Niyaməddin Selami boğazındakı "xərçəng"dən qurtulmaq istəyir!

Niyaməddin Selami boğazındakı "xərçəng"dən qurtulmaq istəyir!

2 İyun 2011 13:45
4 034
Bəyəndim (0) Bəyənmədim (0)


Sizə kimdən deyim, kimdən danışım, Niyaməddindən! Yox, bu, heç də siz düşündüyünüz Niyaməddin Musayev deyil. Aralarındakı oxşarlıq bir adlarından, bir də müğənniliklərindən ibarətdir. Fərq isə... Əsas fərq budur ki, söhbət açacağımız Niyaməddinin seyrək də olsa, saçları var. Özü də həmkarı Rəhim Rəhimli ilə sıx dostluq münasibəti işlədir. Hətta bir yeyib, bir damın altında belə qalırlar...

Əvvəllər aşpaz işləyən, yavaş-yavaş şou-biznesin kandarından içəriyə doğru irəliləyən Niyaməddin Selamidən söhbət gedir. Elə ləqəbindən də görünür ki, o, türk müğənnisi Selami Şahinin fanatıdır. Bu üzdən həm onun adından ləqəb kimi istifadə edir, həm də repertuarına müraciət edir. Dəvət aldığı şou-proqramlarına ucuz qiymətə gedən Niyaməddin ilk öncə ona populyarlıq gətirən Selaminin mahnılarını oxuyur, ardınca isə öz repertuarına müraciət edir /əlavə edim ki, Niyaməddin Zeynəb Dostəliyevanın mahnılarını yeni tərzdə oxumağa başlayıb/. Bəs necə? Artıq onun da özünəməxsus mahnıları var! Bu gün-sabah albom da buraxdıracaq. Odur ki, Niyaməddinin "Eurovision" uğrunda nə vaxtsa mübarizə apardığını görsəniz, heç də təəccüblənməyin. Axı indən belə aşpazın, səhv etdim, müğənninin digərlərindən fərqi nə olacaq ki...? Geyimi geyim, dəyişikliyi öz yerində, oxuyur, oynayır, əyləndirir, albom sahibidir və sair. O, hətta Nura Suri, Ruhi və bir başqaları kimi adını da dəyişib /necə olmasa, şou-biznes əhlinə çevrilib axı.../ . Olub: Niyam Selami!

Niyaməddin haqda daha bir məlumatımız da var. Ən yaxın dostu olan R.Rəhimlinin bəstələrinə müraciət edən bu müğənni boğazındakı "xərçəng"dən qurtulmağın yollarını axtarır. O, bir müddət öncə boğazına "xərçəng" rəsmini tatuaj etdirmişdi. Görünür, sou-biznesin tələblərinə riayət edərək, dəblə ayaqlaşmaq keçmişdi ürəyindən. Bəlkə də bu məsləhəti ona qulağına sırğa taxmış Rəhim verib ki, bu yolla populyarlıq qazana biləcəksən.

Artıq azacıq da olsa, tanınandan sonra tatuajın İslam dininə zidd olduğunu anlayan Niyaməddin "xərçəng"ini ləğv etdirmək qərarına gəlib.

Təki populyarlığı xərçəng kimi inkişaf etsin...

Könül Aypara

O.M.