıraqlı isə onun haqqında belə yazır: "Nə müddətdir cılız səslər, nəfəslər eyləyiblər musiqini zay, bacım!"

Doğrudan da, belədir. Onun ifasına qulaq asandan sonra içində boğulub hönkürtü ilə ağlamaq, hayqırmaq istəyirsən. Bu ifa oxuduqca yandırır, yandırdıqca ağladır.

Bu səsin qəhrəmanı ürəyi böyük, mənliyi təmiz, varlığı isə cılız olan bir xanım - Elnarə Abdullayevadır. Nə əməkdar artist, nə də xalq artisti adına layiq görülüb. Sadəcə, bizim qəlblərimizə hakim kəsilib.

SƏSİM BATMIŞDI

- Elnarə xanım, neçə illərdir sizin ifanızı az-az eşidirik. Fasilə verməyinizin, yəqin ki, səbəbi var idi...

- Əlbəttə, üzr istəyirəm, uşaqlar balaca idi. Onların böyüməsini gözləyirdim. Ən əsas səbəbi də səsimin batması idi. Səs telimdə "nalit" var idi. Onu cərrahiyyə etdirdim.

- Qorxurdunuz səsinizin batmasından?

- Bilirsiniz nə vaxt qorxdum? Cərrahiyyədən sonra həkim demişdi ki, səsinin açılmağına söz vermirəm. Elə bilin ki, dünya başıma fırlandı, öldüm (onu qəhər boğur)!

- Elnarənin səsi çoxlarını kövrəldir. Görəsən, kimin səsi onu kövrəldir?

- Heç kimin. Kim ağlamalı oxuya bilər ki? O səs gərək daxildən gəlsin.

- Bildiyimə görə, ailə üzvlərinizin hamısı sağ-salamatdır, şükür Allaha. Yaxşı, bəs niyə yanıqlı oxuyursunuz? Axı insan gərək əzizini itirsin ki, ürək də kövrəlsin...

- Elə təsəvvür edirəm ki, evimizə getmişəm. Onlar da həyatda yoxdur. Mən o anları yaşayaraq oxuyuram. Yeri gəlmişkən, mən "Leyli və Məcnun"u oynasam, ağlayaram. Çünki Füzuli onu Allaha olan sevgidən yazıb. Mənim də varlığım Allaha çox bağlıdır.

Yeri gəlmişkən, müsahibə almamışdan öncə düz 15 dəqiqə gözləməli oldum. Çünki o, namaz qılırdı

- Siz namaz qılırsınız, oruc tutursunuz. Məncə, sənətdə olan insanlara belə dini itaətlər uzaqdır...

- Düzdür, amma mən bu sənətdə olsam da, Allah bilir ki, varlığım pakdır.

- Çox maraqlıdır, nə üçün fəxri ad ala bilməmisiniz?

- Eybi yox, qoy mən tay-tuşlarımdan on il gec alım hansısa fəxri adı. Amma o ad mənim özümünkü olsun. Kimsə alıb verməsin. Və bilməliyəm ki, o ada həqiqətən də layiqəm.

- Müğənnilərimizin əksəriyyəti məhəbbət mövzusunda oxuyurlar. Sizin repertuarınızda bir çox mövzulara yer verilib. Bu, nədən irəli gəlir? Bəlkə elə buna görədir ki, mahnılarınız elə də populyar deyil indiki zəmanədə?

-...

ALLAH RİZASI ÜÇÜN AİLƏ QURMUŞAM

- Axı Elnarə sevmir. Sevməyin nə olduğunu bilmir. Sevmirsə, necə yaşayır?

- Sevgi yalnız insana görə deyil ki? Məsələn, məni Yaradanı ona görə sevirəm ki, o, mənə varlığımı yerində verib, özü də təmənnasız. Səs verib, tanınmaq verib. Bu gün mən səsimə görə qürrələnib, sevirəm. Onu mənə həyatda hansı insan verə bilər? Özü də təmənnasız!

- Yaxşı, bəs sevmədən necə ailə qurmusunuz?

- Yalnız Allah rizası üçün...

- Allah rizası üçün daha nə etmisiniz?

- Üzr istəyirəm, övladlarımı dünyaya gətirmişəm.

- Söhbətinizdən belə çıxır ki, həyatda çox acılı anlar keçirmisiniz...

- Çox, heç bir qadın mən yaşadığım çətinliklərin yarısını yaşamayıb. Özü də bu sənətdə mərdi-mərdanə. Özümü tərifləmirəm. Dünya dağılsa belə, inanmaram ki, həmkarlarım mənim gün ərzindəki bir saatıma dözə bilməz...

HƏMKARLARIM YALAN DANIŞIR

- Deyəsən, siz də adi bir ömür yaşayırsınız...

- Guya sənətkar göydən düşüb? Bu canı mən də verəcəm, onlar da. Qeybət olmasın, bir də görürsən, deyirlər ki, Allah istəyib, mənə hər şey verib. Allah istədi, səsi də verdi. Daha demədi ki, vicdanını ayaqlar altına at. Nə var-nə var, puldan ötrü. Oğul ona deyərəm ki, öz addımı ilə yerisin. Görək nə qədər gedə bilər? Heç kim! Bir də görürsən ki, birinə bahalı maşın, ev hədiyyə verirlər. Allah artıq eləsin! Axı o hədiyyəni mənə niyə vermirlər? Bəziləri deyir, özüm qazanmışam. Yalandır! Onu qazanana qədər, bəlkə mədəni surətdə neçə kişinin evinə "oğurluğa" gedib.

- Allahınızdan razısınız?

- Əlbəttə. Ən əsası ona görə ki, mənə ağıl verib və nəfsimi tox edib. Var-dövlət olmasa da, olar. Bu gün mənim maşınım yoxdur, məgər ölürəm? Mən sənətə gələndə, vallah, indiki tanınanların əksəriyyəti dolların nə olduğunu bilmirdilər.

- Əgər sizə böyük hədiyyə verilsə, qəbul edərsiniz?

- Mən görməmişəm! Qətiyyən! O böyük hədiyyələrin arxasında durmaq lazımdır. Dedim axı, yalnız Allah verdiyini təmənnasız verir. Tutaq ki, sabah elə bir iş gətirdi ki, o hədiyyə verənin üzünə qayıtdım. Görün, nə olacaq? Ona görə də lazım deyil. Allaha həmişə yalvarıram ki, mənim gözümü tox elə. Məni istər bu dünyada, istərsə də o biri dünyada üzüqara eləmə. Əgər insan öz cisminin qədrini bilmirsə, sizcə, xalqının qədrini bilə bilər?

- Sizcə, sizinlə yarışmaya çıxacaq elə bir səs sahibi varmı?

- Ola bilər. Allah mənə veribsə, başqalarına da verib. Mənim qısqanmaqla aram yoxdur. Səslə deyə bilmərəm, amma ürəklə inanmıram. Çünki mən başqa aləmin adamıyam.

- Sirr deyilsə, o aləmdə nə var?

- Nə varsa, o aləmdə var. Bəlkə gizli saxlayaq?

Müəllifdən: Elnarə Abdullayeva 1972-ci ilin iyunun 17-də Şamaxının Çuxanlı kəndində kasıb bir ailədə dünyaya göz açıb. Acanda bütün yeməkləri xoşladığı kimi, fəsilləri də bir-birindən ayırmır. "Hərəsinin öz gözəlliyi var", - deyir. Və bu gözəllikdən zövq alan müğənninin yaşı 35 olsa da, nədənsə özünü 60 yaşlı bir adam kimi hiss edir. Qoca dünyadan kam aldığı övladları və onların xoş günlərini görmək ən böyük arzusudur. Allahından ona görə razıdır ki, ona səslə bərabər, möhkəm iradə verib. Sənətinə hörmət etdiyim və "yalnız Alim Qasımovun ifasında sənəti duyursan", - deyən Elnarənin arzusu Tanrıdan cansağlığı diləməkdir. "Sənət aləmində kimin zirvəsinə ucalmaq istəyirsən?" - sualına isə o "Allah hansı zirvəyə layiq bilirsə, qoy onu da rəva bilsin", - deyə cavablandırdı. Mən də Tanrıdan onun arzularının gerçəkləşəcəyi bir ümidlə ayrıldım. Və inanıram ki, bu səs vaxt gələcək zamanın yaddaşına bir tarix kimi qızıl hərflərlə yazılacaq.

SON SÖZ ƏVƏZİ:

Gözlər qəlbin aynasıdır. Ondan axan kövrək yaş dənəcikləri ürəkdən gələn saf hisslərin təcəssümüdür. Səs var ki, insanı ağladır. Həmin o səs birbaş saf hisslərə xitab edən səsdir. Hər birinizə yalnız sevinc göz yaşları arzusu ilə

Sevinc Akifqızı

Oxu Məni - 09 oktyabr 2007 (Nostalji)