Erməni Emmi rəqsimizi millətinin adına çıxdı

Erməni Emmi rəqsimizi millətinin adına çıxdı

7 May 2011 18:30
Bəyəndim (0) Bəyənmədim (0)


Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi Ermənistan təmsilçisinin "Eurovision-2011" mahnı müsabiqəsində "Köçəri" Azərbaycan milli rəqsi ilə çıxış etmək istəməsi ilə bağlı Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və "Eurovison" müsabiqəsinin təşkilat komitəsinə rəsmi qaydada müraciət edəcək. Müəllif Hüquqları Agentliyinin hüquq şöbəsinin müdiri Xudayət Həsənlinin dediyinə görə, qurum artıq bununla bağlı rəsmi sənədlərin və mütəxəssis rəylərinin toplanmasına başlayıb.

"Agentlik bununla bağlı bütün rəsmi sənədləri toplayıb, mütəxəssis rəyləri ilə birlikdə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına və "Eurovision" müsabiqəsinin təşkilat komitəsinə rəsmi etiraz ünvanlayacaq. Artıq bununla bağlı işlərə başlamışıq", deyə X. Həsənli bildirdi.

Agentlik rəsmisi xatırladıb ki, bu, ermənilərin "Köçəri" milli rəqsini oğurlaması ilə bağlı ilk fakt deyil. Və artıq belə bir cəhdin qarşısı bir dəfə alınıb: "Hələ 1940-cı ildə erməni bəstəkarı Aram Xaçatryan konsert verərkən Azərbaycanın "Köçəri" rəqsindən istifadə edib. Bilirsiniz ki, "Köçəri" rəqsi yallının bir hissədir və Azərbaycan rəqsidir. Bunun heç cür erməni rəqsinə bir aidiyyatı yoxdur. Bu, qədim xalq rəqsi olub, Azərbaycanın folklor nümunəsidir. Hələ 2004-cü ildə ermənilərin "Ani records" adlı səsyazma studiyası vardı. Bu stiduya müxtəlif Azərbaycan rəqslərini toplayıb erməni rəqsləri kimi təqdim edərək bir CD buraxmışdı. CD-nin üstündə telefon nömrələri və ünvan dəqiq göstərilməmişdi. Sankt-Peterburq və digər şəhərlər göstərilmişdi. Uzun müddətli axtarışlardan sonra məlum oldu ki, bu studiya Rusiyanın Rostov vilayətində fəaliyyət göstərir. Rusiyanın müvafiq dövlət qurumları ilə əlaqə saxladıq və nəhayət, həmin səsyazma studiyasının plagiatlıq və ədəbi oğurluq etdiyinə görə fəaliyyəti dayandırıldı".

X. Həsənli ermənilərin bu addımını təəccüblü qarşılamır.

""Ani records" studiyasının CD-də də "Köçəri" rəqsi erməni rəqsi kimi yayılmışdı. Sonra sübut olundu ki, bu, Azərbaycan rəqsidir. Artıq Rusiya mütəxəssisləri də bu qənaətə gəldilər. Həmin studiya da bununla bağlı bağlandı. Bu konkret faktdır. Bütün bunlarla bağlı agentlik tərəfindən hazırlanmış "Армянские народные сказки" adlı kitabda konkret məlumatlar verilib. Kitabın müəllifi Kamran İmanovdur. Kitab agentliyin saytında yerləşdirilib. Nəşrin 89, 102 və 113-cü səhifəsində musiqi nümunələrimizin oğurlanması ilə bağlı konkret faktlar əksini tapıb", - deyə X. Həsənli qeyd edib.

Xudayət Həsənli sonda bir faktı da qeyd etməyi məsləhət bildi: "Sankt-Peterburqda 1868-ci ildə "Erməni nəğmələri" adlı kitab nəşr olunub. Həmin kitabda erməni ədəbiyyatşünası S. Alasanyan ermənilər haqqında belə yazır: "Biz hansı xalqın təsirində oluruqsa, o xalqın mahnılarını özümüzünkü hesab edirik və özümüzünkü kimi təqdim edirik". Artıq bu faktın özü ermənilərin plagiatçı olduğunu sübut edir".

Xatırladaq ki, dünən Almaniyanın Düsseldorf şəhərində "Esprit Arena"da "Eurovision 2011" mahnı müsabiqəsinin iştirakçıları əsas məşqlərini keçiriblər. Daha sonra Ermənistanın "Panorama" saytı məşq barədə belə yazıb: "Emminin çıxışı xüsusi ilə "Köçəri" milli rəqsi (red.-?) maraq doğurur. Səhnənin fonu işıqlıdır, lakin təngə gətirmir, hərçənd ki, komanda nəyisə dəyişməyə qərar verə bilər. İkinci məşqdə hər şey aydın olacaq".

İTV-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tahir Məmmədli ANS PRESS-ə açıqlamasında bildirdi ki, Avropa Yayımlar Birliyinin (AYB) şərtlərinə görə, yarışmanın siyasiləşdirilməsi, mahnıların plagiat olunması, dini ayrı-seçkilik salınması qəti qadağandır. Bu hallarda mahnının müsabiqədə səsləndirilməsi qadağan oluna bilər.


Yəqin ermənilər "köçəri" rəqsini adına görə özününkü hesab edirlər. Axı onların Qafqaza köç etmələri danılmaz bir faktdır...

Könül Aypara

O.M.