Sevda Yəhyayeva konsert öncəsi açıqlama verdi

Sevda Yəhyayeva konsert öncəsi açıqlama verdi

4 İyun 2011 17:53
Bəyəndim (0) Bəyənmədim (0)


Yanvar ayının 26-da Gənc Tamaşaçılar Teatrında Sevda Yəhyayevanın konsert proqramı təşkil olunmuşdu. O vaxt mehribançılıq hökm sürdüyündən Röya Nəcəfova da rəfiqəsini dəstəkləməyə təşrif buyurmuşdu. Hətta səhnəyə çıxaraq, Sevda haqda ağızdolusu danışmış, birlikdə mahnılar da ifa etmişdi. Bir sözlə, o, rəfiqəsinin konsertinə böyük həvəslə qatılmışdı.

Hadisədən çox keçməyib - 5 ay. Ancaq bu müddət ərzində çox şey dəyişilib. Artıq rəfiqəlikdən əsər-əlamət də qalmayıb. Əksinə, əsl "döyüş" gedir, amma birtərəfli. Nədənsə R.Nəcəfova daha "fəal"dır, sanki Sevdanın əlindən yanıqlıdır. Yəhyayeva isə nədənsə onun atmacalarına heç bir reaksiya vermir. Bəlkə tərbiyəsini nümayiş etdirir, bəlkə də yanında suç işlədib deyə dillənmir, səbir edir.

... Bu gün S.Yəhyayevanın ikinci konserti keçiriləcək. Artıq "Neolit" şadlıq sarayında geniş hazırlıq işləri görülüb. "Yuxu" adlı konsertə 600-dən çox qonağın gələcəyi nəzərdə tutulub. Dəvətlilər arasında səbəbkarın yaxınları ilə yanaşı, həmkarları da var. Amma əlbəttə ki, artıq qanlı düşmən olduğu Röya Nəcəfovanı çıxmaq şərtilə. Röya nəinki keçmiş rəfiqəsini dəstəkləyəcək, konsertinə gələcək, onunla duet oxuyacaq, hətta...

Deyilənə görə, məhz Röyanın göstərişi ilə bəzi internet saytlarında, əsasən də "Facebook" sosial şəbəkəsində Sevdanın əleyhinə qara piar kampaniyası başladılıb. Bu piar artıq ikinci həftədir ki, davam etdirilir. Konsertə bir neçə saat qalmış isə daha da kəskin şəkil almaqdadır.

Hazırda konserti ilə əlaqədar başı qarışıq olan S.Yəhyayeva saytımıza açıqlamasında əleyhinə təşkil olunmuş piarla bağlı bunları söylədi:

- Bilirsiniz, mən "Yeni ulduz" müsabiqəsini keçmişəm. Dahi adamlar qarşısında imtahan vermişəm. Bu səviyyəyə çatdığıma görə onlara, Allahıma və anama borcluyam. Heç kimin kölgəsində populyarlıq qazanmamışam. Bunu məni tanıyanlar da təsdiqləyə bilərlər. İndi əleyhimə qara piarla çıxış edirlər. Guya biletləri qohum-əqrəbaya paylamışam ki, yerlər dolsun, dostlarımı çağırmışam, biletlərdən yalnız 30-40 ədəd satılıb, 10 manatdan biletlər paylanılıb və s. Əlbəttə, dəvətlilər də var, bu, bütün konsertlərdə olur. Yaxınlarıma hörmət əlaməti olaraq dəvətnamələr göndərmişəm. Bu, o demək deyil ki, məni heç kimə lazım deyiləm. Həmin şəxslər nə qədər ucuz olduqlarını bir daha göstərdilər. İndi isə bağışlayın, mən sənətimlə məşğulam, qalmaqalla yadda qalmaq mənə yaraşmaz. Konsert başlanmaq üzrədir.

P.S. Bu şou-biznesin özünəməxsus qaydaları var. Kənardan çox asan görünsə də, əslində olduqca mürəkkəbdir. Pul-para, populyarlıq məqsədilə gələnlər mürəkkəbliklə üzləşdikdə çıxış yolu tapmaqda çətinlik çəkirlər, quyruğu yanan siçan kimi ora-bura vurnuxurlar, aranı qarışdırmaqla özlərini gözə soxmağa da çalışırlar bəzən. Amma sırf sənət xətrinə gələnlər, özlərinə hörmət qoyanlar mürəkkəblikdən rahatca sadəliyə adlamağı bacarırlar.

Şou-biznesin nümayəndələri olan bu iki xanımın qalmaqalına diqqətlə nəzər salsaq, hər ikisinin ayrı-ayrılıqda hansı kateqoriyaya aid olduqlarını müşahidə etmək olar.

Yeri gəlmişkən, Rəşad Kəsəmənli də Sevda Yəhyayevanın dəvətli qonaqları arasındadır. Dəvətnamə sonuncu anda sahibinə çatdırılsa da...

(Ardı var)

Könül Aypara

O.M.