Bu gün "Eurovision 2011"in final günüdür!

Bu gün "Eurovision 2011"in final günüdür!

14 May 2011 16:47
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Almaniyanın Düsseldorf şəhərində "Eurovision-2011" Beynəlxalq Mahnı Müsabiqəsinin finalıdır. Finalçıların çıxış ardıcıllığı püşkatma yolu ilə müəyyənləşib.


İlk olaraq səhnəyə finlandiyalı müğənni Paradis Oskar çıxacaq. Daha sonra Bosniya və Herseqovinadan olan Dino Merlin səhnəni bölüşəcək. Digər ölkələrin çıxış ardıcıllığı isə belədir: Danimarka, Litva, Macarıstan, İrlandiya, İsveç, Estoniya, Yunanıstan, Rusiya, Fransa, İtaliya, İsveçrə, Böyük Britaniya, Moldova, Almaniya, Rumıniya, Avstriya, Azərbaycan, Sloveniya, İslandiya, İspaniya, Ukrayna, Serbiya, Gürcüstan. Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal səhnəyə 19-cu sırada çıxacaqlar. Onlar "Running Scared" mahnısını ifa edəcəklər.

Müsabiqənin şərtlərinə görə, qalib bütün iştirakçı ölkələrdə sms və telefon zəngləri vasitəsilə tamaşaçı səsverməsi nəticəsində müəyyənləşir. Tamaşaçılar öz ölkələrini təmsil edən ifaçılara səs verə bilməzlər. Tamaşaçılarla yanaşı, səsvermədə peşəkar münsiflər heyəti (hər bir ölkədən musiqi sahəsində beş peşəkar) iştirak edir. Münsiflər və tamaşaçıların səsləri yarıbayarı toplanır. Beləliklə, ümumi xal əldə olunur və ölkələrə verilir.

Azərbaycanda tamaşaçılar müsabiqə günü canlı ifa zamanı bəyəndiyiniz ölkənin çıxış nömrəsini yazıb istənilən mobil operatordan 9450 sms nömrəsinə göndərə bilərlər. 1 SMS-in qiyməti 60 qəpikdir. 9450 sms nömrəsi yalnız Azərbaycandan səs vermək üçündür. Hər ölkənin sms nömrəsi yayımçı televiziyadan elan olunur. Ölkəmizdən Azərbaycan təmsilçilərinə səs verə bilmərik. Azərbaycan təmsilçilərinə yalnız xarici ölkə ərazisindən səs vermək olar. 1 nömrədən 20 səs göndərmək mümkündür. Final mərhələsində çıxış edəcək ölkələrin kodu sıra nömrələri ilə eynidir.

"Eurovision" mahnı müsabiqəsi 1956-cı ildən keçirilir. Müsabiqənin keçirilmə yeri əvvəlki ildə qalib gələn ifaçının təmsil etdiyi ölkə olur.

İştirakçı ölkələrin sayı çox olduğundan, təsnifat mərhələsi iki yarımfinalda keçirilir. Müsabiqəyə ev sahibliyi edən ölkə, eləcə də "Eurovision"un "böyük beşliyi" - Böyük Britaniya, Almaniya, Fransa, İspaniya, İtaliya mübarizəyə birbaşa finaldan qoşulur.


Qoy layiq olan qazansın. Təmsilçilərimiz layiqli çıxış etsinlər. Məntiqi nəticəni özünüz çıxarın...

Günel Həbib

O.M.