Vüqar Camalzadə Ceyhundan dönə-dönə üzr istədi

Vüqar Camalzadə Ceyhundan dönə-dönə üzr istədi

1 Fevral 2013 17:15
Bəyəndim (0) Bəyənmədim (0)
“Xahiş edirəm, bu işi çox şişirtməyin, çox xahiş edirəm”

Xatırlayırsınızsa, ötən həftə müğənni Ceyhun Nemətovla müsahibəni təqdim etmişdik. "Vüqar Camalzadəni ömrümün axırına kimi bağışlamaram" başlıqlı yazıda söhbətin kimdən və nədən getdiyini yəqin ki bilirsiniz. Bilməyənlər üçün məlumat verim ki, söhbət boyu müğənni uşaqlıq dostu adlandırdığı bəstəkarı qınayır, tənqid atəşinə tutur, ondan ağızdolusu gileylənirdi. Mənim "bəs bəzi həmkarlarınızdan niyə incidiniz" sualıma müğənni sanki od püskürdü: "Elə həmkarlarım var ki, anamın hüzrünə gəlmədi. Elələri var, zəng elədi. Gec bildiklərini bildirdilər. Ən çox incidiyim şəxs bəstəkar Vüqar Camalzadədir. Onu ömrümün axırına kimi bağışlamaram. Ayağımın altına düşüb sürünsə də, diz çöksə də, keçmərəm. Onun atası-anası rəhmətə gedəndə qohumlarından qabaq birinci yanında mən oldum. Bir problemi olan kimi atama zəng edirdi, atam gedib onun hansısa işini həll edirdi. Axı sən bizim evimizdə böyümüsən. Sənin qarşına anam dəfələrlə yemək qoyub. Niyə nankor çıxdın süfrəmizə?! Neyləmişik sənə?! Ölərəm, heç vaxt da ona salam vermərəm. Ömrün boyu evimdə sərbəst hərəkət etdin, anam sənə qarşı heç vaxt pis olmadı. Həmkarlarımdan biri ona zəng edib deyib ki, Ceyhunun anası rəhmətə gedib, Vüqar. Qayıdıb deyib ki, təyyarədən indi düşmüşəm, çox yorğunam, evdə dincəlim, sonra zəng edərəm, heç demir ki, gedərəm. Sənin burnundan gəlsin mənim anamın verdiyi çörək. Qudurğanlığa bax. Heç vaxt da keçmərəm, ayağıma düşsə belə. Üzdə ola bilər. Hələ bilmirəm keçərəm, ya yox. Ürəyimdə həmişə ona qarşı kin-küdurət qalacaq" deyən Ceyhun Nemətov Vüqar Camalzadənin populyarlıq qazanmasında müstəsna xidmətlərə malik olduğunu qeyd etməyi də unutmadı: "Çox dostlar soruşur ki, Vüqar Camalzadə niyə sənə kömək eləmir? Halbuki onun ilk mahnısını mən populyar olanda oxumuşam. Mənim hesabıma gedib Qazaxıstanda konsert verib. Nə tez yadından çıxdı? Hansı müğənnilərə dedi, heç biri getmədi. Amma mən getdim, yüksək səviyyədə də çıxış elədim. Çox gözəl də konsert keçdi. Gəlib efirlərdə çıxıb maqazin verilişlərinə, bir dəfə də mənim adımı çəkməyib. Heç olmasa, yediyin çörəyi gözünün qarşısına gətir də. Burada konsert verir, bütün müğənnilərin adı var, mənim adım yoxdur. Zəng edib deyirəm, deyir, nömrəni bilmirdim. Gülüncdür. İnsanın neçə siması olar? Üzlülüyümə saldığıma görə məni konsertinə saldı. Çağırdığı müğənnilərin çoxu "Heydər Əliyev" sarayında canlı oxuya bilmədi. Pərdə arxasında bir-birlərinə deyirdilər ki, necə oxuyaq? Həmin populyarların yanında çıxıb ifa elədim, populyar olmasam belə. Bir sözlə, anamın çörəyini halal eləmirəm Vüqar Camalzadəyə. Dediyim sözlərin də ağasıyam. Bu haqda çoxdan danışmalıydım." Uşaqlıq dostunu giley-güzar atəşinə tutan müğənni sonda bir növ ona acıq verirmiş kimi digər həmkarlarına təşəkkür etməyi də unutmadı: "Bir çox məni sayıb gələn həmkarlarıma da çox sağ ol deyirəm. Namiq Qaraçuxurluya, Rüfətə, Elçinə, Xalidə, Rəqqasə Fatiməyə. Sağ olsunlar ki, insanı belə gündə yada salırlar. İnternet saytlarında mənim ünvanıma yazılan "Baş sağlıq"larına görə hamıya minnətdaram."

Yazıdan dərhal sonra haqqında bəhs olunan Vüqar Camalzadə bizimlə əlaqə saxlayıb ittihamlara cavab verdi: "Canı sağ olsun. Anasına da Allah qəni-qəni rəhmət eləsin. Çox yaxşı insan idi. Ora gəlməməyimi özümə bağışlaya bilmirəm. Sadəcə mən "Avroviziya" ilə bağlı o ərəfədə 1 aya yaxın İtaliyada oldum, sonra da Türkiyədə. Çox gec bildim. Allah Ceyhunun mənə elədiyinin əvəzini 100 qat artıq versin. Yaxşılığını təbii ki. Hə, deyəsən, o ərəfədə Amerikada idim. Yadımda idi ki, mən qayıdanda hətta qırx çıxmışdı". İncik dostundan üzrhaqlıq edən bəstəkar bəzi məsələlərin həqiqətə uyğun olmadığını da qeyd etdi: "Mən Ceyhunu çox yaxşı başa düşürəm. Sadəcə, heç kimə deməmişəm ki, yorğunam. Sadəcə bilməmişəm, vəssalam. Və xahiş edirəm, bu işi çox şişirtməyin, çox xahiş edirəm. Ok?"

Səhvsiz yalnız Allahdır. Səhvi təkrar etməməyin ən məntiqli yolu isə onu etiraf etməkdir. Səhvsiz olduğunu iddia edən istənilən insan səhv etmiş olar. Odur ki, bağışlanılmağı arzu etdiyimiz kimi bağışlamağı da bacarmalıyıq.

Şəlalə Nəriman

O.M.