“İkinci Həyat” verilişinin bugünkü çəkilişində qalmaqal yaşandı

“İkinci Həyat” verilişinin bugünkü çəkilişində qalmaqal yaşandı

14 Fevral 2013 19:08
Bəyəndim (0) Bəyənmədim (0)
Siz necə düşünürsünüz, ərin xəyanətinə xəyanətlə cavab vermək olarmı?

Bu gün ANS-in "İkinci Həyat" verilişinin növbəti çəkiliş günü idi. 14 fevral "Beynəlxalq Sevgililər Günü"ndə müzakirəyə olduqca maraqlı bir məsələ qoyulmuşdu. Daha dəqiq desək, mövzu bir çox ailələrdə rast gəlinən, lakin geniş müzakirəsi qınaq doğura biləcək "Ərin xəyanətinə xəyanətlə cavab vermək olarmı" idi.

İlk əvvəl studiyadakı monitorda prodüser Afət Rahilqızının hazırladığı süjet nümayiş etdirildi. Süjetdə verilişə şikayətçi qismində müraciət edən Leyla adında 26 yaşlı xanımın fikirləri yer alırdı. O, əri tərəfindən mütəmadi olaraq fiziki və mənəvi təzyiqlərə məruz qaldığını, hətta ərinin ona-açıq aydın xəyanət etdiyini bildirir, bu səbəbdən özünün də eyni addımı atdığını deyirdi. Qadın rayonda yaşamasına baxmayaraq, həyat yoldaşının tez-tez evə müxtəlif qadınlar gətirməsindən şikayət edirdi. Leyla 10 il əvvəl 15 yaşında olarkən sevdiyi insanla ailə qurduğunu, lakin evliliyinin ilk günündən etibarən fiziki və mənəvi terrora məruz qaldığını, son iki ildə isə ərinin xəyanətlərinin canlı şahidi olduğunu deyirdi. O, aramsız təzyiqlər ucbatından evdən qaçaraq Bakıya gəldiyini, bununla belə valideynlərinin ondan qisas alacaqlarından ehtiyat etdiyini dilə gətirirdi. Belə ki, şikayətçi xanım rayonda yaşayarkən tanımadığı telefon nömrələrinə zəng vurduğunu, müxtəlif kişilərlə danışdığını və onlarla xəlvətdə görüşdüyünü, bu yolla ərindən qisas aldığını etiraf edirdi. Leylanın yeganə istəyi ərindən boşanmaq, həyatını iki övladı ilə birlikdə davam etdirmək idi.

Bəri başdan qeyd edək ki, süjet studiyada birmənalı qarşılanmadı. Nümayiş etdirilərkən göz yaşı axıdanlar da oldu, rişxəndlə gülümsəyənlər də. Verilişə ekspert qismində dəvət alanlar – müğənni Günel Məhərrəmova, aşıq Telli Borçalı, xanəndə Elnarə Abdullayeva, meyxanaçı Ağamirzə, hüquqşünas Ruslan Vəliyev, jurnalist Natiq Qocaman, həmçinin tamaşaçılar elə ilk dəqiqələrdən etibarən iki zidd qruplara bölünməyə başladılar. Günel Məhərrəmova və Telli Borçalı xəyanətin səbəbkarları kimi kişiləri göstərdikləri halda, Elnarə Abdullayeva birmənalı şəkildə qadınları qınadı. Ağamirzə Meyxana və Natiq Qocaman da bu məsələdə qadının günahkar olduğunu bildirdilər. Meyxana ustası xəyanətlərin kökündə imansızlığın durduğunu bildirərək, ibadətin yeganə düzgün yol olduğunu vurğuladı. Natiq Qocaman isə istənilən xəyanətin arxasında səbəbin deyil, bəhanənin durduğunu qeyd etdi.

Gərginlik get-gedə artırdı. Aparıcı Zümrüd Qasımova obyektivlik naminə hər bir tərəfə söz haqqı tanıyırdı. Lakin balans gah feminist, gah da patriarxal düşüncə sahiblərinin xeyrinə dəyişirdi. Qızğın müzakirələr zamanı ekspertlər bir-birinin sözünü kəsir, fərqli fikirlərə iradlarını bildirirdilər. Reklam və digər fasilələr zamanı isə gərginlik son həddədək yüksəlirdi. Ekspertlər öz aralarında açıq-aydın mübahisə edir, tamaşaçılar da onlara qoşulurdular. Mübahisələrin fonunda Leylanın gözlənilmədən studiyaya gəlişi və qonşu otaqdan verilişə qoşulması gərginliyi daha da artırmış oldu. Belə ki, bu dəfə ittihamlar birbaş onun özünə yönəlmişdi. Hətta onun müdafiəsinə qalxan tərəf də arqument tapmaqda çətinlik çəkirdi. Lakin hər iki tərəf ümumi bir fikirdə ortaq idi – xəyanət xəyanətdir, onun cinsi olmur.

Həmişə olduğu kimi bu dəfə də "İkinci Həyat" verilişinin çəkilişləri maraqlı anlarla yadda qaldı. Odur ki, qızğın müzakirələrlə, bəzən mübahisələrlə, hətta münaqişələrlə müşayiət olunan "İkinci Həyat" verilişini hər həftənin Bazar ertəsi, Çərşənbə axşamı və Çərşənbə günləri saat 17:00-da izləməkdə davam edin.

Siz necə düşünürsünüz, ərin xəyanətinə xəyanətlə cavab vermək olarmı? ... Bu, sizin fikriniz idi. Bizim fikrimizsə belədir: "Xoşbəxtlik axtarışında ikinci həyat yaşamaqdansa, "İkinci Həyat" verilişində başqasının həyatından nəticə çıxarmaq kifayətdir".

Könül Aypara

O.M.