Zeynəb Xanlarova DİN-ə qarşı

Zeynəb Xanlarova DİN-ə qarşı

12 Aprel 2013 15:00
Bəyəndim (0) Bəyənmədim (0)

"Heç kim mənim evimi yandırmaq istəməyib". Xalq artisti Zeynəb Xanlarova açıqlamasında belə deyib.
O, Nardarandakı bağ evinin yandırılması ilə bağlı yayılmış xəbərlərə münasibət birdirərkən bu məsələdə adının hallanmasını istəmədiyini bildirdi: "Heç kim mənim evimi yandırmaq istəməyib. Sadəcə etiraz aksiyası zamanı mənim bağ evimin yerləşdiyi küçədən keçəndə yandırıcı maye olan şüşələr atılıb və onlardan biri də mənim bağıma düşüb. Mənim kimi başqa qonşuların da həyətinə düşüb onlardan. Evin çöl divarlarında bir-iki zədə yeri var, vəssalam. Heç kim məqsədli şəkildə bu işi görməyib".
Xalq artisti məsələ ilə bağlı həbs edilənləri tanımadığını da qeyd etdi: "Mən nə Taleh Bağırovu, nə də o biri həbs edilənləri tanıyıram. O şəxslər mənim evimi yandırmaq istəsəydilər ən azından həyətə girərdilər. Onlar mənim darvazamın qapısından içəri keçməyiblər. Mitinq zamanı nələrdən istifadə ediblər, onu da deyə bilmərəm. Ümumiyyətlə, inanmıram ki, Taleh Bağırov mənim bağ evimi yandırmaq səviyyədə insan olsun".
Məsələ ilə bağlı Trend-in sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov isə bildirib ki, aprelin 2-də saat 01.35 radələrində xalq artisti Zeynəb Xanlarovanın Nardaran qəsəbəsindəki 1104 saylı bağ evinin gözətçisi Rzalı Soltanov DİN-in "102" Xidmətinə zəng edərək saat 01.20 radələrində naməlum şəxslərin bağ evinin qarşısında avtomat silahdan atəş açaraq, yandırmaq məqsədilə həyətə içərisinə yandırıcı maye doldurulmuş şüşə qablar atmaları barədə məlumat verib.
"Məlumat operativ şəkildə Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə ötürülüb, idarənin və adıçəkilən bölmənin əməkdaşlarından ibarət qrup dərhal hadisə yerinə gəlib, zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Həmin gün səhər hörmətli Zeynəb xanım daxili işlər naziri, general-polkovnik Ramil Usubovla telefon əlaqəsi yaradaraq baş vermiş hadisədən narahatlığını bildirib, cinayətin qısa bir zamanda açılması və bu əməli törətmiş şəxslərin məsuliyyətə cəlb olunmaları üçün müvafiq tədbirlərin görülməsini, məsələnin diqqətdə saxlanılmasını xahiş edib. Nəzərinizə çatdırmaq istərdim ki, buna bənzər hadisə həmin gecə vətəndaş Rafiq İbrahimovun Nardarandakı bağ evində də baş verib. Onun həyətinə də yandırıcı qablar atılıb, birinci mərtəbənin şüşələri sındırılıb və divarına "Taleh Bağırova azadlıq!" sözləri yazılıb", deyə Sadiq Gözəlov bildirib.
Onun sözlərinə görə, hər iki fakt üzrə cinayət işi başlanılıb, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilir. "Bu hadisələrdən bir neçə saat sonra - 05.35 radələrində Bəxtiyar Qurbanov və Röyal Əsgərov polis naryadı tərəfindən şübhəli şəxs qismində Bakı Şəhər İcra Hakimiyyətinin yaxınlığında saxlanılmış, əllərindəki çantadan 1 ədəd 5 litrlik plastmas su qabında və 4 ədəd 1 litrlik qablarda benzin, köhnə şalvar, daş parçası, pambıq və süngər götürülüb. İlkin dindirmə zamanı onlar Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası ətrafında əvvəlcədən bir neçə dəfə müşahidə apardıqlarını, Taleh Bağırovun həbsinə və guya hicaba qoyulan qadağaya etiraz olaraq İcra Hakimiyyətinin binasını yandırmaq, bununla da vətəndaş itaətsizliyi və ajiotaj yaratmaq istədiklərini etiraf ediblər.
O ki qaldı Zeynəb Xanlarovanın məsələyə münasibətinə, humanizm ümumbəşəri bir dəyər olmaqla, bizim xalımızın da milli mentalitetinə xas olan nəcib xüsusiyyətdir. Vətəndaşlarımıza ən böyük humanistliyi isə dövlətimizin başçısı göstərib və göstərməkdə davam edir.
Hər hansı hüquq pozuntusunun yaxud cinayətin açılması, onu törədənlərin tapılıb-tutulması və məsuliyyətə cəlb olunması qanunvericiliklə birbaşa polisin və digər hüquq-mühafizə orqanlarının üzərinə qoyulub. Ona görə də burada söhbət heç bir halda Zeynəb Xanlarovanın adının hallandırılmasından deyil, törədilmiş konkret cinayətlərə görə cəzanın labüdlüyü prinsipinin həyata keçirilməsindən və məsələyə hüquqi qiymət verilməsindən gedir"- deyə, Sadiq Gözəlov deyib.
Qeyd edək ki, ötən gün Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu mətbuat xidmətləri birgə məlumat yayıb. Məlumatda aprelin 2-də naməlum şəxslərin Nardaran qəsəbəsində yerləşən, xalq artisti Zeynəb Xanlarovaya məxsus bağ evinin qarşısında avtomat silahdan atəş açaraq yandırmaq məqsədilə onun həyətinə içərisinə yandırıcı maye doldurulmuş şüşə qablar atdıqları bildirilir. Daha sonra vətəndaş Rafiq İbrahimovun bağ evinin həyətinə də yandırıcı qablar atılmış, birinci mərtəbənin şüşələri sındırılmış və divarına "Taleh Bağırova azadlıq!" sözləri yazıldığı qeyd olunub.

O.M.