Tayson və Ronaldinyo eyni meydançada

Tayson və Ronaldinyo eyni meydançada

19 May 2011 14:16
Bəyəndim (0) Bəyənmədim (0)

Boks üzrə ən ağır çəkidə sabiq dünya çempionu Mayk Tayson əvvəllər qansızlığı, narkomanlığı, həbsxana həyatı ilə diqqəti cəlb edirdisə, indi xeyriyyəçiliyi, müxtəlif yığıncaqlarda çıxışları və hətta incəsənət şoularında iştirakı ilə səs salır. Övrəti Lakia Spayserlə Argentinada təşkil olunan "Arzular xətrinə rəqs" şousunda çıxış edən cütlük tamaşaçıların sürəkli alqışlarını qazanıb. Jüri də xəsislik etməyərək tandemə yüksək bal verib.


Mətbuat konfransında riqqətə gələn dəri əlcək ustasının gözləri azacıq nəmlənib: "Argentinaya gəlməyimizdən razı qaldıq. Biz peşəkar rəqqaslar olmasaq da, qorxmadan mübarizəyə girişdik. Boksda da belədir. Qorxsan, əllərin də, ayaqların da əsəcək. Mən bir daha burada hiss etdim ki, yaddaşlardan silinməmişəm, fanatlarım hətta şoularda da tapılır.


Şounun başqa sürprizi əfsanəvi futbolçu Ronaldinyonun karnaval kostyumunda səhnəyə çıxması oldu. O, Kapoeyra döyüş növündən fraqmentlər nümayiş etdirdi. Daha sonra "Yekədiş" topu başla çiləməklə tamaşaçıların alqışlarını qazandı.


Yenidən yada düşmək üçün sabiq "ulduzlar" nələrə əl atmırlar? Bir vaxtlar "dəli", "təcavüzkar" adlandırılan Tayson xeyriyyəçi, dünyanın 1 nömrəli futbolçusu isə kapoeyraçı oldu...

Bəhram Mustafabəyli

O.M.