"23 vision"nun qalibi seçildi

"23 vision"nun qalibi seçildi

7 May 2011 18:45
Bəyəndim (0) Bəyənmədim (0)


06.05.2011 tarixində Nəsimi rayonu T.Həsənov adına 23 saylı orta məktəbdə "23 VİSİON" adlı möhtəşəm konsert proqramı keçirilmişdi. Heç təsadüfi deyil ki, məktəbin məzunları arasında Safura Əlizadə, Azad Şabanov və başqaları var. Əsasən musiqiyə meyl göstərən bu məktəbin şagirdləri də nəyə qadir olduqlarını bir daha nümayiş etdirməkdən ötrü öz aralarında belə tədbir keçirmək qərarına gəldilər.


Müsabiqənin yarımfinalı aprel ayının 18-də baş tutub. Finala yalnız 15 şagird vəsiqə qazanıb.


Finalda münsiflər heyətinin üzvləri arasında respublikanın xalq artisti Zülfiyyə Xanbabayeva, "Yeni ulduz" müsabiqəsinin iştirakçısı və məktəbin məzunu Azad Şabanov, bəstəkar Toni, məktəbin nəğmə müəlliməsi Tamilla Səlimova, Azərbaycanı bir neçə beynəlxalq müsabiqələrdə təmsil edən məktəbin məzunu, skripkaçı Mustafa Mehmandarov və Elnur Qurbanov vardı.


Yarışmada birinciliyi Rəna Bayramova /7b sinif şagirdi/, ikinciliyi Ülviyyə Əzizova /9d sinif şagirdi/, üçüncülüyü Xalidə Adıgözəlova /9ç sinif şagirdi/ qazandılar. Hər üç yarışmaçını təbrik edirik!


Ən yüksək bal toplayanlar arasında Nigar Babayevanın da adını qeyd etmək yerinə düşər.

Münsiflər eyni zamanda digər nominasiyalar üzrə də qalibləri seçdilər . Belə ki, ən gözəl geyimin Suada Məmmədovaya, ən yaxşı performansın Nigar Muradovaya /8ç sinif şagirdi/ məxsus olduğunu bildirdilər. Ən cazibəli ifaçı Ellada Zeynalova /8ç sinif şagirdi/ seçildi.


Əlavə edək ki, "23 VİSİON"nun təşkilatçıları məktəbin direktoru İradə Rəhimli, fizika müəlliməsi Firəngiz Tağıyeva, məktəbin laborantı Lalə Hacıyeva və əlbəttə ki, şagirdlər idilər.


23 saylı məktəbin şagirdləri həqiqətən oxuyan uşaqlardır, sözün həm birinci, həm ikinci mənasında...

Könül Aypara

O.M.