Humanizm bilməyən Şəki və Şamaxı məmurları

Humanizm bilməyən Şəki və Şamaxı məmurları

21 Aprel 2011 15:52
Bəyəndim (0) Bəyənmədim (0)
İlk oxucu məktubu

Azərbaycan xalqına ulu Tanrı tərəfindən bəxş olunan ən böyük nemətlərdən biri də mərhəmət və insani dəyərlərdir. Möhtərəm prezidentimiz cənab İ.Əliyevin sosial problemlərlə bağlı verdiyi fərman və sərəncamlarda da bu ali məqamlara önəm və üstünlük verilir. Çox təəssüflər olsun ki, bəzi məmurlar öz şəxsi mənafelərini dünyəvi dəyərlərdən üstün tuturlar. Dövlətçiliyimiz və xalqın mənafeyi belə onları maraqlandırmır. Xalqının, fərq etməz, hər hansı bir nümayəndəsinə yuxarıdan aşağı baxan, öz qürurunu ən ali və humanist prinsiplərdən üstün tutan hakimiyyət məmurları bu dünyada əbədi qalmadıqları kimi, həmin kürsüdə də ömürlük oturmayacaqlarını unutmasınlar. Onlar inkişaf edən dövlətimizin, habelə möhtərəm prezidentimizin xalqın xoş rifahı və respublikamızın tərəqqisi naminə gördüyü işlərə və layihələrə kölgə salmağa çalışırlar. Şəki Rayon İcra Hakimiyyətinin nümayəndələri bu söylədiklərimizə bariz nümunədir.


İstedadlı əlillərin, o cümlədən nura həsrət qalan, yalnız öz qəlblərinin gözü ilə bu işıqlı dünyaya baxan, ancaq böyük bir fitri istedada malik olan gözdən əlilləri arayıb-axtarıb bir ərsəyə gətirən və onlara mənəvi dəstək olan sosialyönümlü layihəmizi regionlarda da keçirmək qərarına gəldik. Bu məqsədlə bir çox rayon icra hakimiyyətlərinə yazılı məktub göndərdik. Onlardan biri də Şəki Rayon icra hakimiyyətinə 14.02.2011-ci ildə poçt vasitəsilə yolladığımız 05 saylı məktub idi.


Şəki Rayon İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova 24.02.2011-ci il tarixində bizə cavab olaraq göndərdiyi 6\325 saylı məktubunda gözdən əlillərin konsert proqramını hər cəhətdən dəstəklədiklərini bildirdi. Tədbirin keçirilməsi və hazırlıq işləri ilə bağlı Şəki Rayon İcra Hakimiyyətinə getdim. Lakin Zərinə xanımın qəbulunda olarkən mesenatlıq pərdəsi altında spikulyasiya edən bir məmurla qarşılaşdım. Zərinə xanım məni qəbul edib söhbətləşərkən elə formada, elə bir tərzdə danışdı ki, sanki özünü bütün yer üzünün hökmdarı kimi göstərirdi. C.Zərinə Azərbaycan dövlət qanunvericiliyini və bizim layihəni stereotipləşdirərək paradoksal bir fikir formalaşdırıb hədsiz dərəcədə özündən razı halda dilləndi:

- Təşkilati dəstəkdən (nəqliyyat, yemək və s.) söhbət belə gedə bilməz. Biz bunları edə bilməyəcəyik. Sizə mədəniyyət evini verə bilərik, özünüz tamaşaçı yığıb tədbirinizi də keçirərsiniz.


Üç səlahiyyətli sahə üzrə rəhbər bir kürsüdə əyləşən belə bir məmura nə desəm də, razılaşmadığını görüb oranı tərk etməkdən başqa çarəm qalmadı.


Bir az fərqli olsa da, təxminən eyni aqibət ilə Şamaxı Rayon İcra Hakimiyyətində də qarşılaşdıq. Belə ki, Şamaxı Rayon icra başçısı tədbirin keçirilməsinə razılıq versə də, mədəniyyət işləri üzrə müavini Əşrəf Şükürov hər dəfə səbəbsiz yerə bəhanələr gətirərək əlillərin görməyən gözlərini bilərəkdən yolda qoydu.


P.S. Mənim jurnalistliyimə və ümumiyyətlə jurnalist peşəsinə hörmətsizlik edən məmurların sıravi vətəndaşlarla necə danışdıqları aydındır. Azərbaycan xalqının millətlər içərisində öz qonaqpərvərliyi ilə seçilən gözəl bir adəti var. Zərinə Cavadova və Əşrəf Şükürov kimləri isə rəhbərlik etdikləri böyük bir sahədə əlillərin mənən onlara üz tutaraq 4-5 saat gedəcəkləri yolun sonunda bir stəkan çayı belə onlara çox gördülər. Əgər mən tanımadığım halda, özüm ora tamaşaçı yığaramsa, nədən bu qədər yolu qət edib Şəki və ya Şamaxı Rayon İcra Hakimiyyətlərinə üz tutmalıyam?


Möhtərəm prezidentimiz cənab İ.Əliyevin və onun xanımı hörmətli M.Xanım Əliyevanın xalqla həmrəy olduğu, əlillərə xüsusi diqqət və qayğı ayırdıqları halda, Zərinə Cavadova və Əşrəf Şükürovlar istəsələr də, buna əngəl ola bilməyəcəklər. Haqdan gələn və haqq olan humanizm prinsipləri və insani dəyərlərə hər zaman önəm verilib və veriləcəkdir də. Zərinə və Əşrəf kimi məmurlar öz vicdanlarının səsinə azacıq da olsa qulaq assalar, bu ali məqamları, yəqin ki, düşünərək dərk edərlər.


Şəki və Şamaxı Rayon İcra Hakimiyyətlərinin acı təəssüratı ilə:


İsa Rəvan (layihə rəhbəri),

Mehriban Bəylərqızı.