İstedadlı müğənni Yaqut Nəriman subaylığın daşını atdı

İstedadlı müğənni Yaqut Nəriman subaylığın daşını atdı

5 Aprel 2013 15:03
Bəyəndim (0) Bəyənmədim (0)
Xala uşaqlarının toyundan eksklüziv reportaj

"Gözlər yalan deməz" mahnısının gözəl gözlü ifaçısı Yaqut Nəriman, nəhayət ki, subaylığın daşını atdı.

Bir ata evindən pərvazlanaraq,

Bir ata evinə uçursan, Yaqut.

Atanın-ananın xeyir-duası,

"Vağzalı" altında köçürsən, Yaqut.

Birgə ömür sürün, birgə qocalın,

Eşqin səmasında qoşa ucalın.

Günəşdən nur alsın nurlu camalın,

Səadət şərbətin içəsən, Yaqut.

Çələngin tac olsun bağça gülündən,

Əskik olmayasız toydan, düyündən.

Ömür-gün yolunu elə bu gündən,

Sevinc-fərəh ilə keçəsən, Yaqut.

İsa Rəvan

Aprel ayının 2-də kollektivimizin sevimlisi olan Şəlalə Nərimanın bacısı, gənc müğənni Yaqut Nərimanın toyu oldu. Toy mərasim öz möhtəşəmliyi ilə seçilən "Nazlı" şadlıq sarayında keçirildi. Həzin musiqi sədaları altında çağırılan qonaqlar onlar üçün ayrılan masalarda öz yerlərində əyləşəndən sonra bəylə-gəlinin gəlişini gözlədilər. Çox keçmədi ki, "Vağzalı" sədaları altında hər iki tərəfdə yanan atəşfəşanlıqların cərgəsilə xoşbəxt cütlük zala daxil olaraq şərbət masasına yaxınlaşdı. Toyda ilk açılışı gənc müğənni və bəstəkar Arif Səlimov etdi. Onun ifa etdiyi "Qoyma tənha qalım" mahnısının sədaları altında cütlük rəqs edəndən sonra qonaqların gurultulu alqışları ilə onlar üçün ayrılmış bəy-gəlin kürsüsündə əyləşdi. Hər dəfə müxtəlif şadlıq saraylarında çoxlu sayda yeni ailə həyatı quran cütlüklərin toy mərasimini öz gözəl nəğmələrilə şənləndirən Yaqut xanım bu dəfə özü ağ gəlinlik libasında gəlin kürsüsündə əyləşmişdi. Onun da bu xoş gününü zinətləndirməyə sənət dostları olan, demək olar ki, Azərbaycan şou-biznesinin ulduzları gəlmişdi. Toyda bir çox sənətkarlar, iş adamları iştirak edirdilər. Gələn dəvətlilər; Xalq artisti Bəsti Sevdiyeva, müğənni Əli Mirəliyev, Əməkdar artist Cavanşir Məmmədov, Mehrin," X trio" qrupu, müğənni Kərim, Ceyhun Nemətov, Nicat (Xalq ulduzu), klarnet ifaçısı Zahid Qubadlı, aşıq Namiq, Elit-star Cəmilə, saz ifaçısı Eldəniz, müğənni Mənsumə, meyxanaçılardan Ağamirzə və Kərim, təşkilatçı Rəşad, sevimli aktrisamız Naibə Allahverdiyeva və başqaları məclisi rövnəqləndirdilər. Naibə xanımın oxuduğu "Xınalı gəlin" mahnısı hər kəsi valeh etdi. Ən maraqlı olanı isə müğənni Kərimlə gəlinimiz Yaqut xanımın füsunkar rəqsi oldu. Zərb alətlərinin ritmik sədaları altında müğənni Kərimin çox gözəl rəqs qabiliyyəti hamını heyran etdi. Toyda həmçinin jurnalistlərdən Anspress-in əməkdaşı Zülfiyyə, Zümrüd, "Reytinq" qəzetindən Elşad, təşkilatçı Rəşad və başqaları iştirak edirdilər. Bu möhtəşəm məclisi "Oxu Məni" ailəsinin üzvləri daha da şənləndirdilər. "Oxu məni" ailəsindən İsa Rəvan, Murad Şahməmmədov, Mehriban Bəylərqızı, Sərvər Kamranlı, Nofəl Ümid, Sitarə Hüseynova, Günel Salahova, Qələmnaz Şirvanlı, Aytən Şirvanlı mərasimin sonunadək böyük şadyanalıqla iştirak etdilər. Eyni zamanda baş redaktor Natiq Qocaman da bu məclisə öz xüsusi təbrikləri ilə qoşuldu. Bir-birindən gözəl və rəngarəng musiqilərlə dolu olan məclis gecə saat 01- ə qədər davam etdi. Demək olar ki, qonaqların əksəriyyəti məclisdən yüksək zövq aldıqlarına görə axıra qədər oturmuşdular.

Onu da qeyd edək ki, bəylə gəlin, yəni Anarla Yaqut xala uşaqlarıdır. Onların hələ kiçik yaşlarından bir-birlərinə qarşı sevgi-məhəbbətləri olub. Keçən il nişanlandılar və bu il də el adəti ilə, ata-analarının xeyir-duası ilə ailə qurdular. Toyu tanınmış aparıcı Fikrət idarə edirdi. Bütün məclisin təşkilatçısı isə Yaqut xanımın bacısı Şəlalə Nəriman idi.

Məclisi yüksək səviyyədə idarə etdiklərinə, yüksək təşkilatçılıq və gözəl menyularına görə Şəlalə Nəriman "Nazlı" şadlıq sarayının işçilərinə və rəhbərliyinə öz dərin minnətdarlığını bildirir.

Son söz əvəzi: Biz də "Oxu məni" kollektivi olaraq Anar bəylə Yaqut xanıma xoşbəxtlik, ailə səadəti, uzun ömür və can sağlığı arzulayırıq. Əminik ki, əsl sevgi üzərində qurulan bu ailənin təməli də ilk gündən möhkəm olacaq. Çünki sevgi ilə yanaşı hər iki tərəfin valideynlərinin böyük məhəbbətlə verdikləri xeyir-dua bu ailə təməlini daha da möhkəmləndirəcək. İnşallah gələn il bu vaxtı bu xoşbəxt cütlüyün ailə sevinci olan ilk övladlarının doğum gününü qeyd edərik.

"Oxu Məni" kollektivi adından İsa Rəvan

O.M.