Məşhur teleaparıcılar Azər İsmayılov və Vüsalə Əlizadə niyə boşandılar?

Məşhur teleaparıcılar Azər İsmayılov və Vüsalə Əlizadə niyə boşandılar?

11 Fevral 2014 16:43
Bəyəndim (0) Bəyənmədim (0)

Onların boşanma xəbəri rezonans doğurdu. Bu xəbəri eşidənlərin çoxu deyilənlərin şayiə olduğuna özünü inandırmağa çalışdı. Çox təəssüf ki, bu xəbər doğru idi. Bəli, bir vaxtlar efir məkanının "ciftə qumruları" sayılanVüsaləAzəri indi bircə şey birləşdirir. Aparıcıların birgə nikahından doğulan Dilək istəməsələr belə, onları bir-birinə daim bağlayacaq teldir. Hərgah üzünü görə bilməsə də, atası onun varlığı ilə nəfəs alır. 9 aydır ki, övlad həsrəti çəkən Azər İsmayılov Mövqe.az-a danışdı:

- Balaca Dilək böyüyür. Uşağı görə bilirsinizmi?

- Ayın 10-u uşağımın 2 yaşı olur. Hələ də uşağımı görmürəm. Artıq 9 ay keçib... Onun üçün çox darıxıram. Əlbəttə, mən əminəm ki, uşağımı görəcəyəm. Dövlətimizin qanunları var. Qanun çərçivəsində, məhkəmə mənə uşağı görmək ixtiyarı verib və mən bundan istifadə edə bilərəm. Ancaq bəzi səbəblər ucbatından, bilmirəm nəyə görə, nə səbəbə görmək hüququmu qarşı tərəf Apellyasiya Məhkəməsinə şikayət edib. Ancaq istər Apellyasiya Məhkəməsi olsun, istər Ali Məhkəmə, istərsə də Avropa Məhkəməsinə versinlər, mən hazıram! Dövlət bir ataya övladını görmə hüququ verib və inanıram ki, bu qərarı elə qüvvədə də qalacaq. Axır-əvvəl bunun bir sonu gəlib çatacaq. Mən övladımı dəfələrlə görməyə cəhd etmişəm, amma buna imkan verilməyib. Övladımdır, canımdır, ciyərimdir, qanımdır. Hər zaman arxasında durmağa hazıram. Vaxtı gələndə özü məni tapacaq, hər şeyi də başa düşəcək. Şüurlu şəkildə o hər şeyi dərk edəndə mən də, ona hər şeyi sənəd-sübutla göstərəcəyəm, olunan haqsızlıqları başa salacağam. Sənədləri göstərəcəyəm və sübut edəcəyəm ki, səni görməməyimə səbəb bunlar olub.

- Çox darıxmısız deyəsən...

- Burnumun ucu göynəyir onun üçün... Övladımdır. Ona mən baxmışam. Dünyaya gəlməsində çox əziyyətim olub. Mən deyərəm, insanlar məni qınayar ki, övladındır, baxmalısan, borcundur. Amma həqiqətən o məni elə çox istəyirdi, yapışırdı ayağımdan, buraxmırdı, arxamca ağlayırdı. Niyə görə mən axı övladımı görməməliyəm? Səbəb nə gətirilə bilər axı? Sadəcə zaman uzanır və mən övladımı görmürəm. Ancaq buna qıcıqlanmıram. Zamanı gələndə görəcəyəm.

- Mən bilən övladı ataya (və yaxud da ki, anaya) o səbəbdən verməyə bilərlər ki, ya psixolojı, ya əxlaqında və s. belə ciddi, uşağa xələl gətirəcək səbəblər olsun.

- Prosesləri vəkilim həyata keçirir. Proseslərə mən qatışmıram. Vəkil məni hər dəfə məlumatlandırır. Mən psixi və fiziki cəhətdən çox sağlam insanam. Həmişə də ailəmin qədrini bilən və ona dəyər verən insan olmuşam.

- Bəs nə səbəbə bu evlilik alınmadı? Niyə ailənizi qoruyub, saxlaya bilmədiniz?

- Mənim əvvəlki həyat yoldaşım məni ilgiləndirmir. Məndən qalan sadəcə bir körpədir. Aramızda olan ən xoş şey də məhz Diləkdir. Ondan başqa heç bir xoş xatirəm yoxdur. Diləyin hər bir qayğısını, əziyyətini çəkməyə hazıram. Onun uğuru mənim uğurumdur. Sadəcə boşanmaya səbəb o xanımın sərbəst yaşamaq istəyi olub. (bir neçə dəqiqə susur)… Sizə bir misal çəkim. Mənim ayağımdakı ayaqqabı çox gözəl görünür, baxanlar deyir, necə yaraşır. Amma siz bilməzsiniz axı, o içəridən məni sıxır, ağrı verir, yoxsa yox... Ailə də belədir. Ailədaxili problemlərdə ailə daxilində qalır. Mən hər şeyi açıb, danışsam, el məni qınayar. Bizdə də alınmadı. Amma bu boşanmada özümü günahkar görmürəm və sadəcə bir kəlmə deyirəm ki, mən ailəmi boşamamışam! Qərar xanım tərəfdən verilib.

- Bu yaxınlarda bir xanımla şəkliniz yayıldı, şəklin altında da "kayfuem" yazılmışdı...

- Hə, onu götürüb yaymışdılar ki, Azər qızla yaxalandı. Azər paltardır, əskidir, nədir axı, yaxalansın. Sonra da boşanmış kişiyəm, subay sayılıram, qızla şəkil çəkdirməyim adi bir haldır. Dostum çəkib, sosial şəbəkəyə qoyub. Saytlar da onu xəbər ediblər.

- Sosial şəbəkədən tez-tez istifadə edən insansınız, yazdıqlarınız da çox tez səs-küyə səbəb olur. Bir statusunuz var idi ki, insan gərək xoşbəxtliyini ehtirasına qurban verməsin. Siz qurban vermisinizmi?

- Mən sadəcə, dostlarım üçün o statusu yazmışam. Normal dərrakəli insan oturub, düşünsə, görər ki, mən nə demək istəmişəm. Demək istəmişəm ki, yəni, sevgi, sevmək boş şeydir. Əsas ağılla sevəsən və ailəni qoruyub, saxlayasan. Ailəni heç nəyə qurban verməyəsən.

- Ümumiyyətlə, tam səmimi cavab verəcəksinizsə, sizdən bir məsələni də soruşum...

- Buyurun, Əfruzə xanım.

- Heç ailəli olduğunuz zaman xəyanət etmisinizmi?

- Xeyr, olmayıb (bu zaman Azər bəylə müsahibəyə gəlib, kənardan olsa da, çox diqqətlə bizi izləyən Rəşad bəy söhbətə qarışır. Xanım, icazənizlə sizə bir sual verim. Xəyanət siz nəyə deyirsiniz və mən cavab verirəm ki, bir kişinin başqa xanımla kənarda olan təmasına. Rəşad bəy məni alqışlayır və fikrimlə tam razı olduğunu bildirir. Və mən belə başa düşürəm ki, hər iki kişi mənim kimi düşünür və bir gecəlik olan zəifliyi xəyanət hesab etmir. Azər bəy fikrini əsaslandırmağa başlayır) Xəyanət etməyim üçün hər şeydən əvvəl əsas olmayıb. İkinci isə bütün Azərbaycan məni tanıyıb ki, mən kimlə evliyəm. Gəzib, dolaşmaq, kimləsə danışmaq, görüşmək xəyanət sayılır məgər?! Ailəmin dağılmağına səbəb xəyanət deyil.

- Deyirlər, çox qısqanc insansınız. Bəlkə səbəb bu olub?

- Hər kişi qısqancdır. Mən bu dəqiqə anama da, atama da qısqancam. Adi, atam bacımı çox istəyəndə onu da ona qısqanıram. İnsan qısqanc olar da... Qədərində qısqancam. Əsl Azərbaycan kişisini özündə xarakterizə edən insanam. Mənim ailəmə nə olarsa olub, nə olmazsa olmaz və mən onu qadağa qoymuşam.

- Mənfi cəhətiniz nədir?

- Dünyada baş verən texnolojı proseslərə gec qalmağım... Başqa heç nə.

- Siz danışdınız, qarşı tərəf susdu. O susmağı necə qiymətləndirirsiniz, səbəb nə idi o susqunluğa?

- Mən bu proseslərin baş verməsində Allaha şükür edirəm. Mənim bugünkü həyatım çox yaxşıdır və hər şey irəliyə doğru gedir. Hər şeydə uğur əldə edirəm və özümə söz vermişəm ki, bu il mənim ilim olacaq. Hər sahədən nə isə uğur əldə edəcəyəm.

- Bu prinsipdir?

- Yox, sadəcə bu mənim gündəlik həyatımda qarşıma qoyduğum məqsədimdir.

- Stimulu haradan alırsınız?

- Qızım və dostlarımdan. Qızımı görmək prosesi uzansa da, dostlarım yanımdadır. Sözün həqiqi mənasında onlar məni ruhdan düşməyə qoymur. Onlar olmasaydı, mən çox passiv olardım.

- İkinci dəfə ailə həyatı quracaqsınızmı?

-İkinci dəfə ailə həyatı quracağam. Hətta yaya qədər evlənməyi düşünürəm. Şəriətdə də belə bir məsələ var və Məhəmməd peyğəmbər özü deyib ki, kişi subay qalırsa deməli o, günah iş görür. Əgər mən fiziki cəhətdən sağlam və normal kişiyəmsə, niyə də ailə qurmayım? Məni istəyən o qədər xanım var ki... Sadəcə seçim edirəm və məni sevib, hörmət edən, mənə dəyər verən, ailəsini, övladını düşünən, onları hər şeydən öndə tutan, əsl Azərbaycan xanımı ilə bundan sonra ailə həyatı quracağam.

- Ola bilər yenidən jurnalist bir xanımla və yaxud da aparıcı bir xanımla ailə həyatı qurasınız?

- Əlbəttə, ola bilər. Efirdə olan məgər normal qız deyil?

- Namizəd var ?

- Bir neçə seçilənlər var. Mən və ailəm seçim edirik. Yaya qədər, inşallah, evlənəcəyəm.

- Deyəsən, birinci nikahınız ailənizin ürəyincə deyildi...

- Bəli, onlar razı deyildi. Düz deyiblər, böyüyün sözünə baxmayan böyürə-böyürə qalar. Böyüklərlə mən məsləhət etməmişdim. Deyirdim belə olmayacaq elə olacaq. Amma əksinə, onlar deyən kimi oldu. Ana-atanın halallığı olmasa, o iş sona kimi getməz.

- İkinci dəfə valideynlərinizin seçdiyi bir xanımla ailə həyatı quracaqsınız, yoxsa necə?

- Yox, həyatda heç kim mənim işimə qarışa bilməz. Onlar mənə deyə bilməz ki, gəl mən sənə o qızı alım, ya bu qızı alım. Mənim 33 yaşım var. Qarşımda oturan insanın oturuşundan belə mən onun tərbiyəsini, içindəkiləri anlaya bilirəm. Qulluq olunmuş forma odur ki, qramatik danışıq, mədəni geyinmək və özünə hörmət qoymaq. Həyatda hörmət görmək istəyirsənsə mütləq dərəcədə qarşındakına hörmətlə yanaşmalısan. Mən şirkət böyüyünə də, adi yanımda işləyən işçimə də hörmətlə yanaşıram.

- Bir az da yeni layihəniz barədə danışaq. Hazırlıq necə gedir?

- Hazırlıq çox yaxşı gedir. Layihədə ən tanınmış, məşhur ulduzlar olacaq. Açılış günü onların kimliyi bəlli olacaq. Onlar ilk dəfə olaraq Azərbaycan teleməkanında rinqə çıxacaqlar və professional döyüş keçirəcəklər. 20 min manat uduş məbləğidir. Sponsorumuzdan külli miqdarda puldur, evdir mükafat olaraq verilir. Həmin layihədə Rəşad Kəsəmənli ilə birlikdəyik. Layihənin bədii rəhbəri Rəşad Kəsəmənli olacaq. Ulduzlar döyüşəcək, professional məşqçilər, hakimlər olacaq. Layihənin əsas məqsədi 2015 – ci il Azərbaycanda keçiriləcək yay Avropa Olimpiada oyunlarınakı boksçularımıza məşhurlar vasitəsilə dəstək olaq. Lisenziyalı layihədir.

- Sonda bizə deyəcəyiniz sözünüz qaldımı?

- Ayın 10-u qızımın ad günüdür ( bu müsahibə bir neçə gün öncə alınıb – red). Onu təbrik edirəm və onsuzda təbrik edəcəyəm də... Bu etirazlar, problemlər, uzadılan proseslər bitdikdən sonra, məhkəmə qərarlarının hamısını toplayacağam və qızım 18 yaşa çatandan sonra ona təqdim edəcəyəm. Alimentini vaxtı-vaxtında artıqlamasıyla ödəyirəm. Onu götürəndən sonra da onu geyimi, yaşamı və başqa ehtiyacı olan hər şeylə təmin edəcəyəm. Amma bir söz deyim ki, uşağımın tərbiyəsinə zərər gətirəcək hər hansı bir şey görərəmsə mən də bilirəm nə edəcəyəm...

- Nə edəcəksiniz?

- Onu da zamanı gələndə açıqlayaram. Sonda sizdən bir ricam var ki, saytlar götürüb bunu başqa başlıqlarla qoyurlar və kommentlər fərqli olur. Ay yenə boşandılar. Sonda kommentlərdə təhqirlər filan... Mən o sözlərin heç birinə cavab vermirəm. Yazırlar ki, Azər get ailəni qoru, barış və s. kimi sözlər... Bu məsələ bitib. Bu xanım haqqında təəssüratlarım budur ki, o bir kitab idi, yarımçıq gəldi və bağlanıb, getdi. Heç bilmirəm o kitabı necə oxumuşam və heç bundan sonra açıb, vərəqləmək, oxumaq belə istəmirəm.

Mediainfo.az