Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

22 Dekabr 2021 09:28
568
Bəyəndim (8) Bəyənmədim (0)

Vasif Dadaşov

MƏNİM GÜNƏŞ XANIMIM

Sən yadıma düşürsən,

Hər səhər oyananda.

Xəyalımda vüsalın,

Gözümdə sən olanda.

Uçuram qanadlanıb,

Arzuların dalınca.

Nə səhv, nə düz bilmirəm,

Mən səninlə olunca.

***

Yenə də başlayaqmı,

Şirin xəyal qurmağa?

Razısan ömür boyu,

Mənlə xoşbəxt olmağa?

Sən orda sevdiyim ol,

Qoy olmasın təkliyim.

Mənə şirin bəla ol,

Sevə-sevə çəkdiyim.

İncə əlin saçımda,

Başım dizinin üstdə.

Sən məndən nə istəsən,

Deyim gözümün üstdə.

***

O ipək saçlarını,

Hər səhər daradığım.

Deyim ki, yalniz sənsən,

Bir ömür aradığım.

Qəlbimi qırıb atma,

Bir fikirləş, xanımım,

Mən səni çox sevirəm,

Mənim günəş xanımım.

OLMAYAN XƏYAL QADIN

Bəlkə də sənin ömrün,

Ömrümə calanardı.

Bəlkə sevənlər kimi,

Bizdə də alınardı.

***

Axşam evə gələndə,

Sən çıxardın qarşıma.

Bəzən xəstə olanda,

Dolanardın başıma.

***

Bir kiçik şeyin üstə,

Xırdaca dalaşardıq.

Öpərdim üz-gözündən,

Yenidən barışardıq.

***

Hərdən pul olmayanda,

Olmayanda daş, qaşın.

Bilərdim yanımdadır,

Hər an ömür yoldaşım.

***

Həyatımsa boş qaldı,

İçinə sən dolmadın.

Dünyada hər şey oldu,

Bir dənə sən olmadın.

TƏNHA ADAMLAR

Getməz gözlərinə gecə yuxu da,

Olmur təsəllisi ürək ovuda.

Ovcunda bir kiçik ümid var, o da,

Əzib yerə salar, tənha adamlar.

***

Bəzən yollarında ayaq dolaşar,

Üzünə hər yerdən zülmət bulaşar.

Üstünə ən vəhşi itlər ulaşar,

Yolunda düz qalar, tənha adamlar.

***

Başının üstünü buludlar alar,

Günəşi tutular, gülləri solar.

Saçları ağarar, rəngi saralar,

Gənc ikən qocalar, tənha adamlar.

***

Susar, ürəyini heç kimə deməz,

Ruhu sanki ölüb, daha dirilməz.

Nələr hiss etdiyin heç özü bilməz,

Dərdindən güc alar, tənha adamlar.

***

Əsla həyatından şikayət etməz,

Mübahisə etməz, fikir yeritməz.

Üzünün suyunu heç yerdə tökməz,

Özünə bəs olar, tənha adamlar.

Rəfiqə İsaqqızı

DÜNYANIN DƏRDİ

Dünyanın dərdini gəl dərd eyləmə,

Dünyanın nə dərdi, nə qəmi bitməz.

Könlümdə min arzu, min istəyim var,

Ümidlər, arzular bir ömrə yetməz.

***

Yaransa da insan nəfsiylə qoşa,

Tamah salma mülkə, torpağa, daşa.

Ömrünü gözütox yetirsən başa,

Elində, obanda hörmətin itməz.

***

Dünya əbədidir, biz gəldi-gedər,

Buraxmaz yaxanı nə qəm, nə kədər.

Yaşama ömrünü mənasız, hədər,

Zamanın qatarı geriyə ötməz.

***

Bu dünyanın malı, dövləti hədər,

Bir ömür sürərsən yazılan qədər.

Birgün də Əzrayıl ömrünə yetər,

Yığdığın sərvətin dadına yetməz.

İNCİMƏ

Əhdi-peyman gətirmişdim bu eşqə,

Dedin, - “ölüncə mən sənlə həmişə.

Qoymaram gözündən bir kiprik düşə”,

Ürəyimin qəm yarası, incimə.

***

Gecəni yatmıram, gözlərimdə qor,

Nə etibarsız bil, nə məni nankor.

Günahı özündə, tək özündə gör,

Budur sözümün nidası, incimə.

***

Sorağın gəlibdir bir yad baxışla,

Qara bulud olub doldum yağışla.

Bacara bilmirəm, məni bağışla,

Çoxdu bu eşqin xətası, incimə.

***

Bu sevgiyə bir də dönən deyiləm,

Çətin ki, bu eşqə bir də əyiləm.

Bu sevgini ürəyimdən silirəm,

Saxlamağın nə faydası, incimə.

***

Yol verməyir bu hallara qürurum,

Əbəs yerə əsəb yeyib yorulum.

Rəfiqəyəm, istəmirəm xar olum,

Deyim, əlvida qadası, incimə.

GECƏLƏR

Əzabı qurtarmır lal gecələrin,

Titrədir ruhumu xatirələrin.

Sübhün danı küsüb, açmır səhərin,

İnsaf elə, don gör, çəkirəm nələr,

Mənim ömrüm ömür deyil, gecələr.

***

Dolayıb boynuma salmısan şəri.

Əhdi danıb, üzün dönəndən bəri,

Artıb ürəyimin hər dərdi, səri,

Fikirdir həmdəmim səhərə qədər,

Mənim ömrüm ömür deyil, gecələr.

***

Əsdi taleyimə acı küləklər,

Soldu baharımda güllər, çiçəkıər.

Eh, nələr çəkirmiş tənha ürəklər,

Ürəyimdə kədər, gözümdə qəhər,

Mənim ömrüm ömür deyil, gecələr.

Hazırladı: Isa Ravan