Poeziya buketi, nəğmə  çələngi

Poeziya buketi, nəğmə çələngi

9 Fevral 09:55
175
Bəyəndim (0) Bəyənmədim (0)

Eltun Türkel

SƏNİN ÜÇÜN DARIXIRAM

Düşünmə ki, səndən uzaq,

Yaşamağım yaşamaqdır.

Bu dünyada tək təsəllim,

Həsrətini daşımaqdır.

***

Bir Rəbbimdən, bir də səni,

İtirməkdən çox qorxuram.

Darıxmağı sevdim, çünki,

Sənin üçün darıxıram.

***

Sevgim coşqun dağ çayıdır,

Dənizlərə axınımsan.

Xəyal kimi əlçatmazım,

Duyğu qədər yaxınımsan.

***

Sarı sünbül ümidimi,

Dən elədin, un elədin.

Məni Allah yaratmışdı,

Sən məni Eltun elədin.

GÜCƏ BAX

Sən, ey insan, getdiyin,

Köçə bax ey, köçə bax.

Dünyadan apardığın,

Heçə bax ey, heçə bax.

***

Anan yox, yola salan,

Sonan yox, yola salan.

Səni tox yola salan,

Aca bax ey, aca bax.

***

Çətin sığdığın yerə,

Günah yığdığın yerə.

Gündüz baxdığın yerə,

Gecə bax ey, gecə bax.

***

Haqqı yada salmayan,

Haqqa səcdə qılmayan.

Süleymana qalmayan,

Taca bax ey, taca bax.

***

Ölümünü izlədən,

Məzarında gözlədən.

Tükdən körpü düzəldən,

Gücə bax ey, gücə bax.

ARZULAR

Bircə gün səninlə gedə biləydim,

Bizim xəyalların getdiyi yerə.

Fikirdən aralı, qayğıdan uzaq,

İnsan izlərinin itdiyi yerə.

***

Təyyarə ötməsin başımız üstdə,

Nə asfalt yol olsun, nə tıxac olsun.

Günəşdən, yağışdan bizi qoruyan,

İkimizə çətir bir ağac olsun.

***

Bir çöp əlimizə alıb gözləyək,

İslatsın torpağı yağış damcısı.

Qazaq asta-asta elə məzar ki,

Yerləşsin illərin ağrı-acısı.

***

Baxışım dil açıb layla söyləsin,

Körpə beşiyin də dizlərim olsun.

Xəyal dünyamıza boylanıb baxsan,

Elə bax gözündə gözlərim olsun.

***

Bircə gün səninlə gedə biləydim,

Bizim xəyalların getdiyi yerə.

Şehli göy çəməndə gül-çiçək deyil,

Arzular cücərib, bitdiyi yerə.

Aypara Ayxan

BU SEVGİYƏ NƏ DEYİM?

Gah bir nəfəs qədər yaxın olursan,

Gah da aramıza hörürsən divar.

Gündə neçə dəfə dəyişir havan,

Gah xəzri kimisən, gah da gilavar.

***

Saçım sığalının dadını bilməz,

Nədir hislərinə kəsilən qənim?

Getsəm, daş ürəyin insafa gəlməz,

Qalsam, de, nə qədər sevgi dilənim?

***

Bəlkə də bağrına daş bağlamısan,

Bəlkə də bu üzdən duymursan məni.

Saxlayıb qəlbinin astanasında,

Qapıdan içəri qoymursan məni.

***

Gör neçə müddətdir yola çıxmışam,

Gəlib ürəyin əçata bilmirəm.

Xəyalın fikrimə elə sarmaşıb,

Heç cürə qoparıb, ata bilmirəm.

***

Qədərdə bir eşqə qul olmaq varsa,

Qoy olum hər dəfə ram ürəyimə.

Məncə bu gedişlə öyrədəcəksən,

Yanmağı, bişməyi xam ürəyimə.

SEVGİMİ TORPAĞA VERDİM

Güvənib başımı söykədim, ancaq,

Ağırlıq elədi çiyninə sənin.

Yüz ölçüb, bir biçdim, amma yenə də,

Sevgim böyük gəldi əyninə sənin.

***

Adın gör nə qədər müqəddəs idi,

Öpüb saxlayardım gözlərim üstə.

Sevgin qayğısını çəkdiyim uşaq,

Yuxuya gedərdi dizlərim üstə.

***

Səsindən bir ayrı huzur duyurdum,

Deyirdim elə bil azan səsidir.

Deyirdim, İlahi, bu səs dünyanın,

Yəqin ki, sonuncu möcüzəsidir.

***

Dünya bir yanaydı, sənsə bir yana,

Mənimçün özəldin, özəl qalaydın.

Cəhənnəm, sevməyi bilmədin deyək,

Barı, xatirəmdə gözəl qalaydın.

***

Dilimdən düşməyən adını indi,

Dilə gətirməyə dilim gəlməyir.

Hər gun səni yazan qələmimi də,

Ələ götürməyə əlim gəlməyir.

***

Sevmək ürək istər, cəsarət istər,

Əsla qınamıram qaçdığın üçün.

Əksinə, təşəkkür borcluyam sənə,

Sağ ol, gözlərimi açdığın üçün.

***

Gec oldu bir azca, amma anladım,

Əksik pazları tapıb düzüncə...

Kəsdim hislərimin şah damarını,

Sevgimi torpağa verdim az öncə.

UZAQLARIN ADAMI

Mən eşq ilə ucalmışam, yuksəlmişəm göylərə,

Mən eşq ilə tanımışam, Xaliqimi, Xudamı.

Səni sevmək gunah deyil, qoy eşitsin mələklər,

Səni sevmək ibadətdir, uzaqların adamı!

***

Həsrətinə, nisgilinə quzu kəssin ürəyim,

Səndən gələn hər bir dərdin, gözüm üstə yeri var.

Nə zaman ki, tənhalaşsan, hüzünlənsə ürəyin,

Bil ki, səni uzaqlarda sevən, duyan biri var.

***

Qorxutmasın əsla səni bu şaxtalar, sazaqlar,

Mən günəşin şəfəqlərin ürəyinə səpərəm.

Sevənlərin arasında əngəl deyil uzaqlar,

Sən istə, mən hər sübh çağı gözlərindən öpərəm.

Hazırladı: İsa Rəvan