Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

22 Sentyabr 11:12
437
Bəyəndim (3) Bəyənmədim (0)

Mərahim Nəsib

ÖLÜRƏM

Qəribəm bu axşam, bu gecə kimi,

Ömür qəriblikdə keçir, ölürəm!

Sənin kipriyindən düşən damcılar,

Mənim ürəyimi deşir, ölürəm!

***

Zaman da o deyil, yaş da o deyil,

Ağrıdan ağaran baş da o deyil.

Bahar da o deyil, qış da o deyil,

Ən gözəl zamanlar köçür, ölürəm!

***

Uzaqdan bir xəyal boylanıb, baxır,

Buludtək göylərdən yaylanıb, baxır.

Ayrılıq ömrümün sonuna çıxır,

Beləcə vaxt-vədə uçur, ölürəm!

SƏN GEDƏNDƏN

İki damla yaş süzüldü,

Gözlərimin qarasından.

Sən gedəndə birdəfəlik,

Ürəyimin parasından.

***

Heç qalmadı bir kəsim də,

Susmuşam, gəlmir səsim də.

Ta kəsilib nəfəsim də,

Ciyərimin yarasından.

***

Yavaş-yavaş ömür köçdü,

Gözüm hey arxanca qaçdı.

Su keçmirdi, həsrət keçdi,

İkimizin arasından.

EŞQİNLƏ ÖLDÜR MƏNİ

Xəncəri vur ürəyimə,

Qorxma, dur öldür məni!

Al canımı, sənin olsun,

Gülüm, vur öldür məni!

***

Sənsizliyin nə mənası,

Qəlbə gir, öldür məni!

Min ömrümün köhləninə,

Eşqə sür, öldür məni!

***

Məhəbbətin diyarında,

Meh əsir, öldür məni!

Ruhum sənin vüsalına,

Tələsir, öldür məni!

Ülviyyə Eyyubova

BİR QADIN ŞEİR YAZIR

Bir qadın şeir yazır...

Gecəni yarı edən

saat əqrəblərində,

fikirləri yol azır.

Səssizlik rəqs eyləyir,

pəncərəsi tərləməz,

son ümid otağında.

Kitablar əsir qalıb,

dünəndən yığılmamış,

soyumuş yatağında.

***

Bir qadın şeir yazır...

Bir az ruhu göylərdə,

bir az cansız bədəndi.

Bir kəlmədən alışıb,

bir sükutdan sönəndi.

Bir də tərs damarı var,

doğru qəbul etdiyi,

yanlışlardan yapışıb,

nə sözündən dönəndi.

***

Bir qadın şeir yazır...

Qopsa da ətrafında,

qarlı, boranlı tufan.

Qalmasa da yanında,

bir hənirti, bir adam.

Töksə də boz buludlar,

göylərdən göz yaşların.

Uçursa da qayalar,

qəlbi qara daşların.

Qəlpələri kəssə də

əlindəki çatları,

getsə də yarı yolu

tək sərnişin qatarı.

Tutsa da tellərini,

Soyuq, şaxtalı sazaq.

Böyümür içindəki,

O balaca qızcığaz.

***

Bir qadın şeir yazır...

Qaranlıqda səmaya,

baxır xəyala dalır.

Milyon arzu dəfn olur,

Bir ulduz axışında.

Min möcüzə gözləyir,

Göy üzünün naxşında.

Bir gözəllik seyr edir,

Ayın gecə sığallı,

işıqlı baxışında.

İşıq düşür gözünə,

Bir az təbəssüm gəlir,

solğun, bəyaz üzünə.

Nurundan ilham alır,

qadın yuxuya dalır.

Ay yığıb ulduzları,

Gecəyə layla çalır!

BULUD

Lay bulud, lələk bulud,

Gözləri mələk bulud.

Götür məni bu yerdən,

Gözlərinə çək, bulud.

***

Uçan bulud, ağ bulud,

Götür məni özünə.

Yağış kimi, su kimi,

Səpələ yer üzünə.

***

Səpələ ilk arzumu,

Bir eşq çəmənliyinə.

Toxunmasınlar orda,

Sevgimə, mənliyimə.

***

Səpələ hər zərrəmi,

Günəşin sarıldığı

ən uca təpələrə.

Dənizi aldatmayan,

Ən təmiz ləpələrə.

***

Səpələ hər duamı,

Bir körpə qığıltısı

oyadan gecələrə.

Cavabı şükür dolu,

Sorulan necələrə.

***

Səpələ ümidimi,

İşıqları yanmayan

evlərin bacasına.

Şirin yağışlar kimi,

Dünyanın acısına.

HƏRDƏN

Hərdən yad oluram özüm-özümə,

Buraxıb əlimdən tutan budağı.

Sıxıram dərdləri özümə sarı,

Qorxuram incidər özgə baharı.

***

Hərdən təsəlliyəm özüm-özümə,

Qəlbimi incidən o nadanları.

Unudub, salıram yadıma bir-bir,

Gözəl sabahları, xoşbəxt anları.

***

Hərdən dost oluram özüm-özümə,

Sağ əlim solumdan möhkəm yapışır.

Sevinc göz yaşları süzülüb bu gün,

Dünənki kədərli yaşa qarışır.

***

Hərdən qoruyuram özüm-özümü,

Ucuz niyyətlərdən, yad baxışlardan.

İçində min hiylə, oyun gizlənən,

Qara tablolarda ağ naxışlardan.

***

Səni çox sevirəm, əzizim deyib,

Hərdən sarılıram özüm-özümə.

Hər halın gözəldir, doğmadı, vallah,

Qoymaram acı söz toxunsun sənə!

Hazırladı: İsa Rəvan

--