Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

13 Oktyabr 10:27
137
Bəyəndim (1) Bəyənmədim (0)

İsa Rəvan

SƏN DEMƏ

Sevsən yaşat,sevməsən öldür qurtar,

Yollarında qara saçım ağarmış.

Deyərdim ki, zirvələri qar tutar,

Ürəyə də sən demə qar yağarmış.

***

Mən bilməzdim kədər nədir, qəm nədir,

Ağrı bilməz bir ürək var, məndədir.

Fələyin də çox oyunu dərdlidir,

Cənin cəfan hər dərdlərdən ağırmış.

***

Ya Rəbb, sonun sevin ceylə hər qəmin,

Vüsalına yetir bütün sevənin.

Qəlbin özü gözləyəndə həmdəmin,

Gözlər necə həsrət ilə baxarmış.

***

Hcran yaman, kaş ki, ömrü qısala,

Məhəbbətin daim adı ucala.

Öz eşqində yetişəndə vüsala,
Bir könülə bir dünya da sığarmış.

BAXA BİLƏYDİM

Yoxluğuma necə dözə bilərsən,

Kövrəlib ağlarsan, yoxsa gülərsən?

Mənsiz ömrün necə keçər görəsən,

Kaş ki, o ömrünə baxa biləydim.

Əmanət eşqimi satarsanmı heç?

Bir gün xəyalımla yatarsanmı heç?

Mənsiz arzulara çatarsanmı heç?

Kaş ki, o ömrünə baxa biləydim.

Özgə bir ürəyə satmadım səni,

Acı kədərimə qatmadım səni.

Necə yaşadarsan mənsiz-sən məni?

Kaş ki, o ömrünə baxa biləydim.

Can getsə də ruhum sənlə qalacaq,

Öz təmiz eşqinə laltək baxacaq.

Sevinclə-qəminə şahid olacaq.

İsasız ömrünə baxa biləydim.

OLMUR

Zorda həqiqət yox, kor gözdə işıq,

Zülmətdə axtarma yersiz yaraşıq.

Əzilmiş sümük də bitsə yapışıq,

Sınmış qəlb yarasın sarımaq olmur.

Yanaram oduna mənə yananın,

Yox olur ümidi çox vaxt gümanın.

Heyf ki, belədir hökmü zamanın,

Ötən hər xoş günü saxlamaq olmur.

Nə çoxdur cahanda arzu-diləklər,

Şad olmaq istəyən qəmli ürəklər.

Olsa da yanında huri mələklər,

Cavanlıq yaşını saxlamaq olmur.

Qismətlər müxtəlif, talelər fərqli,

Adam var sevincli, adam var dərdli.

Ömür də nə qədər olsa önəmli,

Həyatı əzabsız yaşamaq olmur.

Yox əlacı bircə ölüm sözünə,

Bir alovdur, alışırıq közünə.

Elə öyrədibdir həyat özünə,

Ay İsa, dünyadan heç doymaq olmur.

Rübabə Sahib

ƏLVİDA SEVDAM, ƏLVİDA

Gəldin, günüm gün olmadı,

Getdin də yerin dolmadı.

Daha yatmaz ipə-sapa,

Bu eşq lövbərin salmadı.

***

Sənsizlik diş ağrısıdır,

Sancısı keçmir e, keçmir!

Sabahı açaram deyə,

Anamın gözü su içmir.

***

Sükutun qayım-qənimdir,

Qayadırmı qəlbin, adam?!

Elə biganələşmisən?!

Elə bil yaddan da yadam!

***

Öləcəm səndən xəbərsiz,

Qaş-qabağın büzüləcək.

Özgələrdən sevgi uman,

Könlün nakam süzüləcək.

***

Həyatımda baş roldaydın,

Başın yeri baş olar da!

Bircə doyum vüsalının,

Yesiri oldum yollarda.

***

Çox sözüm var deyiləsi,

Gecdir, necə deyim, ömrüm!

Yoxluğunun xiffətindən,

Bitir, mil-mil itir ömrüm.

***

Heç kimə yovuşmur üzüm,

Sənsiz yox söhbətim-sözüm.

Şirin dilim, görən gözüm,

Əlvida sevdam, əlvida!

VÜSALSIZ EŞQİM

Adicə sevmədim səni, ay insan,

Pərvanə könlümün mumu eylədim.

Elə səpələdim ruhuma dən-dən,

Səhra taleyimin qumu eylədim.

***

Gəldin qənşərimə, gözüm köz oldu,

Bu eşqin qisməti təkcə “döz” oldu.

Bəxtimin damarı qaçdı, miz oldu,

Gör özüm-özümə, Allah, neylədim?!

***

Ülfətinə alışdığın qadınam,

Bir ömür pozulmaz əhdin, andınam.

Bir vaxt canşənliyin, indi yadınam,

Qovdum gəncliyimi, vaxtsız teylədim.

***

Sanki mən çaxçaxdım, sən də dəyirman,

Çat vermiş vüsalım boynuma fərman.

Gördüm bu eşqdə deyiləm dərman,

İstəyimin mində birin söylədim.

***

Burnumun dirəyi sızlayır sənsiz,

Peşiman arzular qalıb yüyənsiz.

Ay ömrüm, günlərin keçirmi mənsiz?

Mən ölümə ceydam biçdim, güllədim...

SƏNSİZ

Xəstəyəm, qayğını gəzirəm yenə,

Gözlərim tor görür, qabağı sənsiz.

Sən gedəli bu pəjmürdə bəxtimin,

Açılmır heç qaşı, qabağı sənsiz.

***

Bu məhəbbət nə bahaymış, nə baha,

Həsrətin Allaha ümidsiz vəha.

Dözmür canım yoxluğuna, gəl daha,

Heç bitmir ömrümün sınağı sənsiz.

***

Yoxsan, sanki həyat sısqalaşıbdır,

Ürəyim hamıya başqalaşıbdır.

Xoşbəxtliyim yuvarlanıb, aşıbdır,

Yadlaşıb vətənin torpağı sənsiz.

***

Hələ yasındayam, getdiyin yazın,

Getmir qulağımdan sevda avazın.

“Canımın özəyi” dediyin qızın,

Vallah, billah sönüb çırağı, sənsiz.

***

Kimsə sən ürəkdə olmur, ay ömrüm,

Yerin bircə zərrə dolmur, ay ömrüm.

O sevdiyin mələk gülmür, ay ömrüm,

Solub bət-bənizi, yanağı sənsiz.

***

Məhkumam eşqinə əbədi, yəni:

Hər gün bir başqa cür sevirəm səni.

Çox uzun daşımaz bu ruh bədəni,

Çünki tikiş tutmur, yamağı sənsiz.

***

Bir anlıq ölümdür, bir ömür cəmi,

Ölsəm, nəfəsində dəfn elə məni.

Rübabə Sahibin artıb sitəmi,

Yoxdur ev-eşiyə marağı sənsiz!