Musa-Təranə qalmaqalına jurnalistlərin və musiqiçilərin münasibəti

Musa-Təranə qalmaqalına jurnalistlərin və musiqiçilərin münasibəti

18 Aprel 2013 22:08
Bəyəndim (0) Bəyənmədim (0)
Sorğu: “Musa Musayevin ailəsi ilə bağlı qalmaqala necə baxırsınız?”

Sonuncu həftənin yaddaqalan qalmaqalı "Musa Musayev - Təranə Qumral" konflikti oldu. Bir həftə ərzində bütün media, televiziya kanalları, radiolar, qəzetlər, saytlar, o cümlədən sadə insanlar bu mövzunu müzakirə etməklə məşğul oldular. Bu xəbəri öz adına çıxmaq istəyənlər də oldu, şəxsi məqsədləri üçün istifadə etməyə çalışanlar da. Bir sözlə, kiçik bir məlumat böyük bir gündəmi yaratmış oldu. Bu məsələni qələmə alan ilk jurnalist kimi son nöqtənin vaxtı çatdığını anladım. Obyektivlik naminə son sözü jurnalist həmkarlarıma, o cümlədən adıçəkilən şəxslərin musiqiçi həmkarlarına vermək qərarına gəldim. Hamısına eyni bir sualla müraciət etdim: "Musa Musayevin ailəsi ilə bağlı qalmaqala necə baxırsınız?"

Elşad Ümid – "Reytinq" qəzetinin müxbiri:

- Şouya oxşayır. Bu günədək kimin yadına düşürdülər? Təranə Qumralın ancaq adını eşitmişəm. Oxuya bilmir. Musa isə iyirmi il bundan qabaq tanınırdı. O da Niyaməddinə görə. Məncə elə biabırçılıqdan sonra barışıq o deməkdir ki, hər şey reklam üçün imiş. Amma ayıbdır. Heç kim Musanın addımına bəraət qazandırmır.

Ümidə Həsənli – "New Baku Post" qəzetinin müxbiri:

- Biri var gündəmdə qalmaq, bir də var gündəmə gəlmək. Hər ikisinin səviyyəli və səviyyəsiz forması var. Böyük səs-küy gətirən, indiyədək heç kimin etmədiyi performans nümayiş etdirmək, qeyri-adi klip çəkdirmək, hamının diqqətini cəlb edən konsert proqramı ilə çıxış etmək səviyyəli formada gündəmə gəlmək və gündəmdə qalmaqdır. Saçlarını dibindən qırxdırmaqla, lüt şəkillər çəkdirməklə, özü qəsdən səhnədə yıxılmaqla, plastik əməliyyatlarla gündəmə gələn və gündəmdə qalan səhnə adamlarına səviyyəsiz demək olmaz. Amma Musa və Təranə cütlüyünün gündəmə gəlmək üsulu çox alçaldıcıdır. Onlar çox ucuz formada özlərini, loru dildə desək, gözə soxdular. Mən şəxsən onlar haqqında bir cümlə də yazmadım və ancaq başqalarının yazılarını oxudum. Lap zarafat da olsa, lap qazandığı milyon məbləğində pulun qarşılığında belə olsa, kişi olan kəs necə deyə bilər ki, arvadımı yataqda başqa kişi ilə tutdum? Hələ qadın olan kəs də bu dırnaqarası şouya razı olar?

Zülfiyyə Qurbanova – Anspress.com saytının mədəniyyət üzrə jurnalisti:

- Bəziləri Təranə Qumralla Musa Musayevin biabırçı qalmaqalının reklam xatirinə olduğunu dedilər. Mən bu xəbərlərin içində olan biri kimi deyə bilərəm ki, heç də elə deyil. Onlar neçə ildir yalançı evlilik sürür. Bildiyimə görə, Təranə Qumral öz şəxsi həyatını yaşayır, Musa da həmçinin. Bu cütlüyü yalnız toy biznesi birləşdirir, bir də ki uşaq. Təranə milləti ələ salıb. Gah deyir boşanmışam, azad qadınam, gah deyir, Musanı sevirəm, həyatımda başqa kişini sevməmişəm. Bu qadın özü-özünü təkzib edir. Musa hər dəfə öz fikirlərini, eyni fikirləri səsləndirdi. Mənim anladığım, burada qurban Musadır. Təranə ondan istifadə edir. Yəni sevgisindən sui-istifadə edir.

Ceyhun Məhərrəmov – Bizimbaku.ws saytının redaktoru:

Həyatda "yaxşı oğlan" anlamı var. İndi 21-ci əsrdir. Mənim üçün yaxşı oğlan o demək deyil ki, kimisə öldürüb cəza çəkəsən. Yaxşı oğlan çörəyi kişi kimi qazanana da demək olar. Yox, əgər Musa söhbəti həqiqətən belə düzgün və doğru söhbət idisə, o, ailəsinin namus məsələsini saytlarda, mediada işıqlandırıb reklam qazanmazdı. Bu, mənim üçün qəbuledilməzdir. Ailə problemini ailə içində görüb həll edərlər. Yox, əgər bu həll olunacaq iş deyildisə, boşanıb gedərdilər. Təranə bu hərəkəti edibsə, onu qınamıram. Çünki...! Musaya gəldikdə isə, onun necə olduğunu isə mən çoxdan bilirəm və mənim kimi Musayev soyadını daşıyan bütün nəsli bilir.

Alim Qasımov – Xalq artisti, xanəndə:

- Təranə ilə Musanın sənəti yoxdur. Mən onları tanımıram. Bu məsələdən heç xəbərim də yoxdur. Bir onu bilirəm ki, Allah onları nizama salsın. Bu sənətə ləkə olan şeydir. Əgər söz-söhbət olacaqdısa, gərək ailə daxilində, qohum-əqrəba içində həll edərdilər. Onların bu hərəkətinə ad verə bilmirəm. Ümumiyyətlə, belə bir insanlardan danışmaq istəmirəm.

Namiq Fərhadoğlu - aşıq:

- Mən çox pis baxıram. Onlar öz ailə problemlərini gərək öz aralarında həll etsinlər. Daha bu boyda söhbəti şişirtməyin nə mənası var ki? Hamı bu cütlüyü nümunə göstərirdi. Nə oldu? Gözmü dəydi?

Elit Star Cəmilə - müğənni:

- Ailədə kimsə səhv etsə belə, onu ictimaiyyətə açıqlamaq olmaz. "Sözümüz düz gəlmədi" deyərək dost kimi ayrılmaq lazımdır. Axı ortada bir övlad böyüyür. Onun gələcəyinə xələl gətirmək olmaz. Bu biabırçılıqdı. Belə olmaz.

Cabbar Musayev – bəstəkar:

- Bizim nəslimiz Musanı o qadınla evləndiyi gündən qohumluqdan çıxarıb. O, nəinki nəslimizə, İmişliyə ləkədir. Bir də boşanıb ayrılsa, nəslimiz onu qəbul edəcək?

Cavanşir Məmmədov – Əməkdar artist, müğənni:

- Mən qarışmıram. Söhbət duet oxuyub oxumayacaqlarından gedir, yoxsa yox? Ayda-ildə bir dəfə toylarda rastlaşıram. Nə var, nə yox, Allah bilir. Mən uzağam belə hadisələrə fikir bildirməkdən.

Stilist Samiraldo - modelyer:

- Bir həftədir düzgün deyil ki, efirlərdə jurnalistin günahı olduğunu bildirirlər. Bu qurma idi ki, özlərini gündəmə gətirmək istəyirdilər. Çıxıb deyirlər ki, qısqanc olduğuma görə belə etdim. Jurnalistin borcudur yazmaq. Çünki bu hərəkət müğənnilərə xələl gətirdi. Səməd Səmədov-Sevda Əliqızı dueti, Ruhəngiz-Səməd dueti, Firuzə-Cavanşir. Əgər bunlar haçansa bir-birlərindən ayrılarsa, bir duet ortağı kimi ayrılarlar. Hamı da bunu çox gözəl qarşılayar. Təranə ilə Musanı ona görə ictimaiyyətdə yaxşı qarşılamadılar ki, onlar ər-arvad idilər. Şəxsən Təranə Qumralın heç geyimlərini də mən bəyənmirəm. çox zövqsüz qadındır.

Faytonçu Nazim – müğənni:

- Çox pis qarşıladım. Ailədaxili söz-söhbətləri çölə çıxartmaq olmaz. Şəxsən mənim ailəmdə anam, qohum-əqrəbam bu hadisəyə çox pis baxdı. Bu cür hadisə sənət adamları üçün də ləkədir. Səhər biz övladlarımızı evləndirəndə də nə qədər olmasa deyəcəklər ki, sənət adamının övladıdır. Heç yaraşdırmadım bu hərəkəti. Heç dəstəkləmirəm də onları. Belə hərəkətləri xalqımız görəndə müğənniyə inam itir. Kim olursan ol, ailənin problemləri ailədə qalmalıdır.

Zahid Qubadlı – klarnet ifaçısı:

- Əslinə baxsan, bu qısqanclıqlar, küsüb barışmalar o cütlüyün arasında dəfələrlə olub. Mən Musa Musayevin yaratdığı "Təbriz" ansamblının musiqi rəhbəriyəm. Biz illərdir bir yerdə çalışırıq. Bu yaxınlarda Təranə xanım Musa bəy və mən bir yerdə Şəki şəhərindən toy məclisindən gəlirdik.

Gecə yolda Musa bəylə Təranə xanımın mübahisəsi düşdü. Təbii ki, qısqanclıq zəminində və iş o yerə gəlib çatdı ki, Musa bəy maşını tərk eləyib çıxıb getdi, gecənin bir aləmi mən də onun ardınca düşüb getdim, nə qədər çalışsam da, qayıdıb maşına minmədi. Təranə xanım da maşını sürüb çıxıb getdi. Mənim aləmimdə xəyanət bağışlanılmazdı. Mən dünən Təranə xanımla görüşdüm və bu məsələ haqda soruşdum, o isə bunun ağ yalan olduğunu söylədi və Musa bəyə də zəng vurmuşdum. Musa bəysə dedi: "mən elə söz deməmişəm ki, Təranəni yataqda başqa kişi ilə tutmuşam, bu jurnalistin şişirtməsidir".

Bu qalmaqalda bir çox insanların həqiqi siması üzə çıxdı. Maskalar cırıldı və həqiqət olduğu kimi sizlərə təqdim olundu. Bunu cəsarət, mərdlik, düzgünlük, sədaqət kimi insani keyfiyyətlərin qısqanclıq, paxıllıq, rəzalət, oğurluq kimi mənfi xüsusiyyətlər üzərində qələbəsi də adlandırmaq olar.

Bu da son. Yeri gəlmişkən, hər bir son bir başlanğıc deməkdir...

Şəlalə Nəriman

O.M.