Musa-Təranə qalmaqalından sonuncu yazı

Musa-Təranə qalmaqalından sonuncu yazı

18 Aprel 2013 20:09
Bəyəndim (0) Bəyənmədim (0)
Musa Musayev jurnalisti qalmaqala çəkməyə çalışdı

Musa-Təranə qalmaqalında gərginlik təzəcə sovuşmuşdu ki, yeni faktlar üzə çıxdı. Daha doğrusu, əvvəlki faktların bəziləri təsdiqini tapdı, digərlərinin isə həqiqətə uyğun olmadığı məlum oldu. Əvvəlcə ondan başlayaq ki, 17 aprel günortadan sonra cütlüyün barışdığı barədə xəbər yayıldı. Xəbərdə Təranə Qumral həm öz adından, həm də həyat yoldaşının adından barışdıqlarını bildirirdi. Buna baxmayaraq, nə o, nə də Musa Musayev 2 gün idi telefon zənglərimizə cavab vermirdi. Nəhayət, bu gün səhər saatlarında Musa gözlənilmədən bizimlə əlaqə saxladı. Əvvəlcə baş redaktor Natiq Qocamanın, sonra isə Şəlalə Nərimanın mobil telefonuna zəng vuraraq məsələyə aydınlıq gətirmək istədiyini bildirdi.

O, Təranə ilə barışdığını etiraf etsə də, bu addımı sırf körpələrinə görə atdıqlarını, bununla belə, ər-arvad kimi yaşamadıqlarını dedi: "O məsələdən sonra mən Təranənin yanında qalmamışam, yalan söhbətdir. Həmin gündən bağ evinə köçmüşəm. Amma körpəmizə görə qərara gəldik ki, barışaq və bir dost kimi qalaq. Onunla da, qızımla da telefonla danışıram. Təranə ilə ər-arvad kimi yaşamırıq, bir dost kimi qalırıq. Amma çoxlarının acığına onun yanına qayıda da bilərəm, bu haqda hələ fikirləşirəm". Daha sonra Musa Musayev qalmaqala səbəb olan hadisəni xatırladaraq ilk günlər dediklərini təkzib etdi: "Mən Təranəni heç bir kişi ilə yataqda-zadda tutmamışam. Həmin gün əsəbi olduğum üçün sizə zəng vurub bu açıqlamanı vermişəm. Hamı bilir ki, mən onu dəli kimi sevirəm, qısqancam. Həmin gün maşınımı sürərkən evə zəng vurmuşdum. On dəqiqəyə yaxın telefon "məşğul" oldu. Hirsimi boğa bilmədim. Evə girən kimi aləmi bir-birinə qatdım. Təranəni söyə-söyə evi alt-üst elədim". M.Musayev müxbirimizin "tüfəng məsələsi" ilə bağlı sualına da aydınlıq gətirdi: "Bəli, evdə qışqır-bağır saldım. Dedim, neçə dəqiqədir kiminlə danışırsan?! Sonra qışqırdım ki, bu dəqiqə hamınızı qıracağam! Tüfəngi götürüb Təranənin dalınca düşdüm. Hərəsi bir yerə qaçdı. Səhəri gün Təranənin qızı Fidan məni Nərimanov RPİ 17-ci polis bölməsinə verdi. Hələ də işim polisdədir, amma narahat deyiləm, hər şeyi yoluna qoyacağam". Musa Musayev telefon danışığını bitirdikdən bir neçə dəqiqə sonra yenidən baş redaktora zəng vuraraq, nədənsə "tüfəng məsələsi"ni təkzib etdi: "Xahiş edirəm, tüfənglə, polislə bağlı məsələni məqalədə işıqlandırmayın. İstəmirəm ki, bu məlumat şişirdilsin. Ümumiyyətlə, belə bir şey olmayıb". Hadisələri qabaqlayaraq bildirək ki, Nərimanov RPİ və 17-ci polis bölməsi ilə əlaqə saxladıq. Hər iki halda suallarımıza rəsmi cavab verməkdən imtina etdilər. Bununla belə, polis orqanlarında çalışan etibarlı mənbə 17-ci PB-nin icraatında belə bir şikayətin olduğunu etiraf etdi.

M.Musayev jurnalist Şəlalə Nərimanın cütlüyün zənglərinə cavab vermədiyini vurğulayaraq, bundan narahatlıq keçirdiyini də sözlərinə əlavə etdi: "Bilmirəm niyə, Şəlalə xanım nə mənim, nə də Təranə xanımın zənglərinə cavab vermir".

Musa Musayevin sonadək səmimi olmadığı səsinin tonundan (səsini lentə almışıq - red) və təzadlı fikirlərindən bəlli olurdu. Əvvəla ona görə ki, xəyanətlə bağlı ittihamlar qəti şəkildə söylənildiyi kimi eyni qətiyyətlə inkar olunurdu. Əgər məqsəd ucuz reklam olsaydı, cütlük xəyanətlə deyil, başqa bir adla ayrıldığını elan edərdi. Axı xəyanət istənilən qadın üçün ən ağır, bağışlanmaz bir ittihamdır.

İkincisi, Musa Musayev qalmaqalın ilk günündə mal varlığı barədə redaksiyamıza məlumat verərkən heç bir bağ evinin olmadığını, sadəcə Təranə Qumralın adına Novxanıda 0.26 ha sahəyə malik olduğunu bildirmişdi. Təbii ki, müğənni ötən iki günü başqasına aid olan bir mülkdə, özü də açıq havada keçirə bilməzdi. Deməli, dünəndən bəri hökm sürən nisbi sakitlik, müğənnilərin telefon zənglərini cavabsız qoymaları onların birlikdə olduqlarından xəbər verirdi. Yeri gəlmişkən, etibarlı mənbənin oxumeni.az-a verdiyi məlumata görə, cütlük həqiqətən iki gün ərzində birlikdə olub və vəziyyətdən çıxmaq üçün birgə strategiya hazırlayıb. Bunu onların sonrakı açıqlamaları da sübut edir.

Və nəhayət, üçüncüsü, Musa Musayev baş redaktora ikinci zəngi zamanı ortalığa başqa bir versiyanı atmağa, fikirləri səhv məcraya yönəltməyə cəhd göstərdi. O, sözarası jurnalist Şəlalə Nərimanın bu məsələdə tərəf olduğunu sübut etməyə çalışsa da, haqlı narazılıqla qarşılaşdığından fikrində israr etmədi. İki gün ərzində cütlüyün "jurnalist özünü reklam" edir, "hadisələr şişirdilib" kimi əsassız dedi-qoduları onu deməyə əsas verir ki, Musa ilə Təranə yaratdıqları dalan vəziyyətdən nə olursa olsun çıxmağa çalışırlar, hətta bu ictimaiyyəti aldatmaq bahasına başa gəlsə belə.

Lakin istənilən halda, sonda həqiqət öz yerini tapmalı idi və tapdı da. "Oxu Məni" uzun illər gizli saxlanılan sirrin üstünü açdı və bu məsələdə son nöqtəni qoydu. Sadə dildə desək, Musa Musayev - Təranə Qumral ailəsində 17 ildən bəri hökm sürən gərgin vəziyyət cari ilin 15 aprel günü pik nöqtəsinə çatdı və Musa oxumeni.az vasitəsi ilə geniş ictimaiyyət qarşısında həyat yoldaşını xəyanətdə ittiham etdi. O, Təranə ilə həyat yollarını birdəfəlik ayırdığını, indən belə evinə qayıtmayacağını, hətta belə bir hal baş verərsə, arvad kimi ləçək bağlayacağına hazır olduğunu sözlərinə əlavə etdi. Onun bu cür kəskin açıqlaması, həmçinin hadisə zamanı silaha əl atmaq cəhdi və barəsində polis orqanlarına şikayət verilməsi faktı problemin ciddiliyindən xəbər verirdi. Bunu Musanın illərdir küsülü olduğu qohumlarının reaksiyalarından da bilmək olardı. Onlar cütlüyün ayrılmasını sevinc hissi ilə qarşıladıqlarını gizlətmir, bu addımın Musanı barışığa yaxınlaşdırdığını bəyan edirdilər. Təranə Qumral cəbhəsində də gərginlik səngimək bilmirdi. Onun Musanın ittihamlarına qarşı yönəltdiyi kontur-arqumentləri, o cümlədən Musanı qumarbaz, psixi problemli adlandırması, həmçinin ANSPress-ə müsahibəsi zamanı ərə gedə biləcəyinə ehtimal verməsi də əsəblərin tarıma çəkildiyini göstərirdi.

Lakin hadisənin səhəri günü gərginlik bir qədər səngidikdən sonra hər iki tərəf məxfi şəkildə barışığa gəldi. Qüvvələr balansı Təranənin xeyrinə dəyişdi. Belə ki, ilk gecəni evində keçirməyən Musa ertəsi gün evinə qayıdaraq cəmiyyətdən təcrid olunmağa üstünlük verdi. Bu, Təranənin mənəvi qələbəsi olsa da, bütün zərbələr ona yönəlmişdi. Ancaq hadisələr uzun müddət belə davam edə bilməzdi. Tərəflər vahid cəbhədə birləşərək yaratdıqları xoşagəlməz vəziyyətdən özünəməxsus çıxış yolu tapmalı idilər. Odur ki, 18 aprel günü Musa ilə Təranə KİV-lərlə əlaqə saxlayaraq eyni tipli açıqlamalar verməyə başladılar. Və beləcə, bu məqalə yarandı...

Şəlalə Nəriman

O.M.