Nigar Talıbova modelliyə son qoyur

Nigar Talıbova modelliyə son qoyur

4 İyun 2011 20:58
Bəyəndim (0) Bəyənmədim (0)

O, hələ 2010-cu ildə modelliyə son qoyub, müğənnilik etmək istəyirdi. Çox iddialı idi. Hətta Azərbaycanı "Eurovision-2010" müsabiqəsində təmsil etmək fikrinə də düşmüşdü. Bu məqsədlə Kenan və Ozan Doğulu qardaşlarına müraciət etməyi də qərara almışdı. Türkiyə mediasına verdiyi müsahibəsində modellikdən müğənniliyə addım atanlar arasında yalnız Demet Akalını bəyəndiyini etiraf etmişdi. Bildirmişdi ki, manekenlikdə əvvəlkitək para yoxdur, indi manekenləri xahişlə, tapşırıqla podiuma çıxarırlar, bu da yaşamağa maneə törədir. Bu səbəbdən də müğənnilik eşqinə düşüb. Ancaq nədənsə o vaxt qərarına ara verməli olmuşdu. Bu, elə də uzun çəkmədi. 1 ildən sonra nəhayət ki, qətiyyətlə podiuma "yox!" deyib, səhnəyə atıldı. Daha doğrusu, tezliklə atılacaq. Söhbət Türkiyədə maneken kimi fəaliyyət göstərən Nigar Talıbovadan gedir.

Nigar bəstəkar Gövhər Həsənzadə ilə türk şairəsi Ayşə Birgül Yılmazın işbirliyindən ibarət albom hazırlayıb. Amma bizim üçün yox, məhz Türkiyə şou-biznesi üçün nəzərdə tutulub bu albom. Onu da xatırladım ki, səsyazmalar Türkiyədə baş tutacaq. Görünür, keçmiş model buranın səsyazma studiyalarına etibar etmir. Amma qəti qorxusu yoxdur. Bizim səsyazma studiyaları da artıq inkişaf edib. Odur ki, xaricə getməyə lüzum yoxdur.

Bax beləcə... Gah Özcan Denizin, gah Serdar Ortacın, gah da Kenan Doğulunun kliplərində arxa plana çəkilən Nigarın indi öz klipləri yayımlanacaq. Görəsən, türk şou-biznesinin nümayəndələri ona "bazara" girməyə imkan verəcəklərmi? Çox güman ki, hə. Necə olmasa, adaşı Nigar Camal "Eurovision-2011"də türklərə qarşı bir jest göstərdi, Türkiyənin bayrağını dalğalandırmaqla. Bu Nigar Talıbovaya bir növ yardım ola bilər. Nə deyirik? Xeyirli olsun.

Nigara çətin olmayacaq, çünki səhnədə olan artist sayılır...

Könül Aypara

O.M.