Qızıl əlli ürək cərrahı

Qızıl əlli ürək cərrahı

31 May 2022 11:39
Bəyəndim (17) Bəyənmədim (3)

Bu məqaləni yazmaq zərurəti təsadüfən yarandı. Bəlkə də bu dəqiqiələrdə çoxunuz tərəddüddəsiniz. Axı illərdir başımız ağrıyan kimi yaxşı həkim axtara-axtara İrana, Turana üz tutmuşuq. Amma ağlımızın ucundan da keçirməmişik ki, dərdimizin loğmanı öz içimizdə də ola bilər. Əl qərəz, keçək mətləbə.

Şəki rayonunun Baş Göynük kəndində idman müəllimi Sabir Alcanovu tanımayan yoxdur. Sabir müəllimin gəncliyi və müəllimlik dövrü mənim gözümün önündə keçib. Fiziki cəhətdən sağlam, gümrah və zarafatcıl adam idi. Heç vaxt düşünməzdim ki, Sabir müəllim nə zamansa ürəyindən şikayətçi olar. İllər sonra eşitdim ki, ürəyi onu bir az sınağa çəkib və o, ürəyinin bütün şıltaqlığına dözərək sonda qalib gəlib. Kəndə hər gedəndə onu ayaqüstə, işilə-gücülə məşğul olan görürdüm və allaha şükür edirdim.

Ürək zarafat sevmir deyirdilər; ürək etibarsızdır deyirdilər, inanmaq istəmirdim.

Bu ilin aprel ayında Sabir müəllim növbəti dəfə ürəyi ilə mübarizəyə qalxmalı oldu. Amma bu dəfə yaş o yaş deyildi. 78-i haqlayan yaşı ürəyinin qarşısında çox aciz qalmışdı. Bunu bildiyi üçün idi yəqin, ürək ötən dəfəki hayıfını almaq fikrinə düşmüşdü. İradəcə möhkəm olan Sabir müəllim və ömür-gün yoldaşı Şəfəq xanım isə asanlıqla məğlub olmaq niyyətində deyildi.

Onlar birlikdə Göynükdən Bakıya üz tutdular. Göydə allahı, Bakıda isə yaxşı həkimin sorağı ilə paytaxta gəlib çıxdılar. Bir xeyli xəstəxanalar, klinikalar gəzib-dolandılar; xeyli pul və zaman itirdilər, ancaq ürəyin tutmuş tərs damarının kürəyini yerə vura biləcək bir həkimə rast olmadılar. Eyni zamanda ruhdan da düşmədilər. Üz tutduqları növbəti məkan Bakı Sağlamlıq Mərkəzinin Kordiologiya şöbəsi oldu. Şöbə müdiri Fərid Əliyev şəxsən özü onları qəbul etdi. Bütün müayinələrdən keçmələrini təşkil etdikdən sonra Sabir müəllimin qabarmış, coşub-daşmaq üzrə olan ürəyini uzman ürək-damar cərrahı Anar Həmidova həvalə etdi.

İllərin təcrübəsini keçmiş Anar həkim vaxt itirmədən Sabir müəllimi üstələmək üzrə olan ürəyini ələ almağı bacardı. Amma bu elə də asan başa gəlmədi. O, qızıl əlləri ilə tutduğu cərrah bıçağının vasitəsilə Sabir müəllimi yarı-yolda tərk etmək fikrinə düşən ürəyin sakitləşdirdi. Sakitləşdirmək o yana qalsın, quzuya döndərib ipini yenidən Sabir müəllimin əlinə verdi.

Bu gün ömrünün ikinci dövrəsini yaşayan Sabir müəllim və ömür-gün yoldaşı Şəfəq xanım mətbuat vasitəsilə uzman ürək-damar cərrahı Anar Həmidova təşəkkürlərini bildirməyi məndən xahiş etdilər. Mən də bir göynüklü qələm adamı olaraq bu xahişi yerinə yetirməyə bilməzdim.

Sonda Şəfəq xanım bir daha Bakı Sağlamlıq Mərkəzinin, başda Kardiologiya şöbəsinin müdiri Fərid Əliyev olmaqla, kollektivinə və xüsusilə doktor Anar Həmidova minnətdarlığını bildirdi. Xalqımıza da tövsiyə etdi ki, ölkəmizdə peşəkar və savadlı həkimlər var, sadəcə çalışıb zaman itirmədən onları tapmaq lazımdır...

Şahin Aydəmir