“Məni təhqir edən adam mütləq cəzasını alacaq!”

“Məni təhqir edən adam mütləq cəzasını alacaq!”

7 İyul 2012 13:47
Bəyəndim (0) Bəyənmədim (0)
"Məleykə xanım mənə dedi ki, facebook-dan istifadə etmirəm, ümumiyyətlə internetdən istifadə etməyə vaxtım yoxdur, mənim adımdan yazılan sözlərdən xəbərim yoxdur"

Xəbər verdiyimiz kimi, xalq artisti Məleykə Əsədova ilə Lider televiziyasının aparıcısı Zabir Əliyev arasında qalmaqal yaşanıb. Belə ki, aparıcının RTV-də səsləndirdiyi tənqidi fikirlərə xalq artistinin facebook səhifəsindən təhqiramiz cavab gəlib. Məsələyə aydınlıq gətirmək üçün Zabir Əliyevlə əlaqə saxladıq. O, ilk əvvəl hadisənin təxribat olduğunu bildirərək sözlərinə əlavə etdi: "Araqarışdıranlar mənimlə Məleykə xanımın arasını vurmağa çalışırlar. Mən Məleykə xanımla əlaqə saxlamışam. Bu sözlər onun fikirləri deyil. O, mənə dedi ki, facebook-dan istifadə etmirəm, ümumiyyətlə internetdən istifadə etməyə vaxtım yoxdur, mənim adımdan yazılan sözlərdən xəbərim yoxdur, deyilən fikirlər tamamilə mənə aid deyil".

Daha sonra Məleykə Əsədova ilə əlaqələrinin yüksək səviyyədə olduğunu bildirən Zabir Əliyev məsələni sonadək araşdıracağını vurğuladı: "Bu, indinin söhbəti deyil. Mən Regional TV-nin qonağı olarkən bir müğənni kimi öz ifamdan danışdım. Bu zaman subyektiv olaraq, bəzi müğənnilərin ifalarını da təhlil etdim. Kimisə tənqid etmiş ola bilərəm, amma bir jurnalist kimi heç bir zaman təhqirə yol vermərəm. Mən təxminən bilirəm bunlar kimin işidir, amma hələlik araşdırma aparıram. Məni təhqir edən adam mütləq qanun qarşısında cəzasını alacaq. Çünki xalq artistimiz heç zaman belə nalayiq sözlərin müəllifi ola bilməz. Biz Məleykə xanımla uzun illərdir bir-birimizi tanıyırıq. Aramızda indiyə kimi heç bir narazılıq, inciklik olmayıb. Münasibətimiz həmişə yaxşı olub. Araqarışdıranların təxribatına baxmayaraq, bu gün də bir-birimizlə əlaqə saxlayırıq".

Qeyd: Lider televiziyasının aparıcısı Zabir Əliyevlə geniş müsahibəni növbəti həftə sizə təqdim edəcəyik.

O.M.