Məqaləni oxuduqca dəhşətə gəldim

Məqaləni oxuduqca dəhşətə gəldim

4 Avqust 2011 15:59
Bəyəndim (0) Bəyənmədim (0)

2 avqust tarixində sizlərə Gülər adlı "həyat qadını"nın tale dramını təqdim etmişdik. Xatırladaq ki, bu məqalə 28.01.2011-ci il tarixində Oxu Məni qəzetində çap olunmuşdu. Yazıda 19 yaşlı qızcığaz sevdiyi şəxsə görə pis yollara düşdüyünü etiraf edirdi. Onun sözləri OXUcular arasında böyük səs-küyə səbəb oldu və birmənalı qarşılanmadı. Bu, bizə daxil olan oxucu mesajlarından, məqalənin sonundakı rəylərdən bəlli olurdu. Onlardan birini, daha doğrusu, Nigar adlı daimi OXUcumuzun məktubunu kiçik redaktə ilə sizlərə təqdim edirik:

"Salam, çox sevdiyim, dəyər verdiyim, 8 ildir sevə-sevə oxuduğum "Oxu Məni" qəzetinin sevimli əməkdaşları. Bu məktubu yazmağıma səbəb 28.01.2011 tarixində qəzetinizdə Natiq Qocamanın qələmə aldığı "Gözəllik dünyanı xilas etməyəndə..." adlı məqaləsi oldu. Gülər xanıma həm yazığım gəldi, həm ona acığım tutdu. Məqaləni oxuduqca dəhşətə gəldim. Güləri qınasam da, onu anlamağa da çalışdım. Bu dünyada günahsız və səhvsiz bəndə yoxdur. İnsan doğularkən ağ vərəq kimi təmiz olsa da, dünyadan köçərkən öz əməl kitabçası ilə köçür. O kitabçada savablarla yan-yana günahlar da olur...

İnsan nəfsini idarə etməlidir, nəfs insanı yox. Gülər özü bilərəkdən nəfsinin quluna çevrilərək uçuruma yuvarlanıb. Yuvarlandığı uçurumun dərinliyinə belə varmayıb. Amma Gülər üçün hələ gec deyil. Zərərin yarısından qayıtmaq özü xeyirdir. Gülərə məsləhətim, nə qədər gec deyil bu yoldan dönsün, öz həyatını, gələcəyini puç etməsin. Sonrakı peşmançılıq heç də fayda verməyəcək...

Gülərdən çox mən onun valideynlərini qınayıram. Görünür, valideynləri öz qızlarına yetərincə diqqət göstərmirlər və qızları ilə heç maraqlanmırlar da. Düzdür, gərək insanın öz canından da gəlsin, quyuya su tökməklə quyu dolmaz. Amma insanın tərbiyəsinin təməli ailədən qoyulur və cəmiyyətdə zamanla formalaşır. Təməli düzgün qoyulan bina daim möhkəm olar. Gülərin isə valideynləri, görünür, haradasa səhv buraxıblar. Ən böyük səhvləri isə övladlarını müstəqil buraxmaqları olub. Mən özüm də anayam və çox gözəl bilirəm ki, övlada sərbəstlik vermək lazımdır, amma müəyyən çərçivələr olmaq şərti ilə. Dahi Nizami Gəncəvi buyurub: "Artıq içiləndə dərd verir su da." Valideyn övladına daha çox diqqət göstərməlidir. Ən çox da yeniyetməlik dövründə. Çalışmalıdır övladının həyatda düzgün istiqamətlənib mövqe tutmasına, psixoloji kasadlıq yaşamamasına. Həyatın qanunsuz qanunları ilə qarşılaşmamasına yardımçı olmalıdır. Övladından gizli onun hara gedib-gəlməsi ilə, oturub-durduğu dostları ilə maraqlanmalıdır.

Gülər bu enişli-yoxuşlu həyat yolunda artıq büdrəyib. Amma o da çalışmalıdır ki, həyatda güclü olsun və düşdüyü uçurumdan çıxaraq sərt həyatda bir daha büdrəməsin. Həyat mübarizədir. Bu həyatda yaşamaq üçün də mübariz olmalıdır insan. Asanlıqla həyata boyun əyməməlidir. Xoşbəxtlik insanın öz əllərindədir, əgər bunu istəsə... Gülər və bütün OXUculara səslənirəm: "Çalışın mübariz olun! Bu həyat mübariz insanları sevir. Həyata gülün ki, o da sizə gülsün. Öz nəfsinizə isə boyun əyib quluna çevrilməyin. Qoy nəfsiniz sizin qulunuz olsun...""

Hörmətlə: Nigar Məmmədli

O.M.