Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

2 Fevral 09:51
273
Bəyəndim (2) Bəyənmədim (0)

Valeh Heydər

YAZIQ

Gücünü itirsə söz səltənəti,

Qəlbi qan ağlayan, şairə yazıq.

Dünyanın işləri qalsa nadana,

Hər şeyi anlayan aqilə yazıq.

***

Qanmaza demədim heç vaxt dərdimi,

Düşməndən gizlədim üzdə qəmimi.

Əgər varsa mənlə könül həmdəmi,

Danışsın, susarsa, o dilə yazıq.

***

Canı yorğun salıb həsrətli illər,

Solubdu yurdumda çiçəklər, güllər.

Bağçamda oxumur indi bülbülər,

Sükuta öyrəşən o elə yazıq.

***

Kimi köç eylədi, dərdə dözmədi,

Şirin vüsal dadıb, xoş gün görmədi.

Haqsızlıq qəlb yaxdı, sinəm göynədi,

Haqqı soraqlayan adilə yazıq.

***

Dövrana hökm edir, sərvət yarışı,

Bu tora düşübdür, gör neçə naşı.

Yaltaq tərif etsə əgər kütbaşı,

Bunları seyr edən, arifə yazıq.

APARSIN

Qınama İlahi, qınama məni,

Qoy göylər gurlayıb, tufan qoparsın.

Ya da ki, daş yağdır, vur xışla məni,

At suya, qudurmuş sellər aparsın.

***

Gözləmə insanın vəfa, ilqarın,

Onunla ayrılıb çoxdan yolların.

Elə harınlayıb, sərvət qulların,

Ver bütün dünyanı, yetər, aparsın.

***

Kimsəyə çatmayır səsim, harayım,

Çoxdan yıxılıbdır mülküm, sarayım.

Çöküm dizi üstə, hönkür ağlayım,

Qoy məni sellərdən betər aparsın.

***

Nə gərək əzablı ömür yaşamaq,

Həyatı çiynində yüktək daşımaq.

Bəsdi pisliklərlə küsüb, barışmaq,

Nə var, ver qanmaza, qəhər aparsın.

KÖKSÜNDƏYSƏ AZƏRBAYCAN

Nadan duymayanda səni,

Düşdüyün halı görürəm.

Bəzən gələn yad səslərə,

Gülürəm dünya, gülürəm.

***

Böyük evim, eşiyimsən,

Uyuduğum beşiyimsən.

Vurulduğum ilk eşqimsən,

Sevirəm dünya, sevirəm.

***

Zəngin oldun hamı doya,

Arzuların getdi zaya.

Çoxu istər səni soya,

Bilirəm dünya, bilirəm.

***

Can istəsən, verərəm can,

İçim dolu eşq, həyacan.

Köksündəysə Azərbaycan,

Səninlə mən də diriyəm...

Dilarə Süleyman Hacıyeva

GƏLMƏDİ

Mən çağırdım səadəti ömrümə,

Necə eşitdi ki, haya gəlmədi?

Ölmək üçün bu dünyaya gələnlər,

Sevmək üçün bu dünyaya gəlmədi.

***

Vicdanımın əsiriyəm zindanda,

Vicdan da sınaqmış,elə zindan da.

Ruzi yazan çağırmışdı yazanda,

Yuxuluymuş, bəxtim paya gəlmədi.

***

Dedim, könül, taleləri yazan var,

Tək deyilsən, ruhumda bir ozan var.

Lovğalandım, mənim kimi dözən var?

Bəlkə ondan dərdim saya gəlmədi?

***

Dedim dağ ol, kürəyimi dayayım,

Sirdaşım ol, ürəyimi dayayım.

Dara düşdüm, dedim səni arayım,

O bivəfa, o lal qaya gəlmədi.

***

Daha yoxdur xəyallara inanan,

Bir can vardır, can deməyə bir canan.

Çağır gəlim hüzuruna, can alan!

Demə dedim Dilaraya, gəlmədi.

QALMADI

Xəyalların qurduğun,

Yolunda qəlb yorduğun.

Keşiyində durduğun,

Ən son ana qalmadı.

***

Nəfs inadla dirəndi,

Cisim torpağa girəndi.

Ruh da Allah verəndi,

Çıxdı, cana qalmadı.

***

Qanmayanlar, qananlar,

Yanmayanlar, yananlar.

Gəldi, getdi nə canlar,

Bəyə, xana qalmadı.

***

Düz yol gedən yorulmaz,

Bu dünyadan yar olmaz.

Dilarə, sənə qalmaz,

Süleymana qalmadı.

YAR

Gedəcəksən, dəli kimi sevib get,

Dastan kimi həsrətimi yazan yar.

Gecəmiydi, gün doğmadı ömrümə?

Gülüşüylə zülmətimi pozan yar!

***

Naxış vurur ürəyimə süzülən,

Səninçündür yanağıma düzülən.

İki kəs var, biri sənsiz üzülən,

Bu dünyada biri mənsiz gəzən yar.

***

Soyuqluğun can yaxmağa an gəzir,

Qatilimdir, can almağa can gəzir.

İnsaf edir, ölüm məndən yan gəzir,

Rəhm eyləmir, ayaq altın qazan yar.

***

Məndə məndən çoxsan, səndənsə az sən,

Günəş sənsən, yağış sənsən, ayaz sən.

Sarı sənsən, yaşıl sənsən, bəyaz sən,

Nə gözəldir bəxtimdəki xəzan, yar!

***

Dilarəyə qəfəsmidir bu cahan?

İkilikdə həsrətinlə tək qalan.

Mən susuram, səni ansam bircə an,

Susmayır ki, içimdəki ozan yar!

Hazırladı: İsa Rəvan