SON DƏQİQƏ: O, müsahibə verərkən halı pisləşdi!

SON DƏQİQƏ: O, müsahibə verərkən halı pisləşdi!

27 Fevral 2013 21:34
Bəyəndim (0) Bəyənmədim (0)
01 mart günü növbəti yubileyini qeyd edəcək Nübar Novruzova ilə “Oxu Məni” qəzetində fərqli bir müsahibə dərc olunacaq

Əməkdar artist, prezident mükafatçısı Nübar Novruzova 01 mart günü 55 yaşını qeyri-adi şəkildə qeyd etməli olacaq. Belə ki, Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası hazırda klinikaların birinin kardioloji şöbəsində müalicə alır. "Oxu Məni" qəzetinin və eyni adlı saytın əməkdaşları ad günü ərəfəsində aktrisa haqda geniş reportaj hazırlamaq üçün onunla telefon vasitəsilə əlaqə saxladılar. Əməkdar artist müalicə aldığı klinikanın adını və ünvanını söyləməsə də, sualları cavablandırmağa razılıq verdi. O, indiyədək ürəyindən ciddi şikayəti olmadığını, xəstəliyinin gözlənilməz olduğunu bildirərək, məsələyə aydınlıq gətirdi: "Mənim üçün indi də danışmaq çox çətindir. Xəstələnməyimə səbəb ev məsələsi oldu. Evimi qanunsuz olaraq sökdülər, əsəbiləşdim, ürəyimə su yığıldı. Bura şok vəziyyətində çatdırıldım". Nübar xanımın nitqində cüzi təngnəfəslik hiss olunsa da, fikirləri son dərəcə aydın idi: "İndi səhhətim 50-60 % yaxşılaşıb. Təzə gətiriləndə üzüm şişmişdi, tanınmaz hala düşmüşdüm, dilim söz tutmurdu. Depressiyada idim. İndi gözlərimi ağaclara, təbiət mənzərəsinə zilləyib xəyala dalıram, bir qədər rahatlıq tapa bilirəm". Daha sonra aktrisa onu ziyarət edənlər barədə suala özünəməxsus tərzdə cavab verdi: "Bu vəziyyətdə heç kimlə görüşmək istəmirəm. Məni səhnələrdə başqa cür görüblər. İnşallah, sağalaram, səhnəyə qayıdaram, məni sevənlərlə yenidən görüşərəm. İndi isə heç kimin yanıma gəlməsinə icazə vermirəm. Hətta iş yoldaşlarımın da ziyarətini istəmirəm". Nübar Novruzova bir-birinin ardınca səslənən sualları səmimiyyətlə cavablandırırdı. Nə qədər çətin olsa da, xatirə dəftərinin ağlı-qaralı səhifələrini ardıcıllıqla vərəqləyirdi. Lakin səsinin tonundan hiss olunurdu ki, səhhəti o qədər də qənaətbəxş deyil. Birdən onun vəziyyəti qəflətən pisləşdi və sual-cavab yarımçıq saxlanılmalı oldu. Buna baxmayaraq, o, oxucuların timsalında tamaşaçılarını nigaran qoymaq istəmədiyini bildirdi. Bizdən ayrılarkən tezliklə əlaqə saxlayacağını, deyiləsi sözlərinin çox olduğunu və müsahibəni mütləq yekunlaşdıracağını qeyd etdi. Ümidvarıq ki, əməkdar artist, prezident mükafatçısı Nübar Novruzovanın yubileyinə təsadüf edəcək 01 mart günü onunla geniş müsahibə ilə tanış olacaqsınız.

Bahar yeni həyat, yeni nübar dövrüdür. Onun gəlişi ilə təbiət qış yuxusundan oynayır, qan qaynayır, həyat ritminə düşür. Arzu edirik ki, ömrünün 55-ci baharı sevimli aktrisamız üçün yeni-yeni sevinclərin, uğurların, can sağlığının nübar dövrü olsun!

Şəlalə Nəriman

O.M.