Vüqar Rəhimzadə: "Sosial məsuliyyətsizlik, qaydalara riayət edilməməsi pandemiyanın ikinci dalğasını başlada bilər"

Vüqar Rəhimzadə: "Sosial məsuliyyətsizlik, qaydalara riayət edilməməsi pandemiyanın ikinci dalğasını başlada bilər"

30 Aprel 2020 15:47
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyanı cənginə alan koronavirus pandemiyasının ölkələrin iqtisadiyyatına vurduğu ziyandan daha çox insanların sağlamlığına təhdidi bugünümüzün ən ağrılı, diqqətçəkən probleminə çevrilib. Statistikaya diqqət yetirək. Bu günədək dünyanın 200-dən çox ölkəsində koronavirus pandemiyası nəticəsində 3,13 milyondan çox yoluxma və 217 mindən çox ölüm hadisəsi qeydə alınıb. Xəstəlik hallarının sayına görə koronavirusdan ən çox təsirlənən bölgələr ABŞ, Çin, Cənubi Koreya, eyni zamanda, İtaliya, İspaniya, Almaniya, Fransa, İsveçrə kimi inkişaf etmiş Avropa ölkələri və həmçinin bizə qonşu dövlət olan İrandır. Azərbaycanda yoluxma hallarının gündən-günə azalması müşahidə olunur. Virusa yoluxan insanların onlar üçün ayrılan xəstəxanalarda yüksək səviyyədə müalicə olunaraq normal həyata qayıtmaları da günümüzün reallıqları sırasındandır. Bu müsbət nəticələr dövlətimizin başçısı İlham Əliyevin zamanında verdiyi tapşırıqlar əsasında görülən qabaqlayıcı tədbirlərin nəticəsidir. Bu fikri böyük əminliklə qeyd edirik ki, əksər ölkələr Azərbaycanın koronavirus infeksiyasına qarşı mübarizə təcrübəsindən yararlanaraq karantin qaydalarını tətbiq ediblər.

Azərbaycanın ilk gündən həyata keçirdiyi tədbirlər yüksək dəyərləndirildi. Gəlin yada salaq. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı dünyanın pandemiyaya qarşı mübarizə tədbirlərinə başladığı ilk vaxtlardakı müsahibəsində bu fikri xüsusi vurğulamışdır ki, Azərbaycan hökuməti bu mövzuya çox açıq yanaşdı, ölkədə koronavirusa ilk yoluxma halı müəyyənləşən kimi Ümumdünya Səhiyyə Təşkilatına müvafiq məlumat verməklə düzgün addım atdı. Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması mübarizə tədbirlərinin sonrakı mərhələsi barədə aydın təsəvvür yaratdı.

Azərbaycanın bütün sahələrdə, o cümlədən pandemiyaya qarşı mübarizədə nümunəviliyinin əsas meyarında dövlətin öz vətəndaşına qayğısı, diqqəti dayanır. Bu baxımdan möhtərəm Prezidentimiz İlham Əliyev pandemiyanın yaratdığı fəsadlardan bəhs edərkən ilk olaraq bildirir ki, insanların sağlamlığının qorunması prioritetdir.

İlk gündən atılan addımların davamlılığına diqqət yetirək. Təşkil olunan çarter reysləri ilə vətəndaşlarımızın nizamlı qaydada xarici ölkələrdən təxliyəsi, Vətənə gətirilən insanların dərhal karantinə alınması üçün yaradılan şərait dövlətin öz vətəndaşının yanında olmasının, onun sağlamlığına göstərdiyi diqqət və qayğının əyani təzahürüdür. Bütün bunlarla bərabər, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı da xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır və vaxtında atılmış addım kimi yüksək qiymətləndirilir. Dövlətimizin başçısı İlham Əliyev «Yeni klinika» tibb müəssisəsinin açılışında bu məqamı xüsusi qeyd etmişdir ki, bu mübarizədə əsas yük həkimlərin üzərinə düşür. «Biz onların maddi təminatının yaxşılaşdırılması üçün əlavə tədbirlər görmüşük. Bildiyiniz kimi, koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4, 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən diqqətin təzahürüdür» söyləyən ölkə Prezidenti bu məqamı da açıqlamışdır ki, ancaq mən bilirəm və tam əminəm ki, həkimlərin əsas motivasiyası bu, deyil. Əsas odur ki, onlar öz vəzifə borcunu yerinə yetirmək istəyirlər. Onlar Hippokrat andına sadiqlik göstərir, xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirir, öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər. Hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır.

Görülən tədbirlərin davamlılığı istər ölkə daxilində, istərsə də hüdudlarından kənarda Azərbaycanın pandemiyadan az itki ilə çıxacağı barədə fikirlərin səsləndirilməsini şərtləndirdi.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, 575 çarpayılıq “Yeni klinika” xəstəxanasının açılışı, 600 min insana birdəfəlik ödənişlərin edilməsi, sosial-iqtisadi tədbirlər üçün 3,5 milyard manatlıq maliyyə paketinin ayrılması, sahibkarlara vergi güzəştlərinin edilməsi və sair onu göstərir ki, Azərbaycanda pandemiya ilə mübarizə ən yüksək səviyyədə təşkil olunub. Amma bu, o demək deyil ki, təhlükə sovuşub və biz arxayınlaşmalıyıq.

Qeyd etdiyimiz kimi, dünyada koronavirus pandemiyasının geniş yayıldığı və mübarizə tədbirlərinin gücləndirildiyi bir zamanda respublikamızda xüsusi karantin rejiminin yumşaldılması ölkə əhalisində təhlükənin sovuşduğu əhval-ruhiyyəsini yaratmamalıdır. Bu baxımdan ki, Azərbaycan dövlətinin virusa qarşı mübarizəyə başlandığı gündən karantin qaydalarını getdikcə sərtləşdirməsi ölkəmizdə bu dəhşətli xəstəliyə yoluxma hallarının coğrafiyasının genişlənməməsinə gətirib çıxardı.

Karantin rejiminin yumşaldılması şəraitində həkimlərimizin də fədakarlığını, əməyini aydın şəkildə görmək mümkündür. Virusa yoluxanların böyük bir hissəsinin müalicə olunaraq sağalması və normal həyata dönməsi həkimlərimizin, ümumilikdə bütün tibb işçilərinin əməyinin nəticəsidir. Ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sahələrin, o cümlədən səhiyyənin inkişafında da stimulverici amil rolunu oynayır. Tibb müəssisələrində yaradılan şərait hər bir vəziyyətdən uğurla çıxmağa əsas verir. Lakin bu məqamı da unutmamalıyıq ki, karantin rejimindəki məhdudiyyətlərin bəzisi aradan qaldırıldığı üçün əhali arasında virusa yoluxmada artım ola və prosesin ikinci dalğası başlaya bilər.

Ölkə Prezidenti İlham Əliyev bütün çıxışlarında bu çağırışı edir ki, COVID-19 pandemiyası uzunmüddətli prosesdir. Bu səbəbdən mövcud qaydalara riayət olunması və zəruri profilaktik tədbirlərin davam etdirilməsi vacibdir. Dövlətimizin başçısının bildirdiyi kimi, “... hər kəs başa düşməlidir ki, dünya yeni dövrə qədəm qoyub. Bu, nə qədər davam edəcək heç kim bilmir. Xəstəlik nə qədər davam edəcək heç kim bilmir. Hesab edirəm ki, bütün proqnozlar şərti xarakter daşıyır. Bu xəstəliyin fəsadları özünü hansı formada büruzə verəcək? Bunu da biz bilmirik. Çünki biz hələ ki, bu xəstəliyin ibtidai mərhələsindəyik və özümüzü maksimum qorumalıyıq”.

Məhz bu kontekstdən çıxış edilərək hər bir vətəndaş maarifləndirmə işinə fəal surətdə qoşularaq bu çağırışların olunmasına dəstək göstərməlidir ki, karantin rejiminin qaydalarına və tələblərinə maksimum şəkildə riayət edilməli, özünütəcrid lazımi səviyyədə qorunmalıdır. Çunki «Evdə qalaq» çağırışına dəstək olmaqla həm özümüzün, həm ətrafımızdakı insanların sağlamlığını qoruyuruq, ən əsası dövlətə dəstək missiyasını yerinə yetiririk. Çünki pandemiyaya qarşı mübarizə ilk olaraq dövlət-vətəndaş birliyini aktuallışdırdı.

Şübhəsiz, xüsusi karantin rejimindəki mövcud məhdudiyyətlərin sanitar-epidemioloji şəraitdən asılı olaraq mərhələli yumşaldılması zəruridir. Amma artıq Nazirlər Kabineti yanında Operativ Qərargahın da xəbərdarlıq etdiyi kimi, epidemioloji vəziyyət tələb edərsə, yəni, xəstəliyin dinamikasında artım olarsa, karantin rejimi yenidən sərtləşdiriləcək, müvafiq məhdudiyyətlər yenidən tətbiq olunacaq. Bu səbəbdən hazırkı vəziyyətdə hər şey insanlara bağlıdır. Çünki məhdudiyyətlərin bir qismi aradan qaldırılsa da, virusa yoluxma sürətinin qarşısını almaq üçün ölkədə kütləvi tədbirlər keçirilməməli, vətəndaşlar əvvəlki dövrdə olduğu kimi 2 metrlik məsafə tələbinə riayət etməli, ən əsası maska və əlcəklərdən istifadəni unutmamalıdırlar.

Hər bir vətəndaş belə bir çətin vəziyyətdə məsuliyyətini dərk etməli, qəbul olunan qaydalara, verilən tövsiyələrə riayət etməli, məsələyə həssas yanaşmalıdır. Gəlin unutmayaq ki, bir insanın məsuliyyətsizliyi nəticəsində ətrafdakı onlarla insan virusa yoluxma təhlükəsi ilə üz-üzə qala bilər. Yeni koronavirus pandemiyasının yayıldığı hər bir ölkə real təhlükə mərhələsinə qədəm qoyub, yoluxma və ölümlərin sayı artır və bundan sonra da çoxalacağı ehtimal olunur. Buna görə də vətəndaşlar nəzərə almalıdırlar ki, hər dəfə səbəbsiz olaraq evdənçıxma, hər bir kənar şəxslə təmas infeksiyaya yoluxma və ölüm təhlükəsi deməkdir. Buna görə də vətəndaşlar məsuliyyətlə davranmalı, qaydalara əməl etməklə həm özlərini, həm də yaxınlarını xəstəlikdən qorumalı və ətrafdakıları risk altına qoymamalıdırlar.

Daha bir statistik rəqəmə diqqət yetirək. Azərbaycanda karantin qaydalarının yumşaldılmasından sonra, yəni, aprel ayının 27-də 33 yoluxma halı var idisə, 2 gün sonra bu rəqəm 49-a çatdı. Bu, onun nəticəsidir ki, insanlar karantin qaydalarının yumşaldılmasını pandemiyanın bitməsi kimi qəbul edirlər. Bu kimi yanlış düşüncə böyük fəsadlara yol aça bilər. Şəhərimizin elə bir guşəsi yoxdur ki, reklam lövhələrinə, orada əks olunan çağırışlara rast gəlinməsin. Gündəlik istifadə olunan avtobus marşrutlarında təbliğat xarakterli çağırışlar səsləndirilir, oturacaqlarda sosial məsafənin qorunması kimi tələblər yer alır. Bütün bunlar insanlarımızın sağlamlığının təminatı olmaqla yanaşı, eyni zamanda, mövcud vəziyyətdə mübarizə tədbirlərinə dəstəyə bir mesajdır.

Hər zaman qeyd etdiyimiz kimi, müəyyən bir hadisədə uğurlu başlanğıc növbəti prosesin aydın mənzərəsini yaradır. Koronavirus pandemiyasına qarşı mübarizədə ilk tələb gigiyena qaydalarına düzgün əməl olunmasıdır. Bir sözlə, insanlardan sadəcə sosial məsuliyyət hissini artırmaq, özlərini qorumaqla yanaşı, ətrafdakıların da qayğılarına qalmaları tələb olunur. Əgər həqiqətən də ətrafımızdakı insanları seviriksə, onların bu ümumbəşəri bəlaya tuş gəlmələrini istəmiriksə, təbii ki, qayğılarına qalmağı özümüzə borc biləcəyik. Eyni fikirləri böyüklərimiz üçün də vurğulaya bilərik. Yaşlıların qayğısına qalmaq, onların evdən çıxmamalarına yardımçı olmaq üçün köməyimizi əsirgəməməliyik. Karantin qaydalarında yaşı 65-dən yuxarı olan vətəndaşların evdən çıxmamalarına çağırış olunur, eyni zamanda, tənha yaşlılara sosial xidmətlər göstərilir. Atılan bütün bu addımlar «Biz birlikdə güclüyük!» çağırışı qarşısında dayanan birliyimizə, həmrəyliyimizə işarədir. Möhtərəm Prezidentimiz İlham Əliyevin “Məsuliyyət hissi də bu gün sərgilədiyimiz həmrəylik və birlik hisslərinin səviyyəsinə qalxmalıdır” çağırışının davamı olaraq Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bildirir: “…əgər biz məsuliyyətli vətəndaşlarıqsa, əgər həqiqətən valideynlərimizi seviriksə (mən isə buna əminəm!), əgər biz doğrudan da övladlarımızın və nəvələrimizin qədrini biliriksə, biz bunu onlar üçün etməyə borcluyuq, məhz borcluyuq. Özümüz üçün! Vətənimiz naminə!”

Qəbul olunan qərarlar əsasında tətbiq olunan qaydalara riayət edək, birliyə, həmrəyliyə töhfə verək, sağlamlığımızı qoruyub günbəgün möhkəmlənən, qüdrətlənən Azərbaycanın uğurlarından qürur hissi keçirək.

Oxuməni.az